Terror artıq müsəlman-xristian ölkələri arasında fərq qoymadan dünyanı bürüməkdədir. İrandan başlamış İngiltərəyə qədər artıq çoxlu sayda ölkə terror təhdidi altında yaşamağa məhkum qalıb. Dünya bir terror kabusunun qorxusu altında yaşayır sanki. Bu vəziyyət dünyanı terrora qarşı səfərbər edə biləcəkmi? Dünya ölkələri bu bəlaya qarşı səfərbər olmasalar, terror hər kəsi vuracaqmı?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, dünya artıq terrora qarşı bir dəfə səfərbər olub. Terrora qarşı ilk koalisiya 2001-ci ildə, 11 sentyabr hadisələrindən dərhal sonra yaranmışdı. Koalisiya 2003-cü ildə, İraqa müdaxilədən sonra ömrünü başa vurdu: “Bir çox ekspertlər 11 sentyabr hadisəsini İraqa müdaxilə üçün bəhanə kimi dəyərləndirdilər və xüsusilə də ABŞ və müttəfiqlərinin terrora qarşı mübarizədən öz geosiyasi maraqları naminə yararlanmaq niyyəti güddüyünü iddia etdilər. Əslində terrorizmə qarşı birgə mübarizə ideyası da faktiki olaraq, anti-İraq kampaniyasından sonra iflasa uğradı. Bu gün terrorizmə qarşı mübarizənin effektiv nəticə verməməsinin əsas səbəbi bəzi dövlətlərin terror qruplarından öz maraqları naminə yararlanması, terrorizmə qarşı mübarizədə sərgilənən ikili standartdır. Çox uzağa getməyək, Birləşmiş Ştatlar PKK-nı terror təşkilatı elan etdiyi halda, bu təşkilatın Suriyadakı uzantıları ilə - YPG və PYD ilə əməkdaşlıq edir. Eyni yanaşma digər terror qruplarına münasibətdə də var. Məsələn, Rusiya üçün federasiyadan çıxmaq istəyən çeçenlər separatçı və terrorçu idilər, amma Moskva Türkiyədə eyni fəaliyyəti göstərən PKK-nı terror təşkilatı hesab etmir. Əslində terrorizmə qarşı mübarizəni effektsiz edən də bu yanaşmadır. Nə qədər ki, bu yanaşma dəyişməyəcək, terrorizmə qarşı mübarizə də nəticəsiz qalacaq. "Əl-Qaidə" faktiki olaraq getdi, yerinə İŞİD gəldi... İŞİD gedəcək, bir başqası gələcək...”
Politoloq Elşən Mustafayev bildirdi ki, böyük dövlətlər arasında gərginliklər, problemlər, fərqli maraqlar qaldıqca terror təhlükəsi də qalacaq. İllərdir ki, terrorla mübarizə adı altında milyardlarla vəsait xərclənir koalisiyalar yaradılır, hərbi əməliyyatlar həyata keçirdilir. Amma terror hadisələri, təhdidlər davamlı olaraq artır. Çünki terrora qarşı mübarizə düzgün aparılmır: “Ağacın budaqlarını kəsməklə onu qurutmaq olmur. Onun kökünü qazımaq lazımdır. Bunun üçün də ilk növbədə terroru yaradan səbəbləri müəyyənləşdirib ona qarşı birgə mübarizə aparmaq lazımdır. Onları silahlandıran, logistik dəstək verən, nəticədə iqtisadi və siyasi maraqlar güdən güclər qaldıqca, dünyada terror təhlükəsi də qalacaq. Parlament seçkiləri ərəfəsində Londonda terror hadisəsinin törədilməsi də çox düşündürücüdür. Sirr deyil ki, bu gün fəaliyyətdə olan bir çox terror təşkilatları vaxtilə hansısa siyasi məqsədlərlə, bir-biri ilə konfliktdə olan böyük dövlətlər tərəfindən yaradılıb və sonradan ya tam, ya da qismən nəzarətdən çıxıb. Məsələn, PKK-nın, "əl-Qaidə"nin yaranması ilə bağlı mənbələrə baxanda çox şey aydın olur. Eyni zamanda İŞİD-in yaranması, maliyyələşdirilməsi də bu istiqamətdə suallar doğurur. Dünya terrora qarşı səfərbər olmaq istəyirsə, mübarizələrini sadaladığım istiqamətdə aparmalıdır. Həmçinin dünyada baş verən ədalətsizliklər də terrorçulara qoşulan insanların sayını artıran amillərdəndir və terroru yaradan səbəblərdən biri də budur. Dünya ölkələrinin terrora qarşı səfərbər olacağına ümid azdır”.
Politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, terrora qarşı səfərbər olmaq üçün ilk növbədə yaxşı terrorist, pis terrorist anlayışından vaz keçmək lazımdır. Yəni bütün terror qruplarına eyni gözlə baxılmalıdır. Təəssüf ki, ən azı indi belə hal müşahidə edilmir: “Avropa PKK terrorçularına bütün şəraitləri öz ölkələrində yaradıb. ABŞ YPG və PYD-yə açıq şəkildə silah verir. Bütün bu cür xoşagəlməz olaylar davam etdikcə, dünyanın ümumi terror bəlasına qarşı birləşməsi mümkün deyil. Lakin bu terrordan ən böyük əziyyət çəkən müsəlman ölkələri sözü bir yerə qoysa, terror bəlasından qurtulmaq olar. Ən azı regionun iki böyük ölkəsi Türkiyə və İran eyni məxrəcə gəlsələr, istər İŞİD, istərsə də PKK terrorunun sonuna çıxmaq olar. Bir də ki, bu terror dalğasının səbəbi də Qərbdir. Vaxtında sağlam Suriya müxalifətinə dəstək verilsəydi, indi nə mühacir, nə də terror problemini yaşamazdılar. Mən hələ İraq, Əfqanıstan, Liviya işğallarını demirəm. Sadəcə, Qərb bu dəfə mühacir dalğasını hesablaya bilmədi. Yaxın Şərq uzaqdadır, ora gətirdiyimiz qan, fəlakət bizim evlərdən uzaqdı prinsipinə həmişə arxalanan Qərb bu dəfə mühacir dalğasını hesablaya bilmədi. Bu dəfə Qərb ölkələri yanıldılar. Terror birinci yaradılma səbəblərini, sonra da onu yaradanlarını vurur. İndi ikinci mərhələdir. Dünyanın terrora qarşı səfərbər olmasına isə bir neçə dövlət var ki, onlar imkan vermir və verməyəcək”.
Cia.az
