|
Prezident İlham Əliyevin möhtəşəm layihəsi -

Milli Mətbuat günü ilə bağlı bu gün yeni tikilən “Jurnalistlər evi”nin açılışı olacaq və dövlət başçısı daha bir binanın təməlinin qoyulması mərasimində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunmuş jurnalistlər arasında “Yeni Müsavat” Media Qrupunun üç əməkdaşı da var. Bunlar “Yeni Müsavat” qəzetinin redaktoru Zahid Zəfəroğlu, müsavat.com saytının redaktoru Xalid Kazımlı və qəzetin parlament müxbiri Elşad Paşasoydur. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu dövlət başçısının möhtəşəm hesab etdiyi bu layihəsində ev alan üç əməkdaşını təbrik edib. R.Arifoğlu deyib ki, dövlət başçısının bu gözəl təşəbbüsü Milli Mətbuat günü ərəfəsində evə ehtiyacı olan jurnalistlərə ən gözəl hədiyyədir. R.Arifoğlu dövlət başçısına təşəkkür edərək ev alan jurnalistləri təbrik edib. Qeyd edək ki, jurnalistlər üçün inşa olunmuş birinci binadan da “Yeni Müsavat”ın üç əməkdaşı ev alıb.

Yeni binadan ev alanlar sırasında “APA Holding”in altı əməkdaşı var.


APA-nın məlumatına görə, APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev, APA-nın redaktoru Gülşən Hacıyeva, agentliyin müxbiri Hafiz Heydərov, “Apasport”un baş direktoru İxtiyar Əsgərov, lent.az saytının redaktoru Kəmalə Quliyeva və vesti.az saytının redaktoru Fərid Teymurxanlı da mənzillə təmin olunub.


“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı jurnalistlərin dövlət tərəfindən təmənnasız olaraq evlə təmin olunmasını yüksək qiymətləndirib: “Şirkətimizin altı əməkdaşı və hazırda bizimlə əməkdaşlıq edən daha bir neçə tanınmış imza sahibi də evlə təmin olunub. Məlumatlardan aydın olur ki, evlərin verilməsində ədalətlilik prinsipinə əməl olunub, illərlə kirayədə yaşayan və mediada gerçəkdən xidməti olan xeyli həmkarımz ev sahibi olublar. İllərini kirayələrdə keçirmiş, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı, eyni zamanda haqqı olan həmkarlarımızın yurd-yuva sahibi olması böyük savab, haqqın və əməyin qiymətləndirilməsidi. Buna görə prezident İlham Əliyevə təşəkkür edirəm”.


Qeyd edək ki, jurnalistlər üçün inşa olunmuş birinci binadan da “APA Holding”in 5 əməkdaşı mənzillə təmin olunmuşdu.


Jurnalistlər üçün inşa edilmiş çoxmərtbəli yaşayış binasından mənzil alan KİV əməkdaşları arasında haqqin.az və virtualaz.org saytlarının əməkdaşları da var. Prezidentin bu yüksək mükafatına, hədiyyəsinə layiq görülənlər virtualaz.org saytının siyasət redaktoru Fərhad Məmmədov və haqqin.az saytının baş direktoru Yusif Əliyevdir. Belə ki, onlar redaksiyanın mənzil bölgüsü üçün təqdim etdiyi namizədlər arasında yer alırdı. Prezident redaksiyanın müraciətini nəzərə alıb və uzun illərdir mətbuatda çalışan həmin əməkdaşlara ev hədiyyə edib.


Habelə prezident İlham Əliyev haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevə də ayrıca olaraq mənzil hədiyyə edib.


“Redaksiya adından bütün qəlbimizlə cənab prezidentə təşəkkür edirik və ümid edirik ki, jurnalistlər üçün təməli sabah qoyulacaq üçüncü binada gələcəkdə ev alacaq KİV əməkdaşlarının sırasında mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qalan həmkarlarımızın, o cümlədən redaksiyamızın əməkdaşlarının da adlarını görə biləcəyik.


Redaksiya Prezident Administrasiyasının məsul şəxsləri də daxil olmaqla, mənzillərin bölgüsünü maksimum obyektiv şəkildə həyata keçirən xüsusi komissiyanın üzvlərinə də öz minnətdarlığını çatdırır" deyə, redaksiyanın adından yayılan minnətdarlıqda bildirilib.


Mənzil alanların siyahısında Jalə Mütəllimova (APA), Aygün Muradxanlı (Yeni Müsavat), Aqil Ələsgər (Yenicag.az), Hüseynbala Səlimov (müstəqil), İlkin Fikrətoğlu (ATV), Zülfüqar Xeyirxəbər, Qafar Çaxmaqlı, Yusif Rzayev (525-ci qəzet) Seyfəddin Hüseynli (525-ci qəzet), Mübariz Əsgərov (keçmiş “Qulp”un aparıcısı), Fəxri Uğurlu, İmran Bədirxanlı, Qabil Abbasoğlu kimi tanınmış qələm adamlarının da adı var.


Ev alan bütün həmkarlarımızı təbrik edirik.


“YM”