|
“Gallup”un dinlə bağlı sorğusuna Bakıdan ilginc reaksiyalar

“Gallup İnternational” Sosioloji Araşdırma və Sorğular Mərkəzi dünya ölkələrində dindarlığın dərəcəsini araşdırıb. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şirkət bununla bağlı xəritə hazırlayaraq dərc edib.

Belə ki, xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığı isə aşağı olduğunu təsdiqləyir. Azərbaycan da bu sırada ən açıq rənglə işarələnib.


Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanda cəmi 34% özünü dindar hesab edir. 54% isə dindar olmadığını və ya ateist olduğunu bildirib. 12% bu məsələdə cavab verməyə çətinlik çəkdiyini deyib.


Sorğunun nəticələrinə görə, qonşu Türkiyədə 79, İranda 83, Rusiyada 70, Gürcüstan və Ermənistanda isə 93% insan özünü dindar adlandırıb. Qazaxıstanda özünü dindar sayanlar 64, Türkmənistanda 80, Özbəkistanda 51 faiz olub.
Xəritədə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Göstəriciyə görə, hətta Fransa kimi ölkədən də öndə gəlir.


Nəticələr Azərbaycan mətbuatı və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Ekspertlər məsələni müxtəlif rakursdan dəyərləndirirlər. 34%-in yüksək olduğunu deyənlər də, ölkədə bu qədər dindarın olmadığını düşünənlər də az deyil. Radikal dindarlıq baxımından Azərbaycanda mümkün təhlükə barədə danışanlar da var.

Image result for Erkin Qədirli


Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli bununla bağlı öz facebook səhifəsində maraqlı bir status paylaşıb. Həmin statusu təqdim edirik: “Xəritədən gördüyünüz kimi, ölkəmiz bu bölgədə bir dünyəvilik adasıdır sanki. Ümumiyyətlə, dünya üzrə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Müqayisə üçün bu göstəriciyə görə hətta Fransa kimi ölkədən üstünük. İlk 20-likdə diqqəti çəkən daha bir məqam var. Ölkəmiz orada yeganə müsəlman ölkəsidir, yeganə türk ölkəsidir və yeganə postsovet ölkəsidir. Sözümü nəyə gətirirəm?


İqtidar Qərbi ölkəmizdəki “İslam təhlükəsi” ilə qorxutmağa çalışır və bununla özünə dəstək ala bilir. Dəfələrlə demişəm, sözümün üstündə də dayanıram: Azərbaycanda siyasi İslam təhlükəsi yoxdur. Radikal dindar qruplar ola bilər, onlar ciddi problem yarada bilər, amma hakimiyyətə gələ biləcək gücdə olası deyillər. Odur ki, hər kəsə məsləhətim, siyasi düşüncələrinizdə bu qorxuları başınızdan atın. Dünyəvilik üçün təhlükələr, əlbəttə, var. Amma bu təhlükələr ölkəmizin içindən deyil, bayırından qaynaqlanır. Qonşularımızda olan proseslərə önəmli təsir göstərə bilmədiyimizdən, öz ölkəmizdə dünyəvi dayaqları daim gücləndirməliyik".

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında vəziyyətin getdikcə Azərbaycan üçün təhlükəli hala çatdığından söz açdı: “Təxminən beş il əvvəl bu tipli sorğu aparılıb. Orada Azərbaycan əhalisinin 8%-i ölkədə şəriət dövlətinin qurulmasını istəmişdi. Bunlar sırf dindarlar deyil, şəriət dövlətinin qurulmasının tərəfdarları idilər. Onlar radikallar idi. Zaman keçdikcə Azərbaycanda iqtisadi, ictimai-siyasi vəziyyət ürəkaçan olmadığı üçün insanların dinə meylliliyi sürətlə artıb. Bu prosesin gedişinin səbəblərini axtarsaq, çox geniş məsələlər ortaya çıxar. Ölkədə işsizlik, haqsızlıq, ədalətsizlik və bunun fonunda insanların dinə, Allaha, məscidə meyllənməsi baş verir. Orada radikallar meydana gəlir, yeri gələndə terrorçu da yaranır. Ona görə 34% məsələsini mübahisə etməyə belə dəyməz. Azərbaycan təxminən o istiqamətə doğru gedir. Dəfələrlə demişik ki, səhəri gün hər hansı bir xaos yaranarsa, təşəbbüsü ilk növbədə dindarlar ələ ala bilərlər, nəinki sivil siyasi müxalifət. Çünki onlar çoxdurlar, şəbəkələşiblər, təşkilatlanıblar. Hələ demək olmaz ki, onların silahları var ya yox. Bütün bunların hamısı ehtimal olunan şəkildə gedir. Bunun kökünü təkcə mövcud ictimai-siyasi vəziyyətdə axtarmaq lazım deyil. Eyni zamanda qonşu ölkələrdə gedən proseslərdə axtarmaq olar. Konkret olaraq İran və Səudiyyə Ərəbistanında gedən proseslərdə bunun kökünü axtarmaq olar. Hər iki dövlət bir tərəfdən şiəliyin, digər tərəfdən vəhhabiliyin daha geniş yayılması, fəaliyyət göstərməsi üçün kifayət qədər maliyyə ayırır. Lap 34% deyil, aşağı faiz olsun, məsələdə mahiyyət dəyişmir. Bu, doğrudan da qorxulu rəqəmdir. Bu, Azərbaycanda radikal dindarlığın artdığına bir işarədir. Gələcəkdə hakimiyyət uğrunda mübarizədə ön planda dindarlar olacaq. Bu dindarların olması da böyük təhlükədir. Azərbaycanı dünyəvi dövlət sistemindən ayıra bilərlər. Belə təhlükə də ortadadır. Faktiki, sivil müxalifət, bununla yanaşı, mülayim dini kəsim ağır vəziyyətə salınıb. Onların tərpənməyə belə imkanları yoxdur. Xristian dünyasında dindarlığın fəlsəfəsi yüksəkdir. Məhz bu səbəbdən xristian ölkələrində dindarlığın səviyyəsi yüksəkdir, radikallığın yox. Bizim hamımızdan soruşsalar cavab verərik ki, dinimiz İslamdır, Allaha inanırıq. Bu o demək deyil ki, biz dindarıq. Xristianlarda da elədir. Bizdə məsələnin qatı formasında radikallıq dayandığına, onların ictimai-siyasi vəziyyəti dəyişmək məqsədləri olduğuna, konstitusion quruluşu dəyişmək istəkləri olduğuna görə getdikcə artırlar. Bizdə o istiqamətdə geriləmə yoxdur, hətta artım var”.

Cia.az