|
Azərbaycanda qətliam kimi qəza:

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.
Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.

****

Ələt-Astara magistralında "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı yük maşınına çırpılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında baş vermiş dəhşətli qəzada ağır yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib.

Hadisə yerində isə 3 nəfər ölüb.

Bildirilir ki, qəzada ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.

Vəfat edənlərdən ikisinin şəxsiyyətini hələlik tam dəqiqləşdirmək mümkün olmayıb.