Ötən həftənin sonundan Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 12-də işğal altındakı Dağlıq Qarabağa gəliblər. Azərbaycandakı narazılıqlara məhəl qoymayan həmsədrlər bu dəfə də işğal altındakı torpaqlarımıza İrəvan marşrutu ilə səfər ediblər. Bir sıra müşahidəçilər Minsk Qrupunun bu ənənəsini Azərbaycana sayğısızlıq kimi izah etməklə yanaşı, Bakını işğal faktoru ilə barışdırmaq niyyəti kimi qiymətləndirirlər.
Həmsədrlər sonuncu dəfə Xankəndi şəhərində bu ilin yazında, Ermənistandakı seçkilər ərəfəsində olmuşdular. Diqqətçəkən budur ki, diplomatların Qarabağa hər gəlişindən sonra bölgədə vəziyyət gərginləşir, ermənilər xüsusi aqressivlik nümayiş etdirməyə başlayırlar. Son həftə ərzində həm Ermənistan prezidenti, həm də Qarabağ separatçılarının başçısının Azərbaycan qoşunları ilə üzbəüz mövqelərə gəlişi, hərbçilərlə görüşü də suallar doğurdu. Qeyd edək ki, Qarabağ separatçılarının başçısı, özünü “Dağlıq Qarabağ respublikasının prezidenti” adlandıran Bako Saakyan həmsədrlərin səfərindən bir neçə gün əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə gələrək işğalçı ordunun hərbçiləri ilə görüşdü, onlara “tapşırıqlar verdi”. Bundan əvvəl isə Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanla sərhəddə, Tavuş vilayətinə gəlişindən və hərbçilərlə görüşündən bir gün sonra B.Saakyanın təmas xətti boyunca yerləşən mövqelərdəki hərbçilərə baş çəkməsi səbəbsiz ola bilməzdi. İlk baxışdan bu, Saakyanın Sərkisyanı yamsılaması kimi görünə bilər.
Amma düşmənin olduqca məkrli və hiyləgər olduğunu nəzərə alsaq, işğalçının hansısa təxribatlara hazırlaşdığını, son zamanlarda aldığı zərbələrin əvəzini çıxmaq üçün hərəkətə keçə biləcəyini deməyə əsas verir. O da mümkündür ki, S.Sərkisyan və B.Saakyan son zamanlar hərbi texnika və canlı qüvvə sarıdan itkilər verən erməni ordusunda ruh aşılamaq üçün ön xəttə gəliblər. Hər halda, inanırıq ki, qəhrəman əsgər və zabitlərimiz düşmənin istənilən təxribatını yerindəcə dəf etməyə hazırdır. Bundan sonra isə B.Saakyan həmsədrlərin qarşısında “sülh nağılları” danışıb. Məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib. Hər halda, həmsədrlərin bu dəfə də təcavüzə qon qoyulması zərurətini işğalçı və separatçının diqqətinə çatdırmadığı şübhə doğurmur. Bir həftə sonra isə diplomatlar Bakıya gəlib işğalçıların mövqeyini çatdırmaqla işlərini bitirəcəklər.
Lakin düşmənin son zamanlar növbəti təhlükəli planları işə salması Ermənistanın və Qarabağ separatçılarının sülh yolundan imtinasına şübhə yeri qoymur. Rusiyalı yazıçı Eduard Limonovun Qarabağa qeyri-qanuni səfəri və Azərbaycan ərazilərinin işğalını təqdir edən açıqlamalar verməsi, üstəlik, Dağlıq Qarabağdakı erməni məktəblərində Rusiya gerbinin, rus yazıçılarının portretlərinin asıldığını söyləməsi, ölkəsinə xitabən Qarabağı öz tərkibinə qatmağa çağırması növbəti təhlükəli planlardan xəbər verir. Hesab olunur ki, erməni separatçıları Abxaziya və Cənubi Osetiya separatçılarının getdiyi yolu təkrarlamaqla Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən xilas olmaq, torpaqların zəbtini uğurla başa çatdırmaq istəyirlər. Düzdür, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma Limonovun sayıqlamalarına reaksiya verilməməsi də şübhələr yaradır.
