|
Vasitəçilərin səfəri fonunda ortaq təlimlər: Bakı və Ankaranın mesajı

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə budəfəki səfəri maraqlı və həssas bir dönəmə təsadüf edir. Söhbət Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə riskinin heç vaxt olmadığı qədər artması ilə bərabər, daha bir mühüm gəlişmədən gedir.

Bu da ondan ibarətdir ki, vasitəçilər regiona yetişər-yetişməz Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda növbəti birgə taktiki hərbi təlimləri başlayıb. Tiflis yaxınlığında isə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə üç qonşu ölkənin - Gürcüstan, Türkiyə və Azərbaycanın ortaq hərbi manevrləri davam edir.

Yəni həmsədrlərin səfəri bu hərbi təlimlərin fonunda reallaşmaqdadır. Bundan əlavə, vasitəçilər İrəvanda ikən Türkiyə Quru Qoşunlarının baş komandanı, ordu generalı Saleh Zəki Çolakın Bakı səfəri diqqətdən yayınmayıb. Türkiyəli general Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. Görüşdə iki qardaş ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlıq və döyüş təcrübəsi mübadiləsi ilə bağlı müzakirələr aparılıb, hərbi və hərbi-texniki əməkdaşlığı daha da genişkəndirməyin zəruriliyi xüsusi qeyd olunub.

*****

Azərbaycan və Türkiyə arasında hərbi sahədə əlaqələrin daha da dərinləşməsinin, o cümlədən iki ölkə arasında, həmçinin Gürcüstanla birgə davam edən üçlü hərbi təlimlərin şübhəsiz ki, Qarabağ məsələsinə bilavasitə təsiri var. Bu, əslində elə vasitəçilərə bir xəbərdarlıq mesajıdır ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində tək deyil və ərazilərimizin Ermənistan tərəfindən ilhaqı ilə heç vaxt barışmayacaq, eyni zamanda ərazilərin azad edilməsi üçün güc variantı hər an işə düşə bilər.

Belə bir mesajın verilməsi həm də ona görə yerinə düşür ki, nəhayət, həmsədrlər regionda müharibə ehtimalının nə dərəcədə böyük olduğunu ciddiyə alıb da, sülh danışıqlarının konstruktiv məcrada bərpasına səylər göstərsinlər. Bundan ötrü isə ilk növbədə İrəvanı “başa salmaq”, ağla gətirmək tələb olunur, nəinki işğalçı ilə işğala məruz qalan tərəfə bərabər gözlə baxmaq taktikasını davam etdirmək. 
Bu yanlış taktika atəşkəs dövründə artıq bir dəfə - ötən ilin aprelində ağır hərbi texnika vasitələrinin iştirakı ilə kifayət qədər böyük hərbi toqquşmaya gətirib və böyük müharibəni çox çətinliklə dayandırmaq mümkün olub. Növbəti dəfə belə cəhdlər nəticəsiz qal bilər. O üzdən nə qədər gec deyil, sülhün alternativi hesab olunan müharibənin gündəmdən çıxması üçün təcili gərəkən addımlar atılmalıdır.


*****


Bu xüsusda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun status-kvonu dəyişməyin zəruriliyi barədə son açıqlaması bir daha həmsədrlərin diqqətini vəziyyətin kritikliyinə yönəltməklə yanaşı, sülh danışıqlarını intensivləşdirmək imperativi qarşısında qoyur.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk”. Bunu Azərbaycanın baş diplomatı Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskva görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.


“Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. Status-kvo-nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, status-kvo qəbuledilməzdir”, - deyə nazir qeyd edib.


*****


Məsələ də ondadır ki, status-kvonu kim və necə dəyişəcək. Əgər status-kvo indiki münaqişə ətrafında hazırkı durumun daha da pisləşməsi yönündə olacaqsa, daha doğrusu, dolaysı ilə işğal rejiminin uzanmasına, qanuni torpaqlarımızda ikinci saxta erməni dövlətinin yaradılmasına xidmət edəcəksə, yəni Azərbaycanın ərazi bütövlüyü üçün daha böyük təhlükə kəsb edəcəksə, təbii ki, Bakı heç vaxt bununla razılaşmayacaq və belə danışıqlarda iştirak etməyəcək.


Qısası, Azərbaycana sırf status-kvonun formal dəyişməsi də lazım deyil. Əsas hədəf - konfliktin müstəsna olaraq, beynəlxalq hüquq normaları və BMT sənədləri əsasında, ədalətli həllinə kurs götürülməsidir. Yoxsa ki, status-kvonu Azərbaycan ordusu dəyişməli olacaq. Müharibə isə bütün tərəflər üçün, xüsusən də işğalçı tərəf üçün böyük itkilər və dağıntılar deməkdir. Eyni zamanda vasitəçi ölkələrin bölgədəki maraqları ciddi zərər görəcək.

