|
Tanınmış politoloqlardan “iqtidar Qərbi də, Rusiyanı da qane edir” açıqlamaları

2018-ci il yaxınlaşdıqca prezident seçkilərinin necə keçəcəyi, bölgədə maraqları olan Qərbin və Rusiyanın bu seçkilərə necə yanaşacağı ilə bağlı müxtəlif proqnozlar və şərhlər verilməkdədir. Politoloq Zərdüşt Əlizadə moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycanın siyasəti həm Qərbi, həm də Rusiyanı razı salır. Bu səbəbdən də 2018-ci ildə keçiriləcək prezident seçkilərinə onların müdaxilə edəcəyi gözlənilmir.


Zərdüşt Əlizadə deyib ki, Rusiya və ya Qərbin seçkilərə müdaxiləsi üçün əsas yoxdur: “Belə bir müdaxilə cəhdinin baş verməsi üçün müvafiq səbəb olmalıdır. Belə bir səbəb isə mövcud deyil. Odur ki, gələnilki seçkilərə kənardan hansısa müdaxiləyə əsas görmürəm”.


Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Zərdüşt Əlizadənin fikirlərində kifayət qədər əsaslar var. Həqiqətən də Azərbaycan həm Qərbi, həm də Rusiyanı təmin edəcək siyasi xətt yürüdür, addımlar atır. Xüsusən Qərblə münasibətlərin yoluna qoyulması istiqamətində aparılan siyasət diqqətçəkicidir: “Məsələn, Azərbaycanın müdafiə naziri bu gün NATO-nun tədbirində iştirak edir və Əfqanıstanla bağlı tədbirlərdə Azərbaycanın rolu təqdir olunur. Bundan başqa, NATO ilə ikili münasibətlər sahəsində ciddi əlaqələr qurulub və bu əlaqələr hesabına NATO ilə Azərbaycanın əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Avropa Birliyi ilə də münasibətlərdə irəliləyiş, müsbət dönüş var və bu səbəbdən də Azərbaycanın Avropa Birliyi ilə əvvəlcə sadələşdirilmiş viza rejiminə, sonradan isə vizasız rejimə keçidi kifayət qədər real görünür. Üstəlik, Qərb rus mavi yanacağına nisbətdə Azərbaycan mavi yanacağına daha çox ümid bəsləyir və bu istiqamətdə Azərbaycanda sabitliyin olmasını ciddi surətdə istəyir. Bu gün Qərb üçün Rusiyanın qaz siyasəti təzyiq siyasətinə çevrilib və bu səbəbdən də Avropa ölkələri Rusiya qazına alternativ mənbələr axtarır. Bu mənbəni də Azərbaycanın timsalında tapıb. Ona görə də Azərbaycanın həm bir yanacaq-enerji mənbəyi kimi, həm yanacaq-enerji dəhlizi kimi, həm də nəqliyyat dəhlizi kimi əhəmiyyəti günbəgün artmaqdadır. Bu yaxınlarda yəqin ki, Bakı-Tiflis-Qars dəmiryolu tamamilə işə düşəcək. Beləliklə, iki materiki-Avropa və Asiyanı bir-biri ilə bağlayan dəmir yolu xətti işə düşmüş olacaq. Bu da Azərbaycanın strateji əhəmiyyətini Qərb üçün əvəzedilməz edir”.


Qabil Hüseynlinin sözlərinə görə, Qərb Azərbaycanda demokratiya sahəsindəki bir sıra əksikliklərlə bağlı yüngül bəyanatlar verir və Azərbaycanı yüngül tənqid edir. Amma bu tənqid xoşməramlı tənqid kimi dəyərləndirilə bilər: “Ona görə də bu cür tənqidin Azərbaycanla Qərb arasında hər hansı bir keçilməz problemlər yarada biləcəyi qənaətində deyiləm. Avropa Birliyi Azərbaycanın geosiyasi əhəmiyyətinə mühüm önəm verir. Bu səbəbdən də Azərbaycanla münasibətləri hər hansı formada korlamaq niyyətində deyil. Odur ki, seçkilər zamanı Qərbdən Azərbaycana hər hansı bir qorxulu təsirlərin olacağını güman etmirəm”.

Rusiyaya gəldikdə, Q.Hüseynlinin fikrincə, şimal qonşumuzda Azərbaycanla bağlı müəyyən niyyətləri olan dairələr ola bilər. Yaxud da müəyyən şəxslər Rusiyadakı həmin dairələrin əlində Azərbaycan hakimiyyətini sıxmaq üçün oyuncaq fiqura çevrilə bilərlər. Amma ötən beş ildə yaradılan müxtəlif ittifaqlara bənzər ittifaqların meydanda açıq görünəcəyi ehtimalı azdır: “O cür ittifaqlar heç 2013-cü ildə ciddi surətdə ərsəyə gəlmədən perspektivsizliyini ortaya qoymuşdu. Belə qüvvələrin Azərbaycanda ciddi pozucu təsir göstərə biləcəyi imkanları yox dərəcəsindədir. Ötən seçkilərlə müqayisədə Azərbaycan daha güclüdür, daha təcrübəlidir. İstənilən hərəkətlənməni zərərsizləşdirmək iqtidarındadır. Eyni zamanda mən düşünmürəm ki, Kreml Azərbaycanda siyasi hakimiyyət dəyişikliyində maraqlı olsun və bunun üçün müəyyən resursları səfərbər etsin. Bəzi dairələr hansısa şərtlərini qəbul etdirmək niyyəti ilə təzyiq etməyə çalışa bilərlər. Lakin bu da hakimiyyətin dəyişməsi məqsədilə edilməz. Kremlə indiki durumda Cənubi Qafqazda hər hansı gərginlik ocağı yaratmaq sərf etmir”.


Beləliklə, Qabil Hüseynli də hesab edir ki, 2018-ci il prezident seçkiləri hər hansı kənar müdaxilədən azad və kifayət qədər sabit şəkildə keçəcək. Çünki bunun üçün lazım olan siyasi şərait demək olar ki, formalaşıb.

Cia.az