|
YAP-dan 2018-lə bağlı iki narahat rəy-əsası varmı?

2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri ilə bağlı son günlər hakimiyyət düşərgəsindən narahatlıq sezilən açıqlamalar verilməkdədir. Bir neçə gün öncə Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP-çı deputat Yevda Abramov modern.az saytına müsahibəsində deyib ki, gələn Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır: “Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu, bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq. Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək”.


Onun ardınca YAP-çı deputat, hakim partiyanın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə həmkarının fikri ilə razı olduğunu deyib. A.Mirzəzadə bildirib ki, seçki ərəfəsində Azərbaycanda bəzi qüvvələr var ki, aranı qatmaq istəyəcəklər: “Azərbaycanda hər seçki ərəfəsində xaricdəki anti-Azərbaycan mərkəzləri ölkəmizdə provakasiya törətməyə və gərginlik yaratmağa çalışırlar. Düzdür, bunun üçün Azərbaycanda sosial baza yoxdur. Ancaq pulla ələ alınan, özünü müxalifət adlandıran müəyyən qüvvələr böyük həvəslə buna gedirlər. Eyni zamanda sosial şəbəkələr vasitəsilə səbadsız adamları yoldan çıxartmağa, seçki prosesini idarəolunmaz bir istiqamətə yönəltməyə çalışırlar. Ancaq hər seçkidən-seçkiyə onların cəhdlərinin əbəs yerə olduğu, cəmiyyətin onları dəstəkləmədiyi qənaətinə gəlirlər. Bu seçki ərəfəsində də aranı qatmaq istəyənlər olacaq. Amma yenə də Azərbaycan cəmiyyəti buna layiqincə cavab verə biləcək”.


Bəs hakimiyyət deputatlarının seçki ilindən narahatlığının əsası varmı?


ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, narahatlıq növbəti prezident seçkilərində hakimiyyətin zirvəsində mümkün radikal dəyişiklik planı ilə bağlı ola bilər: “Narahatlığa həqiqətən də əsaslar var. Özü də narahatlıq qətiyyən ənənəvi müxalifət qüvvələrindən, onların hansısa çaxnaşmalar yaradacağından deyil. Çünki müxalifətin belə bir planının olmadığını hər kəs bilir. Narahatlıq iqtidarın öz daxilindəki qüvvələrdəndir. Seçki dövründə çaxnaşma və digər bu kimi prosesləri müxalifət yox, məhz həmin qüvvələr təşkil edə bilərlər. Son zamanlar iqtidar düşərgəsindən seçki ili ilə bağlı "Seçki ərəfəsində Azərbaycanda bəzi qüvvələr var ki, aranı qatmaq istəyəcəklər" bəyanatların səslənməsi bundan qaynaqlanır. O bəyanatların arxasında seçkidə radikal dəyişikliyə qarşı çıxacaq xarici və daxili güclərin kataklizmlər yarada biləcəyi əndişəsi dayanır. Onlar özləri yaxşı başa düşürlər və əllərində kifayət qədər məlumatlar var ki, bu proses heç də hamar olmayacaq. Bu narahatlıq qətiyyən müxalifətdən deyil. Bu işin müxalifətə aidiyyəti yoxdur".


ADP sədrinin sözlərinə görə, müxalifətin demokratik mübarizəsindən fərqli olaraq yuxarıda qeyd etdiyi daxili qüvvələrin mübarizəsi heç də qarşısı asanlıqla alınacaq şəkildə olmayacaq: “Nəzərə alsaq ki, güclü rıçaqları olan bir dövlət ölkəmizin daxilində əllərində güc olan qüvvələrlə birlikdə planlar həyata keçirməyə çalışacaq, onda bu planların qarşısını heç də demokratik müxalifətin mübarizəsinin qarşısını almaq qədər asan olmayacaq. Azərbaycanda uzun illərdir ki, demokratik müxalifəti zəiflətdilər. İndi demokratik müxalifətin zəiflədilməsinin zərərini qeyd etdiyim gözlənilən proseslər başlayanda hiss edəcəklər. Demokratik müxalifət Rusiyanın təzyiqlərinə qarşı dururdu, xaricdən olan digər təzyiqlərə qarşı da dururdu. Beləliklə dolayısı yolla Azərbaycan iqtidarına kömək edirdi. İndi bu təzyiqlərlə hakimiyyət təkbətək üz-üzə qalıb. Çünki müxalifət zəiflədilib. Sabah Rusiya və Qərb Azərbaycanda nə isə bir zərərli proses başlatsa bugünkü vəziyyətdə müxalifət olaraq bizim elə bir gücümüz qalmayıb ki, hakimiyyətə ciddi dəstək verək. Bizi zəiflətməsəydilər, güclənməyimizə imkan versəydilər, bu cür vəziyyətlərdə xarici təzyiqlərin qarşısında biz də dayanardıq və bu da hakimiyyətin də xeyirinə olardı. Ən böyük faciəvi durum da budur. Hakimiyyət istəyirsə ki, seçkilərdə ciddi kataklizmlər olmasın birinci növbədə demokratik müxalifətə münasibətini dəyişməlidir, müxalifət elə bir statusa qalxmalıdır ki, xarici güclərin destablizasiya yaratmaq istiqamətində hərəkətlərinin qarşısında duracaq gücdə olsun, ən azı xalqın kortəbii şəkildə həmin xarici qüvvələrin qurduğu oyuna qoşulmasının qarşısını ala bilsin. Hər hansı bir ölkədə çaxnaşmaların üç səbəbi olur. Birincisi, hakim elitada olan qüvvələr bunu təşkil edir. İkincisi, xaricdəki qüvvələr təşkil edir. Üçüncüsü, kortəbii şəkildə prosesin başlanması. Azərbaycanda öz-özünə çaxnaşmaların olması mümkün deyil. Deməli, son günlər hakimiyyətə yaxın şəxslərin eyham vurduğu çaxnaşmalar ya xarici güclər tərəfindən, ya da hakimiyyətdəki bir elita tərəfindən təşkil oluna biləcək çaxnaşmalardır. Bunun qarşısını almaq isə dediyim kimi elə də asan olmur. Ona görə də qarşıdan gələn seçkilərdə biz Azərbaycanda keçid prosesini təhlükəsizlik şəkildə təmin etmək istəyiriksə, mütləq müxalifətin cəmiyyətdə, dövlətdə yeri və rolu gücləndirilməlidir”.