|
"Prezidentin mesajı bəzi məmurlar üçün son olacaq"

Ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Amma bəzi hallarda müхtəlif dövlət idarə və orqanlarında vəzifəli şəхslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir. 

Bu, ANS PRESS-ə daxil olan məktub və şikayətlərin əsas mahiyyətini təşkil edir. Şikayətlərin və müraciətlər əsasən işıq, su, qaz, yol, təhsil, kanalizasiya və digər məişət problemləri ilə bağlıdır. Elə məsələlər var ki, bunu yerində həll etmək mümkündür, amma səhlənkarlıq, başdansovduluq, məsuliyyətsizlik ucbatından baxılmır və bu, nəticədə sakinlərdə müəyyən narazılıq yaradır. 

Ümumiyyətlə, vəzifəli şəxslərin özbaşınalığı, məmur-vətəndaş münasibətləri, insanların qəbulu və şikayətlərinin dinlənilməməsi ilə bağlı cəmiyyətdə də müxtəlif tənqidi fikirlər mövcuddur. Təbii ki, bu sahədə əvvəlki illərə nisbətən müsbət meyllər yaransa da, ancaq insanları narahat edən məqamlar hələ qalmaqdadır. Azərbaycan prezidenti də dəfələrlə bu məsələyə toxunub, məmurları vətəndaşlarla mədəni davranışa, təkəbbürlü olmamağa səsləyib.

Bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezidenti İlham Əliyev deyib: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm.

Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.

Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra hakimiyyəti başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir.”

Milli Məclisin deputatı, professor Musa Qasımlı ANS PRESS-ə deyib ki, prezident İlham Əliyevin iclasda məmur-vətəndaş münasibəti ilə bağlı səsləndirdiyi fikir bir çox məqamlar baxımından faydalıdır. Hər şeydən əvvəl məmur-vətəndaş münasibətlərinə dair prezidentin söylədiyi fikirlər bütün dövlər qulluqçuları, məmurlar, vətəndaşlarla işləyən şəxslərə bir ibrət dərsi idi. O açıq dedi ki, məmurlar xalqın xidmətçiləridir, onların oturduqları kabinetlərin qapıları xalqın üzünə açıq olmalıdır. Onlar xalq üçün çalışmalı, sıx ünsiyyətdə olmalıdırlar. Şübhəsiz ki, bi göstəriş məmur-vətəndaş münasibətlərində yeni səhifə açacaq, məmurlara ibrət olacaq və bəzi məmurları harınlandırıcı hərəkətlərdən çəkindirəcək. 

O, keçirilən qəbullarda vətəndaşların şikayətlərinə baxılması məsələsinə də münasibət bildirib: “Dövlət başçısının tapşırığına əsasən, nazirlərin, komitə sədrlərinin yerlərdə vətəndaşlarla görüşlərini müsbət hesab edirəm. Çünki məsələlərin bir qismi yerində həllini tapır. Digər tərəfdən, hər bir nazir yerlərdəki vəziyyətlə biləvasitə tanış olur. Bu baxındam hesab edirəm ki, mərkəzi icra strukturu orqanları rəhbərlərinin yerlərdəki görüşləri müstəsna əhəmiyyətə malikdir. 

"Hüquqi dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, ən ciddi məsələdən biri ondan ibarətdir ki, məmurların verdiyi hesabatların çoxu doğrunu əks etdirmir, bölgələrdə insanlardan torpaqlara görə artıq pul alınır, rayon rəhbərləri tərəfindən vəsaitlər mənimsənilir. Çox yaxşı haldır ki, ölkə rəhbəri Azərbaycandakı faktiki vəziyyət barədə dəqiq məlumata malikdir və zənnimcə, bu mesaj bəzi məmurlar üçün son olacaq.

Ekspert ölkədə məmur özbaşınalığına qarşı sistemli mübarizənin aparılmadığını, bunun bir çox səbəblərinin olduğunu söyləyib: “Birincisi, Azərbaycanda hakimiyyətin formalaşmasında müəyyən problemlər var. Məmurların xətrinə dəyilmir, onların qanunsuz fəaliyyəti olduğu halda heç bir tədbir görülmür. 

İkincisi, məmurlar Azərbaycandakı vəziyyəti bilirlər və vəzifəyə təyin edildikdə azı 5-6 il işləyəcəklərinə əmindirlər. Ona görə də vəzifədən sui-istifadə edib talançılıqla məşğul olurlar. Azərbaycan kiçik ölkədir, bunu sübut etmək elə də çətin deyil. Məsələn, hər hansı nazirin, icra hakimiyyəti başçısının sürdüyü həyat tərzi ilə bunu müəyyən etmək olar.

