Londonda 2006-cı ildə keçmiş KQB polkovniki, Rusiya xüsusi xidmət orqanları tərəfindən radioaktiv maddə ilə şüalandırılaraq qətlə yetirilən Aleksandr Litvinenkonun işi üzrə məhkəmə prosesinin növbəti gedişində bir neçə sensasion detal üzə çıxıb.
ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, bu cinayət işi üzrə ictimai məhkəmə dinləmələrində A.Litvinenkonin həyat yoldaşı Marina Litvinenko deyib: "Ərim danışırdı ki, ona Rusiya oliqarxı Boris Berezovskini öldürməyi təklif etdilər, lakin mən bundan imtina etdim və bunu rədd etdim."
Onun sözlərinə görə, A.Litvinenko düşünürdü ki, Sovet Dövlət Təhlükəsizliyi Komitəsinin varisində - Federal Təhlükəsizlik Xidmətində korrupsiyanın ictimai ifşası ilə çıxış etdiyi üçün ya onu öldürəcəklər, ya da həbs edəcəklər.
Məhkəmədə çıxış edən M.Litvinenko bildirib ki, onun əri şikayətləri Federal Təhlükəsizlik Xidmətinin başçısı olmuş və hazırda Rusiya prezidenti olan Vladimir Putinə şəxsən göndərirdi.
Xatırladaq ki, A.Litvinenko 2000-ci ildə Britaniyaya qaçıb və bu ölkənin Mİ6 kəşfiyyat xidməti ilə əməkdaşlığa başlayıb. 2006-cı ilin noyabrında isə 43 yaşında əzab-əziyyətlə ölüb. Böyük Britaniya hakimiyyəti bu qətlin Rusiya kəşfiyyatı tərəfindən təşkil edildiyini sübuta yetirib.
