|
“Rosko”nun təmsilçisinin forumda “ətsiz kolbasa” açıqlaması aranı qatdı

“Bugünlərdə ”Rosko" şirkətinin nümayəndəsi forumda deyib ki, onlar kolbasaya ət vurmurlar. Soya ilə nələrisə qatırlar, ət dadı verir. Açığı, sosis və kolbasaya inamımı qaytardı bu bəyanat. Ən azı bildim ki, aldadıcı maddələrdir içindəki, ölü heyvan əti deyil". Bu sözləri özünün facebook hesabındakı divarında jurnalist Mahir Məmmədli yazıb. Son dövrlərdə mətbuatda kolbasa və kolbasa məmulatlarının hazırlandığı xammalın əsasən leş ətlərdən, aqoniya vəziyyətində olmuş heyvanların ətindən hazırlanması haqda kifayət qədər materiallar dərc olunub. Bu baxımdan, ətsiz kolbasa haqda xəbər kolbasa məmulatlarına iştahlı olanların, intəhası hazırlandığı xammalın şübhəli mənşəyinə görə iştahlarını boğanların sevincinə səbəb olub.


Məsələ ilə bağlı “Rosko” ticarət nişanı altında kolbasa məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Avrora” şirkəti ilə əlaqə saxladıq. Şirkətdə layihə rəhbəri olan və forumda şirkəti təmsil etmiş Aqşin Rəhimov bildirdi ki, onun fikirləri təhrif olunmuş şəkildə yayılıb: "Forumda söylədiyim fikirlərdə yalnış anlaşılma var. Rusiyadan, Avropadan Azərbaycana gətirilən məhsulların içində az miqdarda da olsa, içində ətin payı az olan məhsullar gətirilir. Amma Azərbaycanda hələ ki belə məhsulların istehsalına imkan verən texnologiya yoxdur. Ətsiz kolbasa anlayışı Azərbaycanda ümumiyyətlə yoxdur. Əminliklə deyə bilərəm ki, yerli istehsalda belə məhsul yoxdur".


Layihə rəhbəri yerli bazarda ətsiz kolbasaya tələbatın olub-olmaması haqda bunları deyib: “Azərbaycan bazarında kolbasa məmulatlarına tələbat var və böyük ənənə var. Dədə-baba texnologiyası ilə istehsal olunan kolbasaya daha çox tələbat var, nəinki ətsiz kolbasaya. Hazırda Azərbaycanda ənənəvi texnologiyadan başqa ətsiz kolbasa istehsalını bilən mütəxəssislər yoxdur. Bəlkə 3-5 ilə olacaq, bu gün belə texnologiya və mütəxəssislər yoxdur. Forumda səsləndirdiyim fikirlərin ”Avrora" şirkətinə aidiyyəti yoxdur. Orada demişəm ki, belə kolbasaların istehsalı mümkündür. Amma fikirlərim “Avrora” şirkəti istehsal edir" kimi qiymətləndirilib".


Layihə rəhbəri vegeterianlar üçün hər hansı bir məhsul istehsal etmədiklərini bildirib: “Nə ”Avrora"da, nə də digər firmalarda belə məhsullar istehsal olunmur. Mümkündür ki, bazarın tələbinə uyğun olaraq nə vaxtsa belə məhsulları şirkətlər istehsal edərlər. Hazırda kolbasa məmulatları dana və qoyun ətindən istehsal olunur".


Hazırda bazarda sümüklü dana və qoyun ətinin 1 kiloqramı kolbasanın 1 kiloqramından baha satılır. Kolbasa istehsalçıları ucuz dana və qoyun ətini haradan alırlar?


Layihə rəhbəri deyir ki, hazırda 1 kiloqramı 5-6 manata satılan kolbasa yoxdur: “Minimum 8-9 manatadır. Kolbasa deyərkən bunun içinə su, ədviyyat və başqa şeylər qatılır. 100 faiz sümüksüz ətdən hazırlanmır. Belə olsa kolbasanın kiloqramının qiyməti 10-12 manata başa gələr. Ətə su, ədviyyat, istiot və başqa şeylər qatılır”.


Layihə rəhbəri kolbasa məmulatlarına soya qatılmadığını bildirdi: “Texnoloq deyiləm, əsasən satış işi ilə məşğul oluram. Bildiyim qədər soyanın qatılması qanunvericiliyə uyğun deyil”.


Son vaxtlar yayılan məlumatlardan biri də İrandan Azərbaycana qida üçün nəzərdə tutulan karton daşınması haqdadır. Həmin məlumata görə, kartonun sifarişçisi sırf kolbasa və kolbasa məmulatları istehsalçılarıdır. Bəs “Avrora” şirkəti sifarişçilər sırasında varmı?


Layihə rəhbəri sualımıza belə cavab verdi: “İnamıram ki, Azərbaycanda kimsə kolbasaya karton qatır. Bu, düzgün məlumat deyil. Sovet dövrünü görməmişəm, eşitmişəm ki, o dövrdə belə şeylər olub. Soruşmuşam, deyiblər ki, belə şey yoxdur. Karton hara, kolbasa hara?”
Layihə rəhbəri istifadə etdikləri xammalı haradan almaları haqda suala belə cavab verdi: “Bildiyim qədər ət əsasən yerli bazardan alınır. Bir də bu işlə məşğul olan şirkətlər var. Yəqin ki, hər ikisindən alınır”.


Murdar ətlərdən, at ətindən kolbasa istehsalı haqda mətbuatda kifayət qədər yazılıb. “Avrora” şirkəti belə xammaldan istifadə edirmi? Şirkət nümayəndəsi suala belə cavab verib: “Tanınmayan, bilmədiyimiz kimsədən ət almırıq. Bəlkə belə işlərlə zirzəmidə məhsul istehsal edənlər məşğul ola bilərlər. Heç bir ciddi şirkət belə işə getməz. At ətindən kolbasanı xarici ölkələrdə normal hesab edə bilərlər, Azərbaycanda ”Qosstandart" at ətindən kolbasa istehsalına icazə vermir. Bizim şirkət at ətindən kolbasa istehsal etmir. İnanmıram ki, hansısa ciddi yerli şirkət at ətindən kolbasa istehsal etsin. Ola bilər ki, adsız-sansız bir firma üstündə etiketi olmayan kolbasa istehsal etsin və “Vosmoy” bazarı"nda dizlərinin üstünə qoyub satarlar. Ciddi şirkət at ətindən, başqa ətdən məhsul istehsal etməz".


Qeyd edək ki, Milli Marketinq Forumu illik olaraq keçirilir. Yerli istehsal şirkətləri foruma qatılırlar. V Milli Marketinq Forumu bir neçə gün əvvəl yekunlaşıb.

Cia.az