Deputat, Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a dedi ki, Qarabağda Rusiyanın protektoratlığını təmin etmək və Xankəndini Kremlə tabe etdirmək ideyası yeni deyil: “SSRİ-nin çöküşü ərəfəsində və Azərbaycan daxilində etnik separatizmin qızışdırıldığı illərdə rusiyalı diplomat Arkadi Volskinin rəhbərliyi altında yaradılan xüsusi idarəetmə komitəsinin və mərkəzi hakimiyyətin səlahiyyətlərinin mənimsənilərək ona verilməsini də yalnız Qorbaçov yenidənqurmasının gətirdiyi xaosun içərisində verilən spontan qərar saya bilmərik. Təəssüf ki, Eduard Limonov adlı rus millətçisi, hətta faşist təmayülünə uğrayan bir adamdan öncə Rusiya və İran arasında 19-cu əsrdən gedən vuruşların nəticəsində bütövlükdə Qafqaza nəzarətin bir imperiya üçün necə böyük əhəmiyyət kəsb etdiyini bilən hər kəs Azərbaycan ərazisində formalaşan xanlıqların üzərindən bölgəni əldə saxlamağın dönməz tərəfdarları olublar. Son illər Ukrayna ətrafında gedən döyüşlərin üzə çıxardığı şovinizmin tarixi kökləri məhz buradan qaynaqlanır. Keçmiş sovet məkanındakı konfliktlərin uzunömürlü olması millətçi dairələrə xalqların keçmişi barəsində özlərinə məxsus ideologiyalar və fəlsəfi təlimlər yaradaraq həmin patriotik mühitdə xal qazanmağa və millətlərarası nifaqı körükləməyə nail olurlar. Təsadüfi deyil ki, hətta ən qatı rus liberalları sırasında da ərazilər, sonsuz sərhədlər və ”russkiy mir" məsələsində fərqli baxışların deyil, məhz istilaçı düşüncənin üstün gəldiyinin şahidi olursan. Fərqli platforma sahiblərinin sırasında Eduard Limonov kimilərin antitürk isterikası, yaxud ondan böyük Moskvaya üçüncü Roma və qədim Bizansın varisi kimi yanaşması Rusiyanın xarici siyasətinin əsas postulatlarına çevrilməsə də, dövlətlərarası münasibətlərin xarakterindən və geopolitikanın tezdəyişən mahiyyətindən asılı olaraq, millətçiləri təbliğat və informasiya savaşlarının önünə çıxarırlar".
Bəs Qarabağın Rusiyaya birləşdirilməsi mümkündürmü və orada yaşayan titullu xalqın-azərbaycanlıların iradəsindən kənarda, hazırkı işğal reallığının hökm sürdüyü dövrdə Kremlin strateqləri buna gedərmi? Rusiyanın təbəəliyi əleyhinə çıxış edən və onları öz milli dövlətçiliklərinə təhlükə sayan ermənilər, o cümlədən həmin ərazilərdə yaşayan yerli sakinlər belə ssenarini xilas yolu kimi qəbul edərmi?
Z.Oruc: “Dərin təhlillər aparsaq, qoyulan suallara tam və aydın cavablar ala bilərik. Məsələ burasındadır ki, Gürcüstanla 2008-ci ildəki məlum 5 günlük müharibə nəticəsində Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini elan etmək, daha sonra beynəlxalq birlik tərəfindən tanınmayan subyektləri özünə birləşdirmək ssenarisini Qarabağda təkrarlamaq o qədər də uğurlu resept sayıla bilməz. Çünki hər bir münaqişənin özünəməxsus tarixi səbəbləri, inkişaf dinamikası və əhatə dairəsi mövcuddur. Gürcüstan nümunəsindən fərqli olaraq, Qarabağda müharibənin rəsmi tərəfləri Ermənistan və Azərbaycandır. Deməli, Abxaziya və Cənubi Osetiyanın Moskvadan kənar aid olduğu siyasi suveren subyekt mövcud deyil. İkincisi, Moskvanın qanlı müharibələr baş verən əraziləri özünə birləşdirməklə ”həll yolu" tapması qətiyyən uğurlu yol sayıla bilməz. Çünki belədə həmin hərbi toqquşmaların və destruktivizmin avtomatik rus məkanına keçməsinə şərait yaranır. Çoxmillətli bir dövlət üçün bunun nə demək olduğunu hamı yaxşı başa düşür. Çeçen milli azadlıq vuruşmalarını böyük hərbi vasitələr və itkilər hesabına həll edən, şimal hissəsini bununla da dini terror və separatçı qüvvələrdən xilas edən bir ölkə yeni sarsıntı məkanlarına sahib dura bilməz. Bir az da sadə dillə desək, Rusiya konfliktin çözümünü deyil, onun çətiri altına qatdığı və hətta bunu hüquqi qərarlarla möhkəmləndirdiyi halda, dava onun öz içərisinə keçmiş olur. Özü də erməni-azərbaycanlı ərazi münaqişəsi hadisəsi öz miqyasını aşaraq, bütün Rusiya boyunca yayılmağa başlayır".

