Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs edilmiş əməkdaşlarından biri odövlətə vurduğu 10 milyonluq zərəri ödəyib.
Musavat.com xəbər verir ki, "Rabitə işi" üzrə həbs edilən 11 nəfərdən biri olan Beytulla Hüseynov dövlətə vurduğu və istintaq tərəfindən müəyyən edilmiş məbləği ödytib.
B.Hüseynov "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) keçmiş rəhbəridir.
Sabiq BTRİB rəhbəri 2015-ci ilin noyabr ayında həbs edilib.
O, qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürürərək mənimsəməkdə təqsirli bilinir.
O, Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
Hazırda B.Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Artıq məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı Beytulla Hüseynova 15 il azadlıqdan məhrum etmə cəzası istəyib.
B.Hüseynov məhkəmə istintaqı dövründə əvvəlcə dəymiş zərərin 3 milyonunu ödəmişdi. Prokuror B.Hüseynova 15 il cəza istəyəndən sonra o, vurduğu zərərin qalan hissəsini də tam olaraq ödəyib.
Sabiq MTN naziri Eldar Mahmudovun qohumu olan B.Hüseynov məhkəmədə günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını demişdi.
B.Hüseynov həbs edildikdən sonra onun 10-dan çox əmlakına həbs qoyulub.
