|
Sülh danışıqları əvəzinə təxribat yolu - işğalçı cəza saatını yaxınlaşdırır

Ötən gecə təmas xəttində düşmən tərəfin növbəti xain təxribatı nəticəsində biri uşaq olmaqla, iki dinc sakin həlak oldu, bir neçəsi yaralandı. Sözsüz ki, işğalçı qüvvələrin bu təxribatı cavabsız qalmayacaq və artıqlaması ilə veriləcək. Hərçənd 2 yaşlı Zəhranı həyata qaytarmaq heyf ki, mümkün olmayacaq.

Belə görünür ki, düşmən Azərbaycan tərəfini bacardıqca çox canlı itkiyə məruz qoymaq taktikası götürüb - fərq eləməz, həlak olanlar dinc sakinlər, körpələrdir, yoxsa hərbi mundirdə olanlar. Erməninin düşüncəsinə görə, əsas odur ki, azərbaycanlı qətlə yetirilsin. Hədəf sözsüz ki, həm də sərhədyanı bölgə əhalisi arasında panika salmaq, onları öz yurd yerlərindən kütləvi şəkildə çıxıb getməyə vadar eləməkdir.


Azərbaycan, onun silahlı qüvvələri əlbəttə ki, işğalçı ölkənin bu xəbis niyyətindən yaxşı xəbərdardır və həmişə adekvat addımlar atıb, atacaq da. Ona da şübhə yox ki, son vaxtlar düşmənin cəbhə xəttində bir-birinin ardınca ciddi canlı və texniki itkilər verməsi Ermənistanın kriminal rəhbərliyini qəliz vəziyyətdə qoyub və o, erməni cəmiyyətini heç olmasa, günahsız azərbaycanlıları hədəf seçməklə sakitləşdirməyə çalışır. Guya işğalçı orduda döyüş ruhu hələ də qalır və yüksək səviyyədədir...


Qeyd edək ki, artıq Ermənistanın son təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.


***


Ancaq şübhə yox ki, Ermənistan sülh danışıqları əvəzinə seçdiyi insanlıq əleyhinə taktikaya peşman ediləcək. Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərindən verilən son bəyanatlardan da görünür ki, düşmən cəzasız qalmayacaq. Amma alçaq xislətli düşməndən fərqli olaraq, Azərbaycan heç vaxt dinc əhalini hədəf seçib onu top atəşinə tutmur.


Bu mənada baş vermiş son insidentə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hansı reaksiya verəcəkləri də maraqlı idi. Təəssüf ki, onlar bu dəfə də şablon bəyanatdan uzağa getmədilər və tərəfləri sülh danışıqlarına çağırmaqla işlərini bitmiş hesab elədilər. Halbuki gerçək budur ki, erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarında qalmaqda davam etdikcə bu kimi insidentlərdən qaçmaq mümkün olmayacaq, çünki ermənilər öz xislətlərinə uyğun surətdə dinc əhalini də həmişə hədəf seçəcəklər. Bu üzdən son olay bir daha erməni işğalına son verməyin, sülh danışıqlarında ciddi dönüş yaratmağın vaxtı çatdığını təsdiq edir. Əks halda, bu dönüşü Azərbaycan ordusu yaratmalı olacaq.


Əfsus ki, vasitəçi dövlətlər son birgə bəyanatdan da göründüyü kimi, hələ də situasiyanın kritikliyinin fərqində deyil və hələ də təcavüzkarın başını tumarlamaq, onun nazı ilə oynamaqdadır. Nəticədə balaca Zəhralar, digər günahsız insanlarımız öz həyatlarını itirir. Demək, onların qanı ilk növbədə həmsədrlərin vicdanındadır.


***


Vəziyyətin bunca partlayış həddinə çatmasının əsas məsuliyyəti isə Rusiyanın üzərindədir. İki əsas səbəbə görə: 1. Moskva işğalçı Ermənistanın əsas müttəfiqi olaraq qalır. 2. Rusiya Dağlıq Qarabağ konfliktinin həlli üçün hamıdan çox imkan-rıçaqa malikdir.


Təəssüf ki, Moskva bu rıçaq-imkanları hərəkətə, işğalçını isə ağla gətirməyə tələsmir. Ötən ilin 4 günlük aprel savaşından sonra Rusiya bu yöndə nəsə eləməyə çalışdı, ancaq az sonra yenə də geri çəkildi. Üstəlik, Ermənistana “İsgəndər”, “Smerç” tipli döyüş sistemləri verdi. Bunun nəticəsidir ki, təcavüzkar yenidən özünü arxayın və cəzasız hiss edir. 
Bəs Rusiya heç olmasa, indi - situasiyanın böhranlı xarakterini nəzərə alıb hərəkətə keçəcəkmi? Ekspertlərin bu xüsusda rəy və proqnozları birmənalı deyil.


“Rusiya Qarabağın məsuliyyətini üzərinə götürmək istəmir”. Bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. Politoloq Rusiyanın Qarabağda aktivləşməsinin konfliktin hərbi qarşıdurma mərhələsinə çatması zamanı müşahidə edildiyini xatırladıb: “Bu zaman Moskva çalışır ki, konflikt iştirakçısı olan dövlətlərin münasibətləri yenidən dialoq şəklində davam etsin. Rusiyanın aktivliyi göstərir ki, burada o öz mənafelərini güdür. Onun maraqları isə müharibənin olmamasındadır. Ona görə ki, müharibə Rusiyanın təhlükəsizliyinə problem yaradır. Münaqişənin danışıqlar yolu ilə həllinə gəldikdə, biz burada hər zaman problemlə üzləşirik. Dağlıq Qarabağla bağlı danışıqlar Azərbaycan torpaqlarının boşaldılmasından başlamalıdır. İlk addım da İrəvan tərəfindən atılmalıdır. Buna görə də Ermənistana təzyiqlər edilməlidir”.


İ.Vəlizadə Rusiyanın ötən il İrəvana yumşaq təzyiq etmək siyasətinin məğlubiyyətə uğradığını bildirib. Onun sözlərinə görə, İrəvan müxtəlif yollarla bu vəziyyətdən çıxmağa çalışıb. “Rusiya Ermənistanı itirməmək naminə bu mülayim təzyiq siyasətindən tədricən əl çəkdi. Beləliklə, biz danışıqlar prosesinin inkişaf etmədiyini görürük. Rusiya indiki mərhələdə üzərinə yük götürmək istəmir. Aleksandr Kudrin və digərləri hesabatlarında müxtəlif versiyalar səsləndirə bilərlər, amma fakt odur ki, prosesdə inkişaf yoxdur. Rusiya başa düşür ki, prosesə tam şəkildə qoşulsa ya kiminsə mövqeyini tutmalıdır, ya da hər iki tərəfin gözləntilərini doğrultmalıdır. Bir sözlə, Rusiya status-kvonun qorunmasında maraqlıdır”, - deyə politoloq əlavə edib.


***


Ancaq status-kvo, başqa sözlə, işğal rejimi sonsuzadək sürə bilməz. Bunu Moskva da yaxşı bilir. Demək, gec-tez Kreml “qolunu çirmələyib” problemin həllinə girişmək barədə düşünməlidir. Bir daha qeyd edək ki, əgər Rusiya başda olmaqla həmsədr dövlətlər ixtilafın həllində tezliklə real irəliləyişə nail olmasa, bunu Azərbaycan əsgəri edəcək. Üçüncü yol, sadəcə, mövcud deyil. Qısası, seçimi Bakı yox, həmsədr dövlətlərin təzyiqi altında işğalçı etməlidir.