|
Vaşinqtonda Azərbaycan müzakirələri - təfsilat

İyunun 27-28-də Vaşınqtonda Açıq Hökumət Tərəfdaşlığının (AHT) Rəhbər Komitəsinin toplantısında Azərbaycandakı mövcud vəziyyət müzakirə olunub və Azərbaycanın daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb. AHT rəhbər komitəsinin 22 üzvündən 19-u bu qərarın lehinə, 1 üzv əleyhinə səs verib və 2 üzv isə bitərəf qalıb.


Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması, qrant müqavilələrinin qeydiyyatı üçün “bir pəncərə” sisteminin tətbiqini ehtiva edir.


Rəhbər Komitə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyələrin icrası üçün zaman verilməsi qərara alınıb. Beləliklə, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti tərəfindən qaldırılmış narahatlıqları həll etmək üçün daha 1 illik dövrə malik olacaq.


Eyni zamanda Rəhbər Komitə qərara alıb ki, Azərbaycan hökumətinə verilən əlavə 12 aylıq vaxt məsləhətləşmə başa çatandan sonra hesablanacaq. AHT Rəhbər Komitənin yaydığı bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan qeyri-aktiv statusunda qalaraq seçkilərdə səs vermək hüququna malik olmayacaq və yalnız AHT tədbirlərinə öyrənmə məqsədləri üçün müşahidəçi statusunda qatılacaq.


Bununla yanaşı, Azərbaycana AHT işçi qrupları, çoxtərəfli tərəfdaşlar və qarşılıqlı səfər mübadiləsi daxil olmaqla, Rəhbər Komitə və Dəstəkləmə Bölməsi texniki yardımlar göstərəcək.


Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının (AHT) Rəhbər Komitəsinin bu qərarını şərh edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son 1 ildə vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti bu istiqamətdə çox məhsuldar işləyib: “AHT Rəhbər Komitəsinin qərarında bu müsbət məqamlar vurğulanıb. Qeyd edim ki, 29 mayda AHT nümayəndə heyətinin Bakı səfəri zamanı Açıq Hökumət Platforması üzvləri ilə görüş keçiriləndə, biz bütün bu məsələləri onların diqqətinə çatdırmışdıq. Rəhbər Komitənin qərarı Azərbaycan vətəndaş cəmiyyətinin və hökumətinin uğuru kimi qiymətləndirilməlidir. Çünki MHŞT-də olduğu kimi Azərbaycanın AHT-də fəaliyyətinin dayandırılması üçün çox böyük təzyiqlər, müraciətlər vardı. Növbəti dəfə bundan siyasi şou düzəltmək üçün çox çalışırdılar. Lakin AHT Rəhbər Komitəsi çox konstruktiv qərar qəbul edərək, dialoq, müzakirə yolunu seçdi. Azərbaycan vətəndaş cəmiyyəti də məhz bu cür yanaşmanın tərəfdarıdır. Biz hesab edirik ki, əldə olunan nəticələrə istinad etməklə, söykənməklə vətəndaş cəmiyyətinin problemlərinin həlli üçün çalışmalarımızı davam etdirməliyik. Azərbaycan hökuməti də bu məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir. Platforma, vətəndaş cəmiyyəti ilə müzakirələr aparılır. Platforma hökumətlə birgə mövcud problemlərin həlli üçün ortaq yanaşmalar tapılması üçün ardıcıl iş aparır”.


Ə.Nuriyev qeyd etdi ki, Rəhbər Komitənin qeyd etdiyi problemləri Açıq Hökumət Platforması hər zaman hökumətlə açıq müzakirə edir: “Bu problemlərin mövcudluğunu açıq bəyan edirik. Hesab edirik ki, xarici donorlardan qrantlar alınması ilə bağlı narahatlıq yaradan məqamların müzakirəsinə, aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır. Bir sözlə, bu istiqamətdə ardıcıl iş aparılır”.

Cia.az