ABŞ prezidenti Donald Tramp mayın 21-də Səudiyyə Ərəbistanına səfər edərək Krallıqla 11 milyard dollarlıq silah satışı müqaviləsi imzaladı. Son illərin ən böyük silah anlaşması dünyada ciddi müzakirələrə, tənqidlərə səbəb oldu. Bir tərəfdən ABŞ prezidentinin ərəbləri bu şəkildə böyük bir anlaşmaya vadar etməsi, Amerika silah sənayesinin böyük həcmdə sifariş əldə etməsi Vaşinqtonun uğuru sayılmaqla yanaşı, digər tərəfdən, müsəlman dünyasının neftdən gələn gəlirlərini silaha xərcləməsi tənqidlərə səbəb oldu.
Hazırda bütövlükdə müsəlman ölkələrinin əksəriyyəti hərbi münaqişələr və terrordan, silahlı qruplardan əziyyət çəkir. Eyni zamanda aclıq çəkən müsəlman ölkələri mövcuddur. Belə bir vəziyyətdə müsəlman ölkələrinin fantastik məbləğdə pulları sosial-iqtisadi layihələrə, inkişaf proqramlarına deyil, silaha xərcləməsi ciddi tənqidlərə səbəb oldu.
Bugünlərdə ABŞ-ın “Brukings” İnstitutunun hazırladığı hesabatda bu mövzuda maraqlı məlumatlar yer alıb. İnstitut iddia edir ki, hələlik niyyət protokolu səviyyəsində olan Trampın Səudiyyə silah anlaşmasının əsası əslində Obamanın prezidentliyi dönəmində qoyulub. Bu mövzuda danışıqlar hələ illər əvvəl başlayıbmış. Lakin ən maraqlı detal ondan ibarətdir, Barak Obamanın prezident olduğu 8 ildə (2009-2017-ci illər) ABŞ Səudiyyə Ərəbistanına nə az, nə çox 122 milyard dollar dəyərində silah satıbmış. Ən böyük silah anlaşması isə 2012-ci ildə “ərəb baharı”nın yerli müharibələrə çevrildiyi zaman müdafiə naziri Robert Qeytsin Ər-Riyada səfəri zamanı imzalanıb. Bundan başqa, BƏƏ 22 milyard, Bəhreyn 10 milyard, Qətər 21 milyard və daha çox silah alan ölkələrdir. Kiçik körfəz ölkələrinin bu qədər silahlanmasına səbəb olan amillər nələrdən ibarətdir.
Ötən 8 ildə silahlanmaya 122 milyard (sadəcə, ABŞ-dan) pul xərcləyən Səudiyyə Ərəbistanının müharibə təcrübəsi yoxdur. Krallıq, sadəcə, 2009-cu ildə Yəməndə Husi qiyamçıları ilə savaşmaq üçün ordu göndərib, daha sonra isə anlaşma imzalanıb. Ancaq 2015-ci il martın 26-da Səudiyyə Ərəbistanı Yəməndə Husi Hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra bu ölkəyə hərbi müdaxilə edib. Krallığın rəhbərlik etdiyi 10 ərəb ölkəsindən ibarət koalisiya havadan, dənizdən və qurudan Yəmənə müdaxilə edir. Hazırda bu savaş davam edir və ölkənin paytaxtı və hökumət husilərin nəzarəti altındadır. Cənubda isə devrilmiş prezident Mansur Hadinin tərəfdarları Ədən şəhəri başda olmaqla, ölkənin bir qisminə nəzarət edir.
2015-ci ildə Səudiyyə Ərəbistanı Krallığı 35 müsəlman ölkəsinin üzv olduğu “İslam Ordusu” adlı ittifaq qurub. Bu ittifaqın müsəlman ölkələrində terrora qarşı mübarizə aparacağı, İraq və Suriyaya əsgər göndərəcəyi bildirilsə də, bu baş vermədi. Səudiyyə silahlı qüvvələri Körfəz Əməkdaşlıq Təşkilatının qərarı ilə 2011-ci ildə Bəhreyndə etirazları yatırmaq üçün bu ölkəyə müdaxilə edib.
Ancaq Krallığın rəsmiləri açıq şəkildə bəyan edir ki, silahlanma İran təhlükəsi ilə əlaqədardır. İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər son illərdə kəskin şəkildə pisləşib, hər iki ölkənin rəsmiləri bir-birini təhdid edən açıqlamalar verib. Eyni zamanda Səudiyyə rəsmiləri İranı husiləri silahlandırmaqda ittiham edir. İran isə Səudiyyə Ərəbistanını ölkə ərazisində terror planlaşdırmaqda günahlandırır. Ər-Riyad hesab edir ki, İran Yaxın Şərqdə silahlı qrupları dəstəkləyir və bu da sülh üçün təhlükə yaradır.
Müşahidəçilərə görə, İran və Səudiyyə arasında birbaşa toqquşma real olmasa da, iki ölkə arasında “vəkalət” savaşı qaçılmazdır və hətta müəyyən ölçüdə davam edir. Krallıq bu səbəbdən həm ABŞ-ın dəstəyini saxlamaq, həm də ordusunun gücünü artırmaq üçün Vaşinqtonla əlaqələrindən istifadə edərək ən müasir silah və texnika alır. Son olaraq Qətər ətrafındakı böhran göstərdi ki, Yaxın Şərqdə dövlətlərarası münasibətlər çox kövrəkdir.
Cia.az
