2015-ci ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan sonra Eldar Mahmudovun sahibkarlara qarşı qanunsuzluqlarını ictimailəşdirənlərdən ilk şəxs Maqsud Mahmudov olmuşdu. O, sahibkar olaraq MTN-də başına gətirilən müsibətlər haqda “Yeni Müsavat”a videomüsahibə https://www.youtube.com/watch?v=rQ2ceVJlY4wverərək qeyd etmişdi ki, MTN-dəki “təmizləmələr”in haqq-ədalətin öz yerini tapacağına gətirib çıxaracağına ümid edir.
O, MTN-çilər tərəfindən şantajla, hədə-qorxu ilə əlindən alınan əmlaklarının geri qaytarılması üçün məhkəmələrdə iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsi, ardından Bakı Apelyasiya Məhkəməsi əmlaklarının qanunsuz olaraq əlindən alınmasını əsas gətirərək özünə qaytarılmasını qət edib. Hazırda iş Ali Məhkəmədədir.
M.Mahmudov deyir ki, 2016-cı ilin əvvəlində o, ləğv olunmuş nazirliyin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşını MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib. İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov ”Texnikabank"a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıb. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.
Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadənin müşayiəti altında “Texnikabank”a, Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdiriblər.
Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib. 2015-ci ilin oktyabrında MTN-də məlum ”təmizləmə"lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Hökmə görə, 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.
Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəf apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə baxılıb və 8 dekabr 2016-cı ilə təmin edilməməsi haqda qətnamə çıxarılıb. M.Mahmudov deyir ki, həmin qətnamə qüvvəyə minsə də, onun əmlakları özünə qaytarılmır.
İyunun 6-də iş üzrə Ali Məhkəmədə araşdırılma aparılmalı olsa da, hakim Mehparə Əhmədova heç bir səbəb göstərmədən prosesi iyunun 30-na qədər təxirə salıb. İş adamı hesab edir ki, təxirəsalınma sifarişlidir və qanunsuz olaraq qarşı tərəfin xeyrinə qərar çıxarılmasına xidmət edir. Ona görə də ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. M.Mahmudov müraciətində Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Mehparə Əhmədovanın qarşı tərəflə əlaqəsi haqda bunları yazır: “Mehparə Əhmədovanın həyat yoldaşı ləğv olunmuş MTN-in polkovniki olub və hazırda sərəncamdadır. Əmlaklarımı təzyiq yolu ilə ələ keçirən keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu ilə sıx münasibətləri olub. C.Quluzadə keçmiş MTN-in istintaq idarəsində işləyib. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub”.
Zərərçəkən iş adamı qeyd edib ki, xanım hakimin həyat yoldaşı avtomobilini və restoranını hədə-qorxu ilə əlindən alan Cavid Quluzadə ilə yaxın münasibətlərə malikdir: “Mən artıq heç nə istəmirəm, sadəcə, dama-dama qurduğum, qazandığım şəxsi əmlakimi geri qaytarsınlar. Ümid edirəm haqq-ədalət öz yerini tapacaq, 30 iyun tarixində məndən oğurlanan bütün əmlakım geri qaytarılacaq”.
Cia.az
