|
Heyvandarlıq məhsulları 12,5 faiz bahalaşıb

Bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşıb. Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz artıb.

Məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz artıb: "Bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5% ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb. Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib".

Bundan başqa, iyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşıb, süd və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.