Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUP DK) əməkdaşının adı qarışan qovğa haqda yazmışdıq. Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. İşdə AQUP DK-nın Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırovanın adı da keçir. C.Bağırova D.Bağırovun bacısıdır.
Merim Beishekeyeva 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. O, AQUP DK-ya qəbula gedib, amma onu qəbul etməyiblər.
Merim Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, hazırda Azərbaycanda iş üzrə bir neçə iddia qaldırıblar. Eyni zamanda BƏƏ-nin müvafiq qurumlarında da müraciətləri araşdırılmaqdadır. Azərbaycan məhkəmələrində həmin iddialar üzrə proseslər olduqca ləng və qanun pozuntularına yol verilməklə aparılır. Sonuncu belə bir proses bir neçə gün əvvəl yekunlaşıb. Nümayəndənin sözlərinə görə, 1 saylı İnzibati İqtisad Məhkəməsinə azyaşlı Ceyla Bağırovanın adına Azərbaycanda 2012-ci ildə verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına dair iddia veriblər. Məhkəmələrin getdiyi bir vaxtda məlumat alıblar ki, azyaşlını bu dəfə Azərbaycandan çıxararaq başqa bir ölkəyə qaçırılacağı haqda məlumat alıblar. Odur ki, A.Əfəndizadə M.Beishekiyevanın D.Bağırova qarşı 8 fevral 2017-ci ildə Səbayel Rayon Məhkəməsinə təqdim etdiyi “pozulmuş valideynlik hüquqlarının bərpası, uşaqla ünsiyyət hüququnun tanınmasına və uşağın valideynin yanında qalmasına” dair iddiaya azyaşlının Azərbaycandan kənara çıxmasına qadağa qoyulması haqda ərizə əlavə edib.
Ərizə Səbayel Rayon Məhkəməsinin hakimi Elmar Rəhimov tərəfindən 9 fevral 2017-ci ildə təmin olunub. Həmin qərardaddan D.Bağırovun nümayəndəsi apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov 27 mart 2017 tarixli qərardadı ilə apelyasiya şikayəti təmin olunmayıb. Qərardada qarşı cavabdeh D.Bağırov Ali Məhkəməyə kasasiya şikayəti verib. Şikayətin baxılması Ali Məhkəmənin hakimi İlqar Dəmirova həvalə olunub. Hazırkı vaxta qədər hakim İ.Dəmirov D.Bağırovun şikayəti və məhkəmə iclası haqda bildirişi qarşı tərəfə göndərməyib. 16 iyun 2017-ci ildə A.Əfəndizadə Ali Məhkəmədə olarkən ona məlum olub ki, məhkəmə iclası 6 iyul 2017-ci il tarixə təyin edib. Kassasiya şikayətnin kserosürətini həmin gün nümayəndə ala bilib.
Nümayəndə xatırladıb ki, anasından Dubayda oğurlanaraq Türkiyə üzərindən Azərbaycana gətirilən azyaşlı C.Bağırova Amerika vətəndaşıdır. Bunu təsdiq edən ABŞ-da verilmiş sənədlər də var və həmin sənədlər 1 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Museyib Bayramova təqdim olunub. Amma hakim məhkəmə zamanı təqdim olunan sənədləri kənara qoyub və qanunsuz qərar çıxarıb.
Nümayəndə deyir ki, hakimin yol verdiyi saxtakarlıqla əlaqədar 1 saylı İnzibati İqtisad Məhkəməsinin sədrinə də ərizə ilə müraciət edib: “Müraciətimdə sədrdən xahiş etmişəm ki, rəhbərlik etdiyi məhkəmədə baş verən saxtakarlıqların aradan qaldırılması üçün həmin tarixdə 16:50-dən 18:00-a qədər olan müddətdə dəhlizdəki audio-videoya baxış keçirsin. Lakin sədr müaciətimə reaksiya vermir”.
