Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə Milli Qəhrəmanlar silsiləsindən olan “Şuşalı şəhid” filminin çəkilişləri başa çatmaq üzrədir.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Film Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.
R.Qəmbərov ilə bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.
Qeyd edək ki, Milli Qəhrəmanlar silsiləsindən indiyədək iyirmi sənədli film çəkilib, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir.
