Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə Dağlıq Qarabağ məsələsinin də diqqət mərkəzində olduğu barədə xəbər vermişik. Doğrudur, müzakirələrin detalları bəlli deyil. Lakin faktın özü politoloqlar tərəfindən pozitiv qiymətləndirilir. Hətta ehtiyatlı nikbinlik ifadə edib bu görüşün sülh danışıqlarına real töhfə verəcəyini proqnoz edən ekspertlər də var.
Gözlənildiyi kimi, Putin-Əliyev təması Ermənistanda təlaş doğurub. Erməni tərəfi həmişəki kimi ehtiyatlanır ki, Əliyev-Putin görüşündə Qarabağla bağlı hansısa birtərəfli anlaşma əldə oluna və Kreml onun reallaşması üçün İrəvana təzyiqlər göstərə bilər. Bu xüsusda çox maraqlıdır ki, məhz Soçi görüşündən dərhal sonra Ermənistan sülh danışıqlarına zərbə vuran növbəti təxribatçı addım atıb.
Belə ki, iki gün öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan “Qandzasar777" dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gedib. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda deyilir: ”Nalbəndyanın Kəlbəcər rayonuna getməsi və “Qandzasar777" dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı ”Qandzasar" deyil, Gəncəsərdır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur və bu Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən bu tutarlı faktlarla sübut edilib".
“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, İrəvan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarını ilhaq etmək siyasətini həyata keçirir”, - deyə XİN sözçüsü Hikmət Hacıyev vurğulayıb.
*****
Gerçəkdən də, məhz prezidentlərin Soçi görüşündən sonra erməni nazirin işğal altındakı Kəlbəcərə getməsi Bakı ilə yanaşı Moskvaya qarşı da təxribatçı bir gedişdir və əslində Rusiyanın sülh səylərinə etiraz formasıdır.
“Soçi danışıqlarından sonra cəbhədə atəşkəs rejiminin pozulması hallarının artdığını müşahidə edirik. Bu, onu göstərir ki, ermənilər Azərbaycan və Rusiya prezidentlərinin görüşündən çox pərişandırlar”. Musavat.com-un məlumatına görə, bunu axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
Onun sözlərinə görə, Rusiya hökumət orqanlarında yerləşən erməni məmurları Azərbaycanla Rusiya arasında olan istiləşmə prosesinə zərbə vurur: “Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşündə iki ölkə arasında olan əlaqələr müzakirə olunub. Bu görüşdə müzakirə olunan məsələlərdən biri də Rusiyanın hökumət orqanlarında ermənilərin sayca çoxluq təşkil etməsi, onların Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə, bütövlükdə sülh yaratmaq prosesinə ciddi əngəllər törətməsidir. Rusiyada olan mətbuat orqanları, müxtəlif hökumət orqanlarında erməni tərəfinin lobbiçilik həyata keçirdiyi qeyd edilib. Lobbiçilik əməliyyatına həm də Rusiya xarici işlər naziri erməni mənşəli Sergey Lavrovun da başçılıq etdiyi bildirilib. Nümunə kimi deyə bilərəm ki, Sergey Lavrov mətbuat konfranslarından birində jurnalistlərə verdiyi cavabda Dağlıq Qarabağın tək Azərbaycanın daxili işi olmadığını dilə gətirmişdi. Eləcə də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir müddət Azərbaycanı Rusiyanın erməni əsilli vətəndaşlarını qəsdən deportasiyada günahlandırmışdı. Bakı artıq aydınlıq gətirib ki, cəmi 17 nəfər deportasiya edilib, 1 nəfər isə həbs edilib. Deportasiya edilənlərin hamısı ermənilər olub. Heç bir azərbaycanlının Ermənistana getməsi mümkün deyil, amma ermənilər müxtəlif vətəndaşlıqlar adı altında Azərbaycana axın etmək istəyirlər. Bu bizim milli təhlükəsizliyimizə təhdiddir”.
Politoloq əmindir ki, ermənilər müxtəlif vasitələrlə Rusiya-Azərbaycan yaxınlaşmasına əngəl yaratmağa çalışır: “Biz danışıqlardan sonra cəbhədə atəşkəs rejiminin pozulması hallarının artdığını müşahidə edirik. Bu onu göstərir ki, ermənilər Azərbaycan və Rusiya prezidentlərinin görüşündən çox pərişandırlar. Atəşkəs rejimini pozmaqla bir növ Rusiyaya göz dağı vermək istəyirlər, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın ”təcavüzkar niyyəti" barədə uydurma məlumatlar ötürməklə məşğuldurlar. Azərbaycan öz torpaqlarında oturub. Təcavüzə məruz qalan tərəf olaraq erməni əsgərinin burada nə işi olduğunu soruşmaq lazımdır. Atəşkəs rejiminin intensiv olaraq pozulması onu göstərir ki, buna həmişə ermənilər təşəbbüskar olur. Bununla da ermənilər hansı məntiqə qulluq etdiklərini açıq şəkildə göstərirlər".
Politoloq hesab edir ki, Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, eləcə də iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini xatırladan Q.Hüseynli onu da bildirib ki, son zamanlar münaqişənin həllində BMT-nin, eləcə də ATƏT-in fəallığı xeyli artıb.
“Belə xarici təşəbbüslər fonunda Rusiyanın Cənubi Qafqazdakı mövqeyi, imici ciddi ziyan çəkə bilər. Dağlıq Qarabağın statusu məsələsində həm ruslar, həm də ermənilər həddən artıq müzakirələr aparırlar. Bu baxımdan, hesab edirəm ki, Rusiya prezidenti bundan sonra Ermənistan prezidentini qəbul edəcək və bu məsələləri onunla da müzakirə edəcək. Çünki əsas məsələ ümumi kompromisin əldə edilməsidir”, - deyə o qeyd edib.
Politoloq güman edir ki, Rusiya aprel döyüşlərindən sonra olduğu kimi, Soçi görüşündə də status-kvonun dəyişdirilməsinə, lazımi kompromisləri əldə etməyə çalışacağına söz verib.