A.Əfəndizadənin sözlərinə görə, D.Bağırovun Azərbaycandakı himayəçilərindən biri də Səbayel Rayon Məhkəməsinin sədri Araz Hüseynovdur: “Ceyla Bağırova Dubayda oğurlanaraq Azərbaycana gətiriləndən sonra Səbayel Rayon Məhkəməsində Davud Bağırovun Merim Beishekiyevaya qarşı ”nikahın pozulması, azyaşlının atanın yanında qalması" iddiası ildırım surəti ilə - cəmi 1 iclasda təmin olunub. Bu görünməmiş özbaşınalıqdır. Hakim hətta görüntü üçün belə himayəçi və qəyyumluq orqanlarını işə cəlb etməyib. Bundan başqa eyni predmet üzrə 2015-ci ilin iyulunda Merim Beishekiyeva Dubay Məhkəməsində D.Bağırova qarşı iddia qaldırıb, Bağırov oradakı prosesdə özü və vəkilləri iştirak edib. Dubayın 1-ci instansiya məhkəməsi Bağırovun xeyrinə qərar çıxarıb. Dubayın apelyasiya instansiyası isə həmin qərarı ləğv edərək Merim Beishekiyevanın xeyrinə qərar verib. Məhkəmədə D.Bağırov uduzacağını anlayanda Azərbaycan məhkəməsinin həmin predmet üzrə qərar çıxarması haqda məlumat verib. Lakin ona izah ediblər ki, hələ 1-ci instansiya məhkəməsində tərəflərə vətəndaşları olduğu ölkələrin qanunlarına uyğun olaraq iddiaya baxılması təklif edilib. Lakin onlar bundan imtina edərək iddiaya məhz Dubay Məhkəməsində baxılmasını arzuladıqlarını söyləyiblər. Bu səbəbdən də Dubay Ali Məhkəməsi Azərbaycan məhkəməsinin qanunsuzluqla, ildırım surəti ilə çıxardığı qərarını tanımayıb. Bundan başqa ilkin iddia 2015-ci ildə Dubayda verildiyi və baxıldığı halda eyni predmet üzrə 2016-cı ildə Azərbaycan məhkəməsində iddia verilə bilməzdi".
A.Əfəndizadə deyir ki, Azərbaycanda D.Bağırovun iddiası ilə onun maraqlarına uyğun şəkildə, qanunsuz çıxarılmış qətnaməni yalnız 19 yanvar 2017-ci ildə ala biliblər: “5 fevralda Merim Bakıya gəldi və biz həmin qanunsuz qətnamədən də apelyasiya şikayəti verdik. Şikayətə Dubay məhkəmələrinin iş üzrə qərarlarını da əlavə etdik. Hakim Abdin Hüseynov məhkəmə iclası haqda bildiriş göndərərək eyni zamanda qeyd etmişdir ki, iş materialarının 42-ci vərəqində Merim Beishekiyevanın Azərbaycan məhkəməsinin qətnaməsini alması barədə imzası var. Hakimin diqqətinə çatdırdıq ki, M.Beishekiyeva həmin qətnaməni almayıb. Ala da bilməzdi. Çünki 2014-cü avqustundan 2017-ci ilin 5 fevralına kimi Azərbaycanda olmayıb. Mən də nümayəndə olaraq həmin işlə tanış olanda belə bir bildirişə rast gəlməmişdim. Bildirişin sonradan iş materiallarına əlavə olunması şübhəsizdir. Bildirişi iş materiallarına əlavə etməklə özlərinin qanunsuzluqlarını ört-basdır etmək, Merim Beishekiyevanın guya qətnaməni alması görüntüsü yaratmaq istəyiblər. Hər vasitəyə əl atırlar ki, son nəticədə Dubayda uşağın oğrulanması faktına hüquqi qiymət verilməsin”.
15 mart 2017-ci il tarixli iclasda nümayəndə A.Əfəndizadə hakim A.Hüseynova M.Beishekiyevanın Azərbaycanda 2014-cü ilin iyunundan 2017-in fevralına qədər olmaması haqda ümumvətəndaşlıq pasportunun Bakı şəhərinin notariat kontorunda təsdiqlənmiş surətini təqdim edib.
Lakin məhkəmə müşavirəyə gedərək apelyasiya şikayətinin baxılmasını qeyri-mümkün sayıb. Həmin qərardadı alan A.Əfəndizadə görüb ki, hakim M.Beishekiyevanın ümumvətəndaşlıq pasportuna istinad etməyib, sonradan məhkəmə iclas protokolları ilə tanış olmasına da imkan verməyib. Buna görə də A.Əfəndizadə həmin qərardan kassasiya şikayəti verib. 16 iyun 2017-ci ildə iş materiallari ilə tanış olan A.Əfəndizadə görüb ki, M.Beishekiyevanın ümumvətndaşlıq pasportunun təsdiqlənmiş surəti işin içində yoxdur. Nümayəndə qeyd edir ki, təqdim etdiyi pasportun surətnin işə əlavə olunmaması saxtakarlıqdan irəli gəlir".
A.Əfəndizadə Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Mülki Kollegiyanın sədri Şəlalə Məmmədovaya, hər iki iddia üzrə hakimlər Vəfaddin İbayevə, İlqar Dəmirova müraciətlər edərək Davud Bağırovun, bacısı Cəmilə Bağırovun, Səbayel Məhkəməsinin sədri Araz Hüseynovun və digər havadarlarının tapşırıqlarına əməl etməməyə çağırıb.
Cia.az
