İyunun 8-də ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komi Senatın kəşfiyyat üzrə xüsusi komitəsində dinləmələrdə ifadə verib. Dinləmə təxminən üç saat davam edib, C.Komi Trampı yalan söyləməkdə və onu vəzifədə olarkən təhdid etməkdə günahlandırıb edib. Dinləmələrdə FTB-nin Rusiya təhqiqatı, Trampla gizli görüşmələri və Hillari Klintonun elektron ünvanının təhqiqatı məsələləri barədə danışıb. Bununla belə, CNN yazır ki, Kominin ifadəsində nə demək istədiyi həm respublikaçılar, həm də demokratlar üçün o qədər də aydın deyil.
Dinləmə zamanı Senatın xüsusi kəşfiyyat komissiyasının rəhbəri Riçard Börün sualına cavab olaraq Komi bildirib ki, FTB Trampın 2016-cı il seçkiləri ilə əlaqəsi olmayan, lakin Rusiya ilə əlaqədar cinayət əməli tapa bilər. Eyni zamanda bildirib ki, Rusiya istintaqının gedişatına təsir etmək üçün vəzifəsindən alındığına inanır. Eyni zamanda komitədə Trampın Rusiya ilə əlaqələri barədə suala Komi “açıq bir toplantıda” belə bir suala cavab verə biləcəyini deyib. Komi etiraf edib ki, Trampla görüşlərdə danışıqları yalan danışacağından qorxduğu üçün yazdırıb.
Trampın vəkili Mark Kasovits Kominin söylədiyi sözləri təkzib edib. Ağ Ev sözçüsü də prezidentin yalan danışmadığınl deyərək Komini təkzib edib. İki gün tvitter hesabında heç nə yazmayan Trampın isə iyunun 9-da yazdığı status və mesaj, gözlənildiyi kimi, FTB-nin sabiq rəhbəri Ceyms Komi haqqında olub.
“Bu qədər saxta məlumatlara və yalanlara baxmayaraq, total və tam bəraət....vaoo... Komi xəbər sızdırandır” - Tramp yazıb.
Eyni zamanda Komi deyib ki, təkbətək görüşdə Tramp ona keçmiş müşaviri Flinn barədə danışmaq istədiyini bildirib.
Qeyd edək ki, Ceyms Komi mayın 9-da gözlənilmədən vəzifəsindən çıxarılıb. Daha sonra Tramp onun barəsində təhqiramiz ifadələr səsləndirib. Mətbuatda isə Komi məhz Tramp da daxil olmaqla, hazırkı komandanın əsas üzvləri arasında olan şəxslərin Rusiya ilə bağlarını araşdırdığı üçün işdən qovulduğunu deyib. Hərçənd Tramp özü bu iddiaları qəbul etmirdi. Qeyd edək ki, Tramp və yaxın ətrafındakı bəzi komanda üzvlərinin Rusiya ilə əlaqələri ABŞ siyasi elitasında ciddi narahatlıq mənbəyinə çevrilib. BBC-nin məlumatına görə, hazırda ABŞ Ədliyyə Nazirliyi ilə yanaşı, Konqres də Rusiyanın Trampın seçilməsi üçün seçkilərə müdaxiləsi iddialarını araşdırır.
Yeri gəlmişkən, mediada Kominin dinləmələrinin iki hissədən ibarət olduğu, əsas hissəsinin ictimaiyyət üçün qapalı keçiriləcəyi haqda məlumat yayılıb. Əgər Kominin ifadələri ciddi “ipucları” versə, o zaman siyasi dairələr Trampın vəzifədən uzaqlaşdırılması üçün hərəkətə keçəcəklər, hətta prezidentin impiçmenti məsələsi də gündəmə gələ bilər. Baxmayaraq ki, hazırda Konqresdə əsas üstünlük Trampın mənsub olduğu Respublikaçılar Partiyasına məxsusdur, onlar isə öz partiyalarının namizədlərinin impiçment elan olunmasına isti yanaşmırlar. Lakin istənilən halda fəaliyyətdə olan prezidentə qarşı bu şəkildə “səfərbərlik” onun əl-qolunu bağlayır. Tramp postunda qalsa belə, barəsində olan bu qədər ittihamlar onun başı üzərində təhlükə olaraq qalacaq.
Görünən odur ki, Tramp məhz bu vəziyyətdən yayınmaq üçün xarici siyasət fəaliyyətini gücləndirib. Aprelin 7-də ABŞ ordusu hərbi-dəniz qüvvələrinin Suriya aviasiyasını atəşə tutmasından sonra Trampın reytinqi yüksəlməyə başlayıb və hətta dəstəkçiləri də artıb. Mayın sonunda Səudiyyə Ərəbistanına səfər edən Tramp burada 350 milyard dollarlıq anlaşma imzalayıb və bununla da Amerika iqtisadiyyatına ciddi xeyir verib. Seçkilər zamanı çıxışlarında əsas fəaliyyətini amerikalıların rifahına ayıracağını deyən Trampın indi əsas gündəmi xarici siyasətdən ibarətdir.
Dinləmələr davam edəcək və ümumilikdə bu prosesin uzanacağı gözlənilir. İstənilən halda Tramp impiçment olmasa da, üzərindəki Rusiya “yarlığı” ilə Vaşinqtonun dərin bürokratiyasının təzyiqi altında olacaq.