Bu arada təmas xəttindəki gərginlikdən NATO da narahat olmağa başlayıb.

“NATO-ya üzv bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır”.

Bu sözləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib (APA). Onun sözlərinə görə, belə vəziyyət siyasi gərginliyə səbəb olur. “Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa Minsk Qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə alyansın mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.

Şimali Atlantika blokunun təmsilçisi regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini də söyləyib: “Hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda bu ərazidə toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk Qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk Qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”.

*****

Əlavə edək ki, eyni narahatlıq vaxtaşırı digər beynəlxalq qurumların rəsmiləri tərəfindən də səslənir. Amma əfsuslar olsun ki, nəticə - sülh prosesində real dönüş hələ ki gözə dəymir. Bunun da əsas səbəbi konfliktin həllinə cəlb olunmuş iki superdövlətin - Rusiya və ABŞ-ın vasitəçi dövlətlər kimi öz missiyalarını yerinə yetirməyə tələsməməsi, münaqişənin ədalətli həllinə maraq göstərməməsi, daha betəri, hətta təcavüzkara gizli-aşkar rəğbət bəsləməsidir.

Demək, müharibə faktoru öz aktuallığını saxlayır. Demək, Azərbaycan öz hərbi qüdrətini və döyüş təcrübəsini həm də NATO üzvü Türkiyənin sayəsində daha da artırmaqda ən doğru yolu tutub. Müharibə Azərbaycanın istəyi deyil. Ancaq əgər onu işğalçı istəyəcəksə və həmsədrlər də buna indiki kimi biganə qalmaqda davam edəcəksə, onda onu - müharibəni mütləq alacaqlar.

“Həmsədrlər bölgədədirlər, ancaq yeni heç nə yoxdur”.

Musavat.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə yerləşdirdiyi videoçarxda politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişin olmamasını indiki dönəmdə təhlükəli hesab edib.

“Həmsədrlərin bölgəyə səfərində iki məqsədləri var: atəşkəsə daim riayət olunması və prezidentləri qısa müddətdə görüşdürmək. Onlar bu il martın sonlarında bölgəyə səfər etmişdilər və apreldə savaşın başlaya biləcəyindən qorxurdular. İndi də vəziyyətin gərginləşməsindən narahatdırlar. Bu qorxudan qurtulmağın bir yolu var: o da mərhələli həll planını Ermənistana qəbul etdirməkdir. Bu baş verməyənədək isə atəşkəs pozulacaq, çünki status-kvo Azərbaycanın maraqlarına cavab vermir” - politoloq bildirib.

O qeyd edib ki, həmsədrlər ikinci məqsədlərinə də çatmayacaqlar: “Əgər danışıqlarda irəliləyiş və yeni elementlər yoxdursa, prezidentlərin görüşünə də ehtiyac yoxdur. Artıq ilin yarısı keçib, ötənilki gözləntilər də özünü doğrultmadı. Böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq etmək istəməsələr də, narahatlıqları var. Bu narahatlıqla bağlı iki faktor diqqət çəkir. Estoniyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edib və mətbuat konfransında belə bir fikir işlədib ki, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Azərbaycan isə status-kvonu qəbul etmir və dəyişilməsini tələb edir. Status-kvo da danışıqlarla dəyişmir. Demək, status-kvonu dəyişməyin yeganə yolu var və onu da avropalı nazirlər inkar edirlər. NATO-dan da bir açıqlama gəldi ki, alyans Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsindən narahatdır. Yəqin, həm hiss edirlər, həm də kəşfiyyat məlumatları var ki, yay aylarında vəziyyət yenidən gərginləşə bilər. Bunun üçün də ciddi əsaslar var”.

Ekspert birinci səbəb kimi danışıqlar prosesində heç bir irəliləyişin olmamasını göstərir: “İkincisi, Ermənistan təxribatlarını davam etdirir. Ona görə də toqquşma ehtimalı artır və bunun qarşısını almaq üçün məhz bu cür açıqlamalar verirlər. Bu açıqlamalarla münaqişənin həllini sürətləndirmək mümkün deyil. Real fəaliyyət lazımdır, ancaq çox təəssüf ki, biz də böyük dövlətlərin əməlində bunu görmürük”.

 Cia.az