|
Qənirə Paşayevaya qarşı kampaniya aparanlar kimlərdir, məqsədləri nədir?

“Sosial mediada bir qrup tərbiyəsiz var, adımdan yalanlar yazır. Demədiyim sözləri guya mən demişəm kimi yazırlar. Harada, kimə demişəm bilən yox”.


Millət vəkili Qənirə Paşayeva bu sətirləri özünün sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Xanım deputat ünvanına şər-böhtan yağdıranlar haqqında daha sonra bunları bildirib: “Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı, bilmirəm, amma mənim çoxdur. Mən Azərbaycan Türküyəm. Çox şükür, əslimi-nəslimi də bilənlərdənəm. Bu günə qədər də əlimdən nə gəlibsə də, ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm: bu qədər çirkinləşməyin! Amma təbii ki, bu mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz”.


Q.Paşayeva onu qəzəbləndirən məsələ barədə bunları bildirib: “Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan, Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra bir adamın hamının yanında yaxınlaşaraq türkcə ”siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm" deyib əlini uzatdıqda hər kəsin içərisində “pasportunuzu verin, baxım görüm sizin adınız-familiyanız nədir” deməliydimmi? İndi həmin vaxt tədbirdən yayılmış şəkillərin içindən seçib başına adımdan yalan yazılar yazıb paylaşıb guya mənə zərər vurmaq istəyən mənəviyyatdan yoxsul bəzi insanlar! Bir də ki, çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən, xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu, onu da bilmirəm... Hər halda, mən eşitməmişəm..." Deputat ardınca bunları yazıb: “Heç nə demirəm, keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız, bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır dərsi keçmək üçün mənəvi haqqınız vardı deyərdim...”


Q.Paşayevanın şəxsinə, fəaliyyətinə yönəlik qarayaxma kampaniyasına verdiyi reaksiyaya çoxsaylı insanlar münasibət bildirib, bu kampaniyanı aparanlar lənətlənib. Ona dəstək verənlərə xanım deputatın sonrakı münasibəti də maraqlıdır: “Təşəkkürlər sözləriniz üçün, dostlar! Amma kişi kimi öz adını yazmayıb ümumi bir adla səhifə açıb kimlərinsə adından yazı yazanları sabah məsuliyyətə cəlb etsələr, bəziləri deyəcək ”bəs, söz azadlığı?" Söz azadlığı başqasının adından yalan yazmaq deyil... Bəli, gerçəkdən də bəzi ölkələrdə olduğu kimi, bizdə də sosial media, sosial şəbəkələrlə bağlı qanunvericilik güclənməlidir. Yoxsa

bir adam ümumi adlarla 20-30 səhifə yaradıb yalanlar yayıb insanlara zərər vuracaqsa, bunun adı söz azadlığı deyil".
Qənirə Paşayeva ilə danışıb bu kampaniyanı aparanların məqsəd-məramlarının nə olması barədə onun münasibətini geniş şəkildə öyrənmək istədik. Lakin daim aktiv fəaliyyətdə olan, Azərbaycan həqiqətlərini dünya boyunca yaymaqdan usanmayan millət vəkilinin bu dəfə də ölkə xaricinə səfər etməsi və telefonunun şəbəkə xidməti xaricində olması səbəbindən əlaqə saxlaya bilmədik.


Qeyd edək ki, jurnalist İlhamiyyə Rza da xanım deputata qarşı təxribatı pisləyib. O, facebook statusunda yazıb: “Dəyərli vətəndaş (digər titullarını sadalamıram, çünki hamısı sırada bundan sonra gəlir) Qənirə Paşayevanı yaxından və uzaqdan tanıyanlar, zərrəcə vicdanı olanlar onun gördüyü işləri, niyyətini, zəhmətlərini görür və bilirlər. Görməyən, bilməyən kor və geri zəkalıdır demək ki... ona çamur yapışmaz. Böhtan, iftira kampaniyasına rəvac verən, həyata keçirənləri şiddətlə qınayıram. Ayıb olsun sizə! Bu məmləkətdə insanlara canı yanan, ölkənin təəssübünü çəkən çoxmu millət vəkilli var? Niyə olanları da qırmaq istəyirsiniz? Məqsədiniz nədir? Kimə xidmət edirsiniz?”


“Yeni Müsavat”a açıqlamasında isə İlhamiyyə Rza dedi ki, Qənirə xanımla bu mövzuda iki gün əvvəl geniş danışmaq imkanı əldə edib: “O, səfərdən dönəndə bəlkə müsahibə də hazırladım. Təfərrüatları ancaq özü danışa bilər. Amma hər dəfə AŞ PA-da türk təəssübkeşliyi ilə kəskin çıxışlar edəndən sonra buna bənzər anonim və predmetsiz hücumlara məruz qalır. Məsələn, sosial şəbəkədə kimlərsə səhifə açıb Qənirə xanım haqqında paylaşımlar edirlər. Əvvəla, bunu anonim yazırlar. İkincisi də heç bir mənbəyə istinad etmirlər. Qənirə xanımın demədiyi sözləri, etmədiyi işləri ”etdi", “dedi” kimi yazırlar". İ.Rza qeyd etdi ki, Qənirə Paşayeva Türkiyədə çoxsaylı tədbirlərə qatılır, həmin tədbirlərdə gənclərlə şəkillər çəkilir: “Yəni yaxınlaşıb ”şəkil çəkdirmək olarmı" deyirlər. Həmin an Qənirə xanım məgər "verin pasportunuza baxım kimsiniz deməlidir?” Hətta baxsa belə, Türkiyə pasportunda milli kimlik göstərilmir, məncə. Yəni məsələn, ona deyiblər ki, sənin yanında şəkil çəkdirən gənc kürddür, PKK-çıdır. Türkiyədə bir qadın var, kürd deputat. Deyirlər ki, bəs onun oğludur, sən onun oğlu ilə şəkil çəkdirmisən. Absurddur. Qənirə də baxıb ki, bəs heç o, deputat qadın ailə də qurmayıb, nə oğlu? Yəni tamamilə əsassız. Məqsəd onu yolundan sapdırmaq, ruhdan salmaqdır".


“Milli Məclisin deputatları arasında hamıdan çox xalqın yanında gördüyüm millət vəkilidir o. Daim Şəhid məzarlarının başı üstündə ürək ağrısı ilə dayanıb Şəhid analarını bağrına basan, Şəhid xanımlarına təsəlli verən, Şəhid balalarına qayğı göstərən, müharibə veteranlarına, müharibə əlillərinə səmimi bir diqqət və ehtiramla yanaşan, Azərbaycan əsgərinə öz qardaşı, öz övladı kimi baxan Qənirə Paşayeva... Mən bu adın Azərbaycan insanına nə qədər doğma və əziz olduğuna heç vaxt şübhə ilə yanaşmamışam. Bilirəm ki, bu ad çoxlarının ürəyində ümid qığılcımı, inam təşnəsi, sevgi ünvanı kimi daim əziz tutulur. Onu da bilirəm ki, bu Tomris qeyrətli millət vəkilimizin heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Elə mənim özümün də...” Sherg.az xəbər verir ki, bu barədə öz facebook səhifəsində, tanınmış əməkdar jurnalist, ehtiyatda olan polkovnik - leytenant İbrahim Rüstəmli yazıb.