Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadənin çəkildiyi “Son məktub” filmində 40 il sonrakı obrazı yaradılıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, martın 18-də nümayişi nəzərdə tutulan ekran işində aktrisanın qocalığını Əminə Şans Umar canlandırıb.
Qrimlə N.Cavadzadəyə bənzədilən Əminə “Nəzrində öz cavanlığımı gördüm. Özü də çox istedadlı aktrisadır. Film Çanaqqalada baş verən hadisələr əsasında hazırlanıb. Çox təsirlidir” açıqlamasını verib.
Qeyd edək ki, “Son məktub” filmi Türkiyənin Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çəkilir. Baş rollarda Tansel Öngel, Nəzrin Cavadzadə, Hüseyn Avni Danyel və Bülənt Şakrakın çəkildiyi ekran işinin büdcəsi 20 milyon lirə (təxminən 7 milyon manat) təşkil edir. Nəzrin filmdə Nihal həkim obrazını canlandırır.
Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə 100 ölkədə göstəriləcək filmin rejissoru və prodüseri Özhan Ərəndir. 



