Zaman-zaman müəllimlərin uşaqları döyməsi, təhqir etməsi kimi faktlarla üzləşirik. Bu kimi məsələlərdə konkret olaraq günahın kimdə olduğu sonacan araşdırılmasa da əksəriyyət vaxt uşaqlar günahkar kimi qələmə verilir.
Təbii ki, əgər döyülmə faktı ciddidirsə, şagirdin valideynləri sonacan haqlı olduğunu sübuta yetirir, ən pis halda isə övladlarını həmin məktəbdən uzaqlaşdırırlar. Təəssüf ki, internatda olan uşaqların əksəriyyəti valideynsiz olduğu üçün onların bu cür şansı olmur. Vicdanı olan müəllim bu cür uşaqlara həssaslıqla yanaşır. Ancaq elə müəllimlər, tərbiyəçilər də olur ki, bu cür kimsəsiz uşaqlarla necə gəldi rəftar edirlər.
Elə bugünlərdə gündəmdən düşməyən Şəki Qarışıq Tipli Uşaq Evindəki kimi. Burada 18 yaşlı qıza işgəncə verildiyi bildirilir. Bununla bağlı “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov video yayımlamışdı. Videogörüntüdə uşaq evinin sakini Aysel ona işgəncə verildiyindən danışır: “Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Neyləyim, həyatdan bezmişəm. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.
Ombudsman Aparatının məsələ ilə bağlı artıq araşdırmalara başladığı bildirilsə də, sanki məsələ unudulmağa çalışdırılır. Bəs bu cür məsələləri diqqətdə saxlamaq, işin əslini öyrənmək üçün nə edilməlidir?
Deputat Fazil Mustafa bəzən uşaqların dözümsüzlük göstərdiyini dedi: “Bəzən müəllimin də günahı olur. Birbaşa informasiya uşaq tərəfindən gedir və insanlar dərhal uşağın tərəfini tuturlar. Uşaq dedisə, uşaq daha məsumdur və inandırıcıdır. Axı müəllimin də haqqı var. Elə şərtlər var ki, müəllim də bu uşağı yetişdirməli, hazırlamalı, dərs oxutdurmalıdır. Bəzən müəllim uşağı döydü deyə, hay-küy salırlar. Bəzən yüngülvari hansısa formada uşağı tədrisə cəlb etmək üçün müəllim çalışırsa, müəllimin qol-qanadını da qırmaq olmaz. Düzdür, uşağı döymək olmaz. Amma hansısa bir motivlə, hansısa bir irad bildirmək üçün uşağa söz deyilirsə, bu, bir kriminal kimi qiymətləndirilə bilməz. Ona görə də bir çox məsələlər var ki, bu, həqiqətən də araşdırılmalıdır. Əgər həqiqətən də pedaqoji etikadan, insanlıq etikasından kənara çıxılıbsa, məsuliyyət yaranır. Əgər yoxdursa, müəllimin haqqını da qorumaq vacibdir”.
Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov bildirdi ki, bu işin ört-basdır edilməsinə səlahiyyətli orqanlar imkan verməməlidir: “Əgər bu uşağın verdiyi informasiya hər yerdə gedibsə, müvafiq orqanlar bununla maraqlanmalıdır. Bunun əsasında isə günahkar tapılmalı, cinayət işi qaldırılmalıdır. Ola bilər ki, işin araşdırılması üçün uşaq internatdan ərizə verə bilmir. Valideyn olanda uşağın döyülməsi ilə bağlı ərizə müvafiq orqanlara valideyn tərəfindən verilir. Əgər bu uşağın valideyni yoxdursa, yaşadığı rayonun qəyyumluq orqanı bu məsələni qaldırmalıdır. Nəticə də ictimaiyyətə çatdırılmalıdır ki, günahkar kimdir, uşaq, yoxsa müəllim?! Bundan sonra günahkar olan şəxs cəzalandırılmalıdır. Bu cür məsələlər aktuallaşır, qaldırılır, ancaq təəssüflər olsun ki, bir müddət sonra ört-basdır edilir. Çünki şikayət edən tərəf şikayətini geri götürür. Beləcə, iş dayandırılır və məsələ sülh yolu ilə həll edilir. İctimaiyyət isə görür ki, uşaq döyüldü, amma heç kim cəzalandırılmadı. Şikayət verənin ərizəsini götürməsi üçün ona nəsə verir, tanış tapırlar. Onlar da öz ərizəsini götürməklə əslində uşaqların hüquqlarını pozmuş olurlar. Bu uşağa konfet verməklə, harasa aparıb gəzdirməklə başını aldadıb ərizəsini geri götürdəcəklər. Beləcə, bu məsələ də ört-basdır ediləcək. Bu işin ört-basdır edilməsinə səlahiyyətli orqanlar imkan verməməlidir”.
Cia.az
