Məlum olduğu kimi, müstəqillik qazandıqdan sonra da bir müddət Azərbaycan telekanallarında rus dili öz mövqeyini qoruyub saxlayıb. Belə ki, rus dilində müxtəlif verilişlər hazırlanır, rus dilində kinofilmlər tərcüməsiz yayımlanırdı. Lakin illər sonra televiziya və radio efirlərində rus, eləcə də digər xarici dillərin efir məkanında tərcüməsiz verilməsinə qadağa qoyuldu.
Təbii ki, bu çox uzun çəkən, çətin bir proses idi. Bu zaman telekanallar daha asan çıxış yolu kimi türk dilində olan verilişlərə, xüsusən də türk seriallarına müraciət etməyə başladı. Lakin 2009-cu ildə MTRŞ bu məsələyə də müdaxilə etdi, türk seriallarının da dublyajsız efirə verilməsi yasaqlandı. Bu haqda qərar həm ictimaiyyətdə, həm sosial mediada geniş müzakirələrə səbəb oldu. Bəzi ekspertlər qeyd etdi ki, Türkiyə türkcəsini bizim üçün baryer saymaq olmaz. Çünki Azərbaycan tamaşaçısı Türkiyə seriallarını, proqramlarını çətinlik çəkmədən izləyir, anlayır.
Maraqlıdır ki, Türkiyə türkcəsində serialların, verilişlərin efir məkanında qadağasından sonra rus dili yenidən, yavaş-yavaş milli televiziyamıza ayaq açmağa başlayıb. Hətta tamaşaçıların şikayətlərindən belə məlum olur ki, son günlər Azərbaycan Dövlət Televiziyasında (AzTV-də) hansısa verilişlər rusca təqdim olunsa da, dəvət olunanlar rus dilində danışsalar da, çox vaxt tamaşaçılara heç bir tərcümə təqdim edilmir, əksinə, bəzi hallarda aparıcının özü də qonağa qoşularaq rus dilində danışır. Bütövlükdə sanki Türkiyə türkcəsinə deyil, rus dilinə bir doğmalıq müşahidə edilməkdədir. Bəs səbəb nədir?
Publisist Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür mövqe bildirdi: “Doğrusu, rus dilində verilişlər yayımlayan CBC telekanalı istisna olunmaqla, digər telekanallarda rus dilində verilişlərin şahidi olmamışam. AzTV-də uzun illərdir ki, xəbərlər proqramının rus və ingilis dillərində buraxılışı yayımlanır. Qeyd edim ki, yerli telekanalları mümkün qədər izləməyə çalışıram. Əgər hansısa telekanalda xarici dillərdə xüsusi buraxılışlar istisna olunmaqla, rus, yaxud hər hansı bir dildə danışılıbsa və bu tərcüməsiz, yaxud alt yazı olmadan efirə verilibsə, bu məsələyə artıq MTRŞ reaksiya verməlidir. Efir məkanında Azərbaycan dilinin qorunmasına müsbət yanaşıram”.

Lakin Elçin Mirzəbəyli qeyd etdi ki, Türkiyə türkcəsində olan filmlərin, yaxud serialların dublyaj edilməsinə müsbət yanaşmır: “Çox zaman belə dublyajlar uğursuz alınır. Amma alt yazı ilə verilməsini təqdir edirəm. Türk seriallarının Azərbaycan efirini zəbt eləməsini yerli istehsala ciddi maneə kimi dəyərləndirirəm. Düşünürəm ki, MTRŞ-nin türk serialları ilə bağlı qərarlarını da məhz bu kontekstdən qiymətləndirmək lazımdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan efirində rus dilində danışıqdan daha çox, kabel televiziyalarının yayımladığı telekanalların böyük əksəriyyətinin rus dilində olmasından narahatlıq keçirmək lazımdır: “Azərbaycan, xüsusilə də paytaxt sakinlərinin mütləq əksəriyyəti kabel televiziyalarının istifadəçiləridir. Bu televiziyalar isə abunəçilərə 5-6 türk, 2-3 ingilis dilində yayımlanan kanal təqdim edir. Rus dilində yayımlanan telekanalların sayı isə 100-dən çoxdur. Onların bir hissəsi Kremlin ”ideoloji zəhəri"nin istehsalı ilə məşğul olur".
Yazıçı-publisist Mehriban Vəzir isə problemi təsadüfi saymır və dövlət siyasətinə bağlayır: “Artıq yeni nəsil, özünü demokrat kimi təqdim edənlər öz övladlarını əsasən rus məktəblərinə verir, ailədə rus dilindən istifadə edirlər. Bu, fəlakətdir, yenidən işğal altına düşməkdir. Çünki işğal dillə başlayır. Dil əxlaq, mənəviyyat, bir millətin ruhudur. Bu, o deməkdir ki, artıq yenidən Azərbaycan xalqının ruhuna kəmənd atılır və o, yenidən işğala sövq edilir. Çox acı duyğularla, məyusluqla bunu izləyirəm ki, Azərbaycanda artıq rus dilini ikinci dövlət dilinə çevirməklə bağlı söhbətlər, müzakirələr gedir. Buna müqavimət çevrəsinin gücü çatmır, proseslər o qədər dərindir ki, bu prosesə hələ ki güc yetmir. Mətbuat da bu müqavimət prosesində iştirak etmək istəmir”.
Mehriban Vəzir də qeyd etdi ki, Türkiyə türkcəsində olan film və ya serialların dublyajla təqdim olunması kökündən yanlışdır: “Hələ yüz il bundan əvvəl Mirzə Ələkbər Sabir bu haqda demişdi: ”Osmanlıcadan türkcəyə tərcümə nə demək?". Osmanlı deyəndə o zaman Türkiyə türkcəsi, türk dili isə bizim dilimiz nəzərdə tutulurdu. Ona görə də bu məsələ yanlışdır. Hətta terminologiya məsələsində sipər kimi durublar ki, türk dilindən bizim dilə bir söz keçməsin. Ümumiyyətlə, məmurların əksəriyyəti türk sözü, türkçülük, Türkiyə mədəniyyəti ilə vuruş içərisindədir".
AzTV-nin mətbuat xidmətinin rəisi Xatirə Qasım isə tamaşaçıların şikayəti ilə bağlı məsələyə bu cür aydınlıq gətirdi:“AzTV-də rus dilində veriliş ancaq ”Kto, qde, koqda?" və rus dilində olan “Xəbərlər” verilişidir ki, həmin verilişlərdə də subtitrlərdə tərcümə olur. O ki qaldı rus dilində yayımlanan “Jara” musiqi festivalına, bu festival hələ ki tam şəkildə efirə getməyib. Tam efirə getdikdə mütləq tərcümə ilə veriləcək. Verilişlərdə qonaqlar rus dilli olan zaman da aparıcı mütləq söhbətin ümumi məğzini çatdırır və yaxud qonağın yanında tərcüməçi olur".
Cia.az
