|
Ali məktəblərə imtahansız qəbul imkanı, yoxsa pul tələsi?

Azərbaycanda ali məktəblərə imtahansız qəbul təklif olunur. Bu barədə “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir. Dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.


Məsələ ilə bağlı mətbuata açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli APA-ya bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar. Yekunda “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Qeyd edək ki, illər öncə test imtahanı çıxmadan əvvəl imtahanlar bu cür həyata keçirilirdi. Maraqlıdır, bu qanunun qəbulu təhsilin səviyyəsini yüksəldəcəkmi?

Image result for Sabiq təhsil naziri Firudin Cəlilov


Sabiq təhsil naziri Firudin Cəlilov bildirdi ki, əgər bu kurslar pullu olsa, demək ki, bu pul tələsidir: “Hazırlıq kursları əvvəllər var idi. Test imtahanı çıxandan sonra o öz əhəmiyyətini itirdi. Əvvəllər hazırlıq kursunu bitirən imtahansız ali məktəbin 1-ci kursuna qəbul olunurdu. Test imtahanı qəbul edildikdən sonra bu, əhəmiyyətini itirdi və hər kəs test imtahanından keçərək qəbul olunmağa başladı. Buna görə də həmin hazırlıq kursları ləğv edildi. Hazırlıq kursu yaxşıdır, amma bir şərtlə ki, pulsuz olsun. Çox güman ki, bu pullu olacaq. Bu zaman da məqsəd aydın olur ki, bu pul tələsidir. Yəni əgər kurslar pulludursa, yenə də bu pul valideynlərin canından çıxmalıdır. İndiyə kimi humanitar məsələlərlə məşğul olan şöbə vəziyyəti gətirib bu yerə çıxarıb. Yaxşıdı ki, orada struktur dəyişikliyi gedir. Bu işdən başı çıxan bir adam ora qoyulsa, hər şey düzələr. 25 ildir ki, humanitar şöbənin nəzarətində olan bu məsələlər bax bu şəkildədir. Nə islahat gedirsə, xalqın, tələbələrin, təhsilin, elmin ziyanınadır. Bir daha deyim ki, şərt qoyuram, əgər bu kurslar pulsuz olacaqsa, etsinlər. Yox, pullu olacaqsa, deməli, bu, pul yığmaq tələsidir. Məqsəd aydındır”.