6 yaşlı ögey qızını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesinə hakim Tamila Nəsrullayeva sədrlik edib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror E.Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Elnar Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Hacıyev birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Samirə Yarıyevayanın 6 yaşlı qızı Ramilə Abdulxaliqovanın ölümünə görə həbs olunub. İttihama görə, uşağın ölümünə səbəb də bu olub ki, Hacıyevin ayaqlarını yuduğu ləyəni uşaq aparan zaman suyu dağıdıb. Hacıyev 6 yaşlı uşağın qulaqlarında tutaraq başını divara çırpıb. Ramilə baş nahiyyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə; ölümə səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, mərhum 6 yaşlı Ramilənin doğma anası Samirə Yarıyeva da həbs edilib. Ona Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.
Cia.az
