|
Paytaxt sakini səhvən əməliyyat olunduğunu deyir, nazirlik isə məhkəməni məsləhət görür

Bakı şəhər sakini Rzayev Allahverdi Pəhlivan oğlu redaksiyamıza gələrək şikayətlənib. 64 yaşlı şikayətçinin sözlərinə görə, Zəngilan rayonundan məcburi köçkün və əmək veteranıdır. Sağlamlığında yaranmış problemlərə görə o, ötən ilin sentyabr ayında belində yaranmış ağrılara görə əməliyyat olunub.

Lakin sonradan məlum olub ki, keçirdiyi əməliyyatın sağlamlığındakı problemlərə heç bir aidiyyəti olmayıb: “Ötən ilin sentyabrında belimdə kəskin ağrılar yarandı. Bununla bağlı Əhmədli qəsəbəsinə yerləşən Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Cərrah həkim Fuad Mirzəliyev mənim təcili əməliyyata ehtiyacım olduğunu dedi. Onun verdiyi sənədlə 3 saylı Sabunçu xəstəxanasına getdim və MRT-dən keçdim. Bu sənəd üçün həkimin mənə dediyi kimi, 90 manat pul ödədim. Həkim həmçinin bildirdi ki, əməliyyat üçün analizlərə 50 manat, əməliyyatın özü üçün ona 950 manat pul verməliyəm. Mən də sağlamlığımı itirməmək üçün borc-xərc edərək dediyi xərcləri çəkdim, 8 sentyabr tarixində əməliyyata girdim. Əməliyyatdan sonra həkim mənə bildirdi ki, iki aydan sonra tam sağalaraq sərbəst hərəkət edəcəksən. Lakin üstündən 8 ay keçməsinə baxmayaraq nəinki sağalmağa doğru getdim, hətta ağrılarım daha da artmağa başladı, ağır vəziyyətə düşdüm. Bununla bağlı həkimə yenidən müraciət edim, vəziyyətimi bildirdim. Həkimin dediyindən belə məlum oldu ki, əslində məndə başqa xəstəlik var. ”Bəs niyə məni əməliyyat edirdiz?" sualını verəndə həkim məni başından etdi. Arada mənim sağlamlığım və borc-xərc etdiyim 1000 manat getdi".

xeste.jpg (136 KB)

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı bir sıra aidiyyəti qurumlara müraciət edib: “Yaranmış vəziyyət ilə bağlı Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişəm. Səhiyyə Nazirliyindən mənə belə bir cavaba gəldi: ”Sizin müraciətlə bağlı verilən mütəxəssis rəyinə əsasən, tibbi yardımın göstərilməsi zamanı pozuntu hallarına yol verilməsi müəyyən edilməyib. Məsələ ilə bağlı narazı qaldığınız təqdirdə pozulmasını ehtimal etdiyiniz hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət edə bilərsiz". Aidiyyəti qurumlardan xahiş edirəm, mənim pozulan hüquqlarımın bərpası üçün yardım etsinlər. Bir daha qeyd edirəm ki, yanlış əməliyyat ucbatından həm sağlamlığım daha da pisləşib, həm də borc-xərclə tapdığım pul boş yerə sərf olunub".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin bir daha mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirdi ki, şikayətçi bu cür hallarda mütləq məhkəməyə müraciət etməlidir: “Əgər xəstə bu cür halla üzləşibsə, mütləq polisə və ya məhkəməyə, prokurorluğa müraciət etməlidir. Ortalıqda sübutlar olmalıdır ki, həqiqətən dövlət xəstəxanasında işləyən həkim xəstədən pul alıb. Bəlkə xəstə həkimə şər atır? Bunu ayırd etmək üçün məhkəmə müraciət mütləqdir. Ümumiyyətlə isə dövlət xəstəxanalarında əməliyyatlar pulsuz həyata keçirilir. Təkcə əməliyyat deyil, dövlət tərəfindən təsdiqlənmiş siyahı üzrə olan dərmanlar, yemək də pulsuzdur. Həmçinin xəstənin əlində sənəd olmalı idi ki, o doğrudan da əməliyyat olunmalıdır, ya yox. Bunun üçün qeydiyyatda olduğu poliklinikaya müraciət etməli idi. Xəstə şikayəti ilə bağlı bizim 9103 qaynar xəttinə də müraciət edə bilər”.