Millət vəkili dedi ki, burada üçüncü mühüm arqumenti də tam obyektivlik naminə səsləndirmək lazımdır: “Bildiyiniz kimi, İrəvan və Xankəndində Rusiya əleyhinə böyük qüvvələr mövcuddur. Qarabağın limonovcasına Kremlə tabe etdirilməsi ermənilərin nəzərində Azərbaycana təslimçilikdən daha böyük fəlakətdir. Çünki onun bir daha geri qaytarılmasına və yaxud hərbi yolla ruslardan qoparılmasına şans qalmır. Lakin qeyd olunan arqumentlərin üzərinə son dərəcə mühüm birini də əlavə etsək, tam mənzərəni yaratmış olarıq. Putin Rusiyası Azərbaycanla münasibətləri hər vəchlə qoruyub saxlamağa çalışır. Çünki 90-cı illərdə Yeltsin dövründə hər iki xalqı düşmən səngərinə yuvarlayanlar bunun ilk növbədə rusların maraqlarına zərbə vurduğunu yaxşı bilirlər. Şimali Qafqazdakı sabitlik Qarabağdan birbaşa asılıdır. Ona görə də rus millətçililərinin yeni ərazilər hesabına genişlənmək planı daha çox özlərinə zərbə vuran ”özünüməhvetmə" planıdır. Qafqazda əməkdaşlıq, yaxşı iqtisadi əlaqələr və strateji layihələr, mədəni mübadilələr və texnoloji yeniləşmənin fundamentində daha yaxşı inteqrasiya modeli qurmaq olar, nəinki Qarabağı Azərbaycandan qoparmaqla. Çünki bununla münaqişənin bütün dövrü ərzində arxa planda mövcud olmuş günahkar güc rəsmiləşmiş olur və avtomatik bütün dünyanın qəzəbini öz üstünə yönəldir. Qarabağ Krım ola bilməz. Rus əsgəri 19-cu əsrdə burada qan tökübsə, onda gərək həmin məntiqlə Berlini də İkinci Dünya müharibəsinin nəticəsinə görə Moskvaya birləşdirəsən".
Ermənistan və havadarları destruktiv fəaliyyətini davam etdirsə də, rəsmi Bakı danışıqları davam etdirməyə hazırdır, ancaq beynəlxalq prinsiplərə əməl etmək şərtilə. Yeri gəlmişkən, Limonovun adı artıq “qara siyahı”ya daxil edilib və onun da bir gün qolubağlı Kürdəxanı təcridxanasına, blogger Lapşinin qonşuluğuna köçməsi üçün hüquqi zəmin hazırlanır.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk”.
APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Sankt-Peterburq görüşündə və aprelin 29-da Moskva görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.
“Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. ”Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, “status-kvo” qəbuledilməzdir", - deyə nazir qeyd edib. Nazir “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qətnamələri əsasında həll olunacaq”-deyə, əlavə edib. “BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu sənədlərdə göstərilən suverenlik məsələsi bizim ortaq marağımızdır. Bütün münaqişələr beynəlxalq norma və prinsiplər əsasında həll olunmalı, BMT üzvü olan ölkələr bunlara əməl etməlidir, - E. Məmmədyarov vurğulayıb.
