Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotu ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi veb-saytında yeni informasiya resursu yaradılıb.
Nazirlikdən APA-ya bildirilib ki, bu ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.
Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiqləməklə lazımi informasiyanı almaq mümkündür.
İndiyə qədər bir sıra tanınmış və ya sıravi vətəndaşların ölkədən çıxmasına qadağa qoyulub. Məsələn, ötən ilin statistikasına görə, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin siyahısında 423, vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısında isə 727 nəfərin adı qeyd olunub. 2014-cü ildə isə bu rəqəm 2640 nəfər olub.

Bəs kimlər ölkədən çıxa bilməzlər və ölkədən çıxmaq hansı hallarda qadağan olunur?
“Yeni Müsavat”a ölkədən çıxışına qadağa qoyulan hüquqşünas (QHT rəhbəri) Əsabəli Mustafayev bildirib ki, bu məsələlər “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanun və Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Hüquqşünas qeyd edib ki, ictimai şəxslərdən daha çox ölkədən çıxışına qadağa qoyulanlar jurnalistlərdir: “Miqrasiya Məcəlləsində qeyd olunur ki, Azərbaycan vətəndaşının dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququ var. Bir qayda olaraq, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Lakin qanunla nəzərdə tutulmuş hallar istisnadır. Onlar aşağıdakılardır:
- Tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
- Məhkum edildikdə - Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya, cəzadan azad edilənədək;
- barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
- Şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
- Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
- Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
- Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək".
Ə. Mustafayev ölkədən çıxışına qadağa qoyulan bəzi şəxslərin də adlarını sadalayıb:
“İqtisadçı Natiq Cəfərlinin qadağası var. Onun cinayət işinin tərkibində, ümumiyyətlə, yaşayış ərazisini tərk etmək qadağası qoyulub. Yəni o, heç Bakıdan da kənara çıxa bilməz, nəyinki ölkədən. Mənim özümün də QHT rəhbəri kimi qadağam var. Eyni zamanda meydan.tv və ”Azadlıq" qəzetinin bəzi jurnalistlərinin ölkədən çıxışına qadağa qoyulub. Bildiyim qədərilə onların sayı 7-8 nəfərdir. Yəni daha çox ölkədən çıxışına qadağa qoyulan şəxslər jurnalistlərdir. Bundan başqa isə bəzi şəxslər də var ki, onların xarici pasportları olmadığı üçün xaricə gedə bilməzlər".
Cia.az
