|
Amerika Şimali Koreya ilə hərbi qarşıdurmaya yaxınlaşır

Pxenyanın 11 min kilometr uça bilən raketlər kəşf etməsi Vaşinqtonu çətin seçim qarşısında qoyur


İyulun 4-də Şimali Koreya qitələrarası raket sınağı keçirib. Dövlət televiziyası sınağın uğurlu olduğunu, “Hwasong-14" raketinin ”dünyanın istənilən nöqtəsini vura biləcəyini" bəyan edib. BBC-nin məlumatına görə, ABŞ ekspertləri bu raketlərin imkanlarının deyildiyi qədər olmadığını, amma ABŞ-ın Alyaska ştatını vura biləcəyini qeyd edirlər. Şimali Koreya bundan 5 il əvvəl 2012-ci ildə "KN-08" və "KN-14" adlı qitələrarası raketlərin sınağını keçirib.


Qeyd edək ki, Şimali Koreya 1984-cü ildə raket sınaqlarına start verib, 2006-cı ildə isə “nüvə dövləti” olduğunu elan edib. Pxenyanın nümayiş etdirdiyi yük maşınına yerləşdirilmiş "KN-08" raketləri 3 mərhələli uçuş həyata keçirərək 11 500 km məsafəni vura bilmək qabiliyyətindədir. "KN-14" raketləri isə 10 min km məsafəni vura bilir. Ancaq bu raketlər hələlik sınaqdan keçirilməyib. İki gün əvvəl sınaqdan keçirilən “Hwasong-14" raketlərinin imkanları dəqiq bilinmir.


Qitələrarası raketlər “soyuq müharibə” dövründə dövlətlərin əsas güc simvoluna çevrilib. Adətən nüvə başlıqları daşıyan bu raketlər uzaq hədəflərə dağıdıcı zərbələr vurmaq gücündədir. Mediada gedən məlumatlara görə, ABŞ-ın hazırda 450 ədəd, Rusiyanın 369 ədəd, Çinin isə 55-65 ədəd qitələrarası ballistik raketləri var. Bu raketlərin hər biri nüvə başlığı daşımaq gücündədir. Quru və ya maye yanacaqla çalışan bu raketlər atmosferə atılır və təyin olunmuş hədəfin üzərində partladılır. “Soyuq müharibə” zamanı dövlətlərin bir-birinə hücum etməməsini təmin edən məhz bu raketlər idi, çünki hər iki tərəfin əlində yüzlərlə bu cür tətikdə olan raketlər vardı və onların atılması hər iki tərəfin məhv edilməsi anlamına gəlirdi.
Koreya ilk raketlərini Misirdən alıb, ancaq ötən 40 il ərzində özünün yeni raketlərini istehsal edib və bunların bir qismini sınaqdan keçirib. Son olaraq ötən il Cənubi Koreya və Yaponiyanın böyük bir hissəsini vurmaq iqtidarında olan 2500, bəzi mənbələrə görə 3200 km məsafəyə uça bilən raketləri sınaqdan keçirib. Ancaq son sınaqlar artıq Koreyanın uzaq məsafələrə zərbə endirə biləcək gücə sahib olub.


ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Şimali Koreyanın sınaqdan keçirdiyi raketlər qitələrarası raketlər olub. O, raket sınaqlarının ABŞ-a qarşı təhdidlərin artması kimi dəyərləndirib və Amerikanın nüvə silahına malik Şimali Koreyanı qəbul etməyəcəyini bildirib. Çərşənbə günü axşam (Bakı vaxtı ilə gecə) BMT TŞ üzvü 15 ölkənin iştirakı ilə toplantı keçiriləcək.

Artıq Çin və Rusiya da Şimali Koreyaya müraciət edərək nüvə sınaqlarını, ABŞ-ı isə hərbi təlimləri dayandırmağa çağırıb. 
Gözlənilir ki, BMT TŞ-nin toplantısında ABŞ Şimali Koreyaya qarşı növbəti sanksiyalar barədə layihə irəli sürəcək. Ancaq indiki vaxtda Rusiya və Çinin Şimali Koreyaya qarşı sərt qərarların alınmasına dəstək olacaqları inandırıcı deyil. Vəziyyətin bu halı alması Amerikanın Şimali Koreyaya müdaxiləsinə səbəb ola bilər. Doğrudur. Indi bu plan çox riskli görünür, xüsusən də son raket sınağından sonra Pxenyanın ABŞ və müttəfiqlərinə zərbə endirmək imkanları daha da artıb. Xüsusən də ABŞ-ın regionda ən yaxın müttəfiqi olan Yaponiya və Cənubi Koreya hazırda ABŞ-ın əsas müttəfiqidir. Üstəlik, ABŞ-ın o regionda əsas hərbi bazaları Yaponiya adalarında yerləşir. Şimali Koreyanın artıq qitələrarası raket sınaqdan keçirməsi göstərir ki, Pxenyan sürətlə nüvə dövlətinə çevrilir və “beynəlxalq toxunulmazlıq” əldə etməyə çox yaxındır. Çünki qeyd etdiyimiz kimi, nüvə başlığı və qitələrarası raketlər dövlətlərin beynəlxalq təhlükəsizlik təminatıdır. ABŞ-ın bundan sonra addımının nə olacağı maraq doğurur. Vaşinqton daha sərt sanksiyaları gündəmə gətirir, ancaq sınaqlardan sonra bunun nə qədər işə yarayacağı dəqiq deyil. Proses davam etdikcə, ABŞ Şimali Koreya ilə hərbi qarşıdurmaya bir az da yaxınlaşır.