|
“Trampın Rusiya ilə əlaqəsi məsələsi artıq tüstü deyil, alovun özüdür”- Qərb mətbuatı

Qərb mətbuatı ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın prezident yarışı zamanı rusiyalı vəkil Nataliya Veselnitskaya ilə görüşünü az qala vətənə xəyanət kimi qələmə verir.

Xəbər verildiyi kimi, 2016-cı ilin iyul ayının 3-də kiçik Tramp Rusiya hökumətinin vəkili Nataliya Veselnitskaya ilə görüşüb və iddialara əsasən Veselnitskaya ona həmin görüşdə atasının seçkilərdəki əsas rəqibi Hillari Klintonun nüfuzuna xələl gətirəcək informasiyalar verib.

“The New York Times” qəzeti rusiyalı qadın vəkilin verdiyi informasiyasnın yüksək səviyyəli və olduqca məxfi olduğunu , bunun da Rusiyanın Trampa verdiyi dəstəyin əlaməti kimi qəbul edildiyini yazır.
Qəzet görüşlə bağlı olaraq Tramp administrasiyası və ailəsinə atəş püskürüb:

“Özünə heç olmasa bir az hörmət edən seçki qərərgahı həmin vaxt görüşlə bağlı dərhal FTB-yə məlumat verərdi. 2000-ci ildə Albert Qorun seçki qərərgahı da Corc Buşla bağlı məxfi materiallar aldığı zaman məhz belə hərəkət etmişdi”.
Qəzet deyilən bu sözlərin Ağ Evin indiki rəhbərliyi üçün artıq olduğunu düşünür:

“Çünki prezident Trampın dünyasında əxlaq və etika yalnız zəiflərin sığına biləcəyi anlayışlardır”.

“The New York Times” qəzetinin digər məqaləsinin başlığı isə belədir: “Kiçik Donald Tramp və saxtakarlıq mədəniyyəti”.

Qəzet məlum görüşdə Trampın oğlu ilə bərabər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin də baş müşaviri olmuş, sonradan bir müddət Donald Trampın seçki qərərgahına rəhbərlik edən Pol Manafortun və Trampın kürəkəni Cared Kuşnerin də iştirakını təsadüf hesab etmir. O, bu fakın xüsusi prokuror Rober Müllerin də diqqətinə düşdüyünü yazır.
Bundan başqa, jurnalistlər kiçik Trampın bir-birilə zidd olan açıqlamalarına diqqət yetiriblər.

“Şənbə günü o, vəkil Nataliya Veselnitskaya ilə görüşünün əsas mövzusunun rus uşaqlarının amerikalılar tərəfindən övladlığa götürülməsi ilə bağlı olduğunu deyirdi.

Cəmi bir gün sonra isə Veselnitskayanın həqiqətən Klintonun nüfuzuna zərbə vuracaq informasiya vermək istədiyi barədə xəbərlərin doğru olduğu ortaya çıxdı və, o, həmin məlumatların tamamilə yararsız olması səbəbindən əsas söhbətin yenə də övlaqdlığa götürülmə ətrafında getdiyini söylədi.

“Sonuncu bəyanat onu göstərir ki, kiçik Donald Tramp görüşə məhz Hillari Klintonun nüfuzuna zərbə vuracaq kompromatın arxasınca gedibmiş. Bu, bir daha onun atasının həqiqəti insanlardan nə dərəcədə gizlətdiyini nümayiş etdirir. Hakimiyyətdə olduğu 6 ay ərzində Tramp onsuz da informasiyaların təhrifindən tutmuş ağ yalanlarına qədər saxtakarlığın bütün rekordlarını vurub keçib. Bu müasir prezidentlik tarixində görünməmiş hadisədir”, - məqalədə deyilir.

The Washington Post özünün “Rusiyanın müdaxiləsi məsələsi artıq tüstü deyil, od-alovun özüdür”, - adlı məqaləsində bununla bağlı bütün şübhələrin yox olduğunu bildirir.

Qəzet son hadisənin prezidenti mətbuata qarşı əsas arqumentdən - hər şeyin quraşdırılmış yalan olduğuna dair ritorikadan məhrum etdiyini yazır.

Yazı müəllifləri Rusiya agentlərinin məhz kiçik Donald Trampdan (daha doğrusu, onun atasından) aldıqları cəsarətlə Klinton əleyhinə haker kampaniyasına start verdiyini iddia edirlər.

“The Washington Post” adı sonuncu qalmaqalda hallanan Nataliya Veselnitskayanın da fikirlərini öyrənməyə müvəffəq olub.
Xanım vəkil Donald Trampın oğlu ilə görüşmək barədə heç kimdən göstəriş almadığını söyləyib.

“Başdan ayağa yalandır. Öz Trampınızla nə edəcəyinizi bilmirsiz, ona görə bu cür yalan hekayələr uydurursunuz”, - Veselnistkaya qəzetə deyib.

Maraqlıdır ki, xanım Veselnitskaya Trampla tamam başqa səbəbdən görüşdüyünü bildirib. O, uzun müddətdir ki, ABŞ-da “Maqnitski qanunu”na görə sanksiyalara məruz qalan rusiyalıların mənafelərini təmsil etdiyini söyləyib. Onlardan bri də Rusiya dəmir yolları şirkətinin vitse-prezidenti Pyotr Katsıvın oğlu Denis Katsıvdır. Rusiyalı vəkil Katsıvlə bərabər bir neçə rusiyalı sahibkara məxsus olan “Prevezon” şirkətinin mənafelərini müdafiə etdiyini bildrib. Həmin şirkət Rusiyada qeyri-qanuni yollarla qazanılan pul vəsaitlərinin ABŞ-da leqallaşdırılması ilə ittiham olunurmuş.

Katsıvın işi ilə bağlı təhqiqatı isə Nyu York prokuroru Prit Bharara aparıb. Lakin Bharara naməlum səbəblərdən 2017-ci ilin martında Tramp tərəfindən işdən çıxarılıb. P.Bharara sonradan 2007-ci ildə Rusiya büdcəsindən oğurlanan külli-miqdarda pulun məzh Katsıvın şirkəti vasitəsilə ABŞ-da yuyulduğunu bildirib.

Bundan başqa, mətbuat Nataliya Veselnitskayanın vəkil olmazdan qabaq Podmoskovye vilayət prokurorluğunda çalışdığına da diqqət yetirib.

Musavat.com