|
Vaşinqtonda yaşayan azərbaycanlılar piket keçirdi

Körpə Zəhranın ermənilər tərəfindən öldürülməsinə etiraz olundu


ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan bir qrup azərbaycanlı Ermənistan səfirliyi qarşısında Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan sakini 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının öldürülməsinə etiraz edib.

Musavat.com xəbər verir ki, səfirliyin qarşısında keçirilən aksiyada etirazçılar Ermənistan hakimiyyətinin ünvanına şüarlar səsləndiriblər. Aksiyada Elman Kərimov və Simran Baxışov adlı azərbaycanlılar, eyni zamanda Vaşinqtonda yaşayan, tanınmış telejurnalist Aynur Talıbova, onun azyaşlı oğlu Uğur və teleoperator Aytən Məmmədli də iştirak edib. “Erməni vandalizminə son”, “Erməni terrorizminə stop”, “Zəhraya ədalət”, “Xocalıya ədalət”, “Sərkisyan uşaq qatilidir”, “Azərbaycan sivillərini öldürməyi dayandırın” şüarları səsləndirib və əllərində plakatlar açıblar.


A.Talıbova musavat.com-a açıqlamasında bildirdi ki, aksiya Vaşinqtonda yaşayan azərbaycanlıların ortaq vatsap qrupu vasitəsilə elan edilib. İlk aksiyaya az sayda adam qatılsa da, növbəti günlərdə bu etiraz aksiyaları da davam edəcək. Onlar azərbaycanlı körpənin erməni vəhşiliyinin qurbanı olması faktını Amerika ictimaiyyətinin nəzərinə çatdırmağa çalışacaqlarını dedi.