|
Qarabağ məsələsi Rusiyanın, yoxsa ATƏT-in nəzarəti altındadır?

Rusiyanın Dağlıq Qarabağ münaqişəsini tam nəzarətdə saxladığı, Cənubi Qafqazda hökmran mövqeyə malik olduğu barədə ictimai rəyin getdikcə möhkəmləndiyi sezilir. Politoloq Qabil Hüseynli isə hesab edir ki, əslində bu, üzdə olan görüntüdür, dərindən təhlil edildikdə bir qədər fərqli vəziyyətin olduğu meydana çıxır.


Politoloq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq çoxdan beynəlxalq xarakter daşımağa başlayıb: “Bu gün Dağlıq Qarabağ məsələsi BMT-nin və ATƏT-in daha çox nəzarəti altındadır. ATƏT-in Minsk Qrupunun yaradılması BMT-nin mandatı əsasında həyata keçirilib. İndi Minsk Qrupu fəal olmasa da, prosesləri başa çatdırmaq üçün beynəlxalq hüququn bütün növlərindən istifadə etməyə cəsarəti çatmasa da, hər halda, nizamlama prosesi ATƏT və onun yaratdığı Minsk Qrupunun əlindədir. Minsk Qrupunun həmsədri olan dövlətlər isə ABŞ, Rusiya və Fransadır. Sadəcə olaraq, son vaxtlar Rusiya beynəlxalq münasibətlərdə daha fəal görünməyə başlayıb. Ən azından bu fəallığın görüntüsünü yarada bilib. Rusiya yenidən fövqəldövlət olmağa can atır və bu səbəbdən də postsovet məkanındakı bütün münaqişələrə, əsasən də Moldovadakı Dnestryanı, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya, Ukraynadakı Krım və Dombas, Azərbaycandakı Dağlıq Qarabağ probleminə müdaxilələrini səngitmir. Bu prosesləri Rusiya öz nəzarəti altında saxlamaq üçün həmin münaqişə bölgələrinin bəzilərində oyuncaq rejimlər yaradıb. Dağlıq Qarabağ münaqişəsində isə Ermənistanı özünün strateji niyyətlərinin alətinə çevirib və bilavasitə Ermənistan vasitəsilə Dağlıq Qarabağ məsələsini də nəzarət altında saxlaya bilir. Amma hansı formada olursa-olsun proses sülh mərhələsinə gəlib çatsa, o, yenə də beynəlxalq təşkilatların, birinci növbədə ATƏT-in və BMT-nin təsiri olmaqla ATƏT-in Minsk Qrupu çərçivəsində öz həllini tapacaq. Nizamlama prosesi bilavasitə ATƏT-in çətiri altında həyata keçiriləcək. İndi real vəziyyət belədir ki, bəli, Dağlıq Qarabağ prosesinə Rusiya təsir etmək üçün müxtəlif həm siyasi, həm də hərbi xarakterli manevrlər edir. Məsələn, Ermənistanı suveren hüquqlarından məhrum edərək oyuncaq bir dövlətə çevirib, guya müstəqil olan bu ölkənin sərhədlərini rus qoşunları qoruyur, ərazisindəki müəssisələrin demək olar hamısı Rusiyanın nəzarəti altına keçib, Ermənistan ordusunun təchizatı da Rusiyanın hesabına həyata keçirilir. Bir sözlə, Ermənistan dövləti bütünlüklə Rusiyanın maddi və siyasi dotasiyaları hesabına ayaq üstə dura bilir. Bu səbəbdən də Dağlıq Qarabağ probleminin həllində açarların Rusiyanın əlində olması barədə görüntü yaranır. Bəli, Rusiya Ermənistana istənilən şeyi diktə edə bilir. Həmin diktənin sayəsində də belə təsəvvürlər formalaşa bilir ki, guya Rusiya bu bölgədəki münaqişələrlə bağlı hər şeyi edə bilər”.


Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın belə görünməsinə səbəb yaradan amillərdən biri də Minsk Qrupuna həmsədr dövlətlərdən ABŞ-ın və Fransanın proseslərə zəif müdaxiləsidir: “Fransa münaqişənin nizamlanmasına öz töhfəsini vermir. ABŞ-da yeni prezidentin seçilməsi ilə Amerikanın dünyada statusunda bir dəyişiklik hiss edilməyə başlayıb. ABŞ xarici siyasətində əvvəlki hücumçu mövqeyindən sanki imtina edib. Bu, şüurlu surətdə imtina deyil, səriştəsizlikdən və siyasi iradənin zəifliyindən doğan bir vəziyyətdir. Amma həmişə belə olacağını söyləmək mümkün deyil. Cənubi Qafqaz ABŞ-ın strateji maraqları sırasına daxildir. Amma sadəcə, bu strateji maraqları reallaşdırmaq üçün hələ ki sözdən o tərəfə keçilmir. Yaranan boşluq isə Rusiya tərəfindən çox sürətlə tutulur. Rusiya Ermənistan vasitəsilə bütün bölgəni destablizə etməyə cəhd göstərir və qismən də nail olur, bölgəni nəzarətində saxlayırmış kimi görünə bilir. Amma bu, o demək deyil ki, Rusiya Gürcüstanı və Azərbaycanı da Ermənistan kimi tamamilə nəzarətdə saxlaya bilir. Zaman keçdikcə Rusiyanın bölgədə təsir imkanlarının zəifləməsi, təsir imkanlarının beynəlxalq qurumlara, eləcə də dünyanın aparıcı dövlətlərinin nəzarəti altına keçməsi ehtimalı kifayət qədər yüksəkdir”.