Üçüncüsü, məmurlar çox gözəl bilirlər ki, cinayət xarakterli qanunsuz hərəkətlərə görə Baş prokurorluğa göstərişlər gəlməsə, onlar heç vaxt həbs olunmayacaqlar. Ona görə də onlar vəzifələrini vicdanlı, dürüst icra etmək əvəzinə, yuxarıdan gələn göstərişlərin icrasına meyl göstərirlər. Onlar üçün fərqi yoxdur, hansısa kənddə insaların qaz, işıq, su, yol, yanacaq problemi var. Bu, onlar üçün əhəmiyyət kəsb etmir. 

O, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin rayonlarda qəbul keçirməsinin formal hal aldığını deyib: “Orada insanlar dərdlərini deyirlər. Sonra mətbuata eyni məzmunlu məlumat yayırlar ki, bütün şikayət dinlənildi, müraciətlərə baxıldı, yaxud aidiyyəti üzrə göndərildi. Əslində, Azərbaycanda "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 10 iyun 1997-ci il tarixli qanun var. Həmin qanunun tələblərinə görə, müraciətlərə dəqiq, dürüst baxılmalıdır. Müraciətlərə baxılması qaydalarından biri də vətəndaşların qəbuludur. Qəbul zamanı qaldırılan problem əgər həmin vəzifəli şəxsin səlahiyyətindədirsə, dərhal yerundə həll olunmalıdır. Yox, səlahiyyətində deyilsə, həmin müraciət 5 gün müddətində aidiyyəti üzrə digər orqanlara gndərilməlidir. Həmin orqan müraciətin icrasını təmin etməlidir. Amma ölkəmizdə bütün bunlar formal xarakter daşıyır.”

Onun sözlərinə görə, əksər rayon icra hakimiyyəti başçıları bu və ya digər qanunsuz hərəkətlərə yol verirlər. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılırsa, indiyədək heç bir rayon rəhbəri hər hansı korrupsiya əməlinə görə məsuliyyətə cəlb olunmayıb. Ən azından onların Bakıdakı villalarının şəkillərini çəkib televiziya ilə göstərmək olar. Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırma apara bilər. 

O, çıxış yolu kimi deyib ki, ölkədə qüvvədə olan qanunlar, qaydalar dəqiq icra olunmalıdır, hər kəs qanun qarşısında eynidir. Konstitusiyanın 25-ci maddəsində göstərildiyi kimi, hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipi rəhbər tutulmazsa, xüsusilə yüksək vəzifəli şəxslər törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmazsa, Azərbaycanda məmurların xalqa xidmətindən danışmaq qeyri-mümkün olacaq. Elə bir mühit yaradılmalıdır ki, həqiqətən məmur bu və ya digər vəzifəyə gedəndə ictimaiyyətin nüfuzunu qazanmaq, insanlara hörmətlə yanaşmaq üçün çalışsın. Təəssüf ki, çoxları ancaq hər şeydən gəlir güdür. 

M.Baxışov bildirib: "Mən dövlət başçısının səsləndirdiyi bu mesajı məmurların hansı işlə məşğul olduqları barədə dəqiq məlumata malik nöqteyi-nəzərdən müsbət qiymətləndirirəm. Əsas odur ki, verilən mesajların həyata keçirilməsi, təmin olunması, buna əməl etməyən məmurların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görülsün." 

Məmur özbaşınalığı qurbanı olan şikayətçilərin fikrincə, hüquqlarının pozuntusuna görə şikayət etsələr də nəticəsi olmur, bəzən hədə-qorxu ilə üzləşməli olurlar. Çünki, hamısı bir-birinin adamıdır, sanki qruplaşma yaranıb. Nəticədə adi məsələlərin həlli məqsədilə aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarında qalırıq. Haqsızlığa uğrayan, zərər şəkən şəxsin müraciətləri gözardına vurulur, beləcə, şikayət havada qalır. Normal məhkəmə də yoxdur ki, gedib hüquqlarını tələb edəsən. 

Ümumiyyətlə, buna qarşı mübarizədə “qaynar xətt”lərin, elektron müraciətlərdən istifadənin rolu böyükdür. İstənilən halda, bu, məmurları müəyyən qədər özbaşınalığından çəkindirir. Kiminsə şikayətinə baxılmadığı halda həmin şəxs yenidən “Qaynar Xətt”ə müraciət etsə daha yaxşı olar. 

Sosial şəbəklərdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın ən böyük problemlərindən biri olduğunu yazırlar: “Dəfələrlə bunun şahidi olmuşuq ki, məmurlar vətəndaşların problemlərinə laqeyd yanaşırlar. Prezident düzgün vurğulayır ki, təkəbbürlü, harınlamış məmurların özbaşınalıqları əhalidə haqlı narazılıq yaradır. Bunu dəyişmək üçün də çoxlu işlər görməliyik.”