“Rusiya prezidenti Vladimir Putin artıq hər yerdə amerikalı həmkarı Barak Obamanın nəfəsini duyur. ABŞ prezidenti Kreml sahibini harda mümkündürsə, orda sıxışdırır. Putin Krımı işğal etməklə və Ukraynada separatçılara dəstək verməklə qırmızı çizgini keçdi. Demək, Obama ondan əl çəkən deyil”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bu fikirləri ABŞ-Rusiya qarşıdurmasını və “soyuq müharibə”nin perspektivlərini şərh edərkən bildirdi. Ekspert dedi ki, Obamanın prezidentlik müddətinin bitməsinə cəmi 2 il qalsa da, Putini zəiflətmək Obamanın həyati məqsədinə çevrilib: “Ağ Ev sahibi Konqresdəki son çıxışında faktiki Rusiyanı çökdürməyi gizlətmədiyini dedi. Heç soyuq müharibə illərində belə ABŞ prezidentləri ”bizim məqsədimiz SSRİ-ni çökdürməkdir" demirdilər. Belə düşünürdülər, SSRİ-ni şər imperiyası adlandırırdılar, ancaq sovet quruluşunu dağıtmaq kimi planlarının olduğunu açıq şəkildə demirdilər. Hazırda isə məhz Rusiyanı çökdürmək planı işə düşüb. Çünki Putini taxtdan salmağın yeganə yolu Rusiyanın iqtisadiyyatını çökdürməkdən keçir". Ekspert xatırlatdı ki, əvvəlcə Rusiyaya qarşı ağrılı sanksiyaları işə saldılar, daha sonra neftin qiymətlərini endirdilər, indi isə Putinin ümid bəslədiyi ölkələr hədəf seçilib: “Birincisi, Amerika İranla danışıqları intensivləşdirməyə və bu ölkə ilə razılığa gəlməyə çalışır ki, Tehranı Kremldən mümkün qədər uzaqlaşdırsın. Əslində Tehranın özü də problemlər ortadan qaldırılsa, Amerikanı və Avropanı Rusiyaya dəyişməz. Çünki Tehranın əsas gəlir imkanları məhz Qərb bazarındadır. İran öz neftini və qazını Avropa bazarına sata bilər. Rusiya isə İrana bu bazarda rəqibdir”.
Politoloq bildirdi ki, Obamanın Putinlə yarışdığı daha bir ölkə Hindistandır: “Putin bir müddət öncə Hindistana rəsmi səfər etdi və oradan Amerikaya barmaq silkələdi ki, siyasi və iqtisadi münasibətlərini genişləndirəcək başqa ölkələr də var. Rusiya Hindistan bazarına möhkəmlənmək və bu ölkəyə daha çox hərbi texnika satmaq istəyir. Obama yenə də özünü çatdırdı. Bu həftə Ağ Ev sahibi Hindistana rəsmi səfər etdi. Obamanın Hindistana səfəri Putinin səfərindən daha möhtəşəm alındı. Düşünürəm ki, yaxınlarda Obamanın Putinlə Çin uğrunda mübarizəsi də başlaya bilər”.
ABŞ-Rusiya qarşıdurmasının Cənubi Qafqazın, o cümlədən Azərbaycanın taleyinə nə vəd etməsi barədə danışan E.Şahinoğlu qeyd etdi ki, Obama administrasiyası hələlik Cənubi Qafqaz istiqamətində fəal deyil: “Ağ Evin sahibi burada Putinin üstünlüyünü qəbul edir. ABŞ-ın mövqeləri sadəcə Gürcüstanda güclüdür. Cənubi Qafqazın əsas dövləti isə Azərbaycandır. ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi üçün Azərbaycanla əlaqələrini genişləndirməsi lazımdır. Bunun başlıca yolu Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artmasından gedir. Azərbaycanın Moskvanın patronajlığı altında yaradılan Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olmaması Vaşinqtonun maraqlarına uyğundur. Digər tərəfdən, Rusiya Azərbaycanla sərhəddə idxal-ixrac əməliyyatlarını sərtləşdirib ki, bu iki dövlət arasında ticarət mübadiləsinə istər-istəməz mənfi təsir edəcək. Rusiya-Azərbaycan münasibətlərindəki bu faktorlar Vaşinqtonun işinə yaraya bilər. Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həlliylə bərabər Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına nail ola bilər. Bu da ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. Bu mənada ABŞ son zamanlar gərginləşən Ermənistan-Rusiya münasibətlərindən də öz xeyrinə istifadə edə bilər. Ən əsası Vaşinqtonun ”Cənubi Qafqazda möhkəmlənmək" planının işə düşməsi üçün rəsmi Bakı ilə arasındakı neqativ faktorları aradan qaldırması vacibdir".
