|
Xəbərdarlıq öz sözünü deyir – işğalçının daha iki hərbi obyekti məhv edildi

ATƏT-in baş katibi Lamberto Zanyerin Ermənistana səfərindən dərhal sonra işğalçı ölkənin Azərbaycana qarşı daha da aqressivləşməsi, təkcə hərbi mövqelərimizin deyil, yaşayış məntəqələrimizin də atəşə tutulması ortaya suallar çıxartdı. Qarabağ probleminin dinc yolla tənzimlənməsi missiyasını üzərinə götürmüş bir təşkilatın rəhbərinin əslində İrəvanda dişsiz açıqlamalar verməsi diqqətdən qaçmamışdı və ermənilərin növbəti dəfə fürsətdən yararlanmaq cəhdi təəccüblü deyil.

Bir daha xatırlatmaq yerinə düşər ki, ATƏT-in baş katibi İrəvana işğalçı ölkənin XİN başçısı Edvard Nalbəndyanın dəvəti ilə gəlmişdi. Nalbəndyanın son zamanlar müxtəlif bəhanələrlə Azərbaycanla danışıqlardan imtina etməsi - Rusiyanın təşəbbüsü ilə baş tutan nəticəsiz görüşlər istisnadır, çünki Ermənistan Moskvanın iradəsinin ziddinə gedə bilməz - həmçinin qanunsuz olaraq Qarabağa gəldiyi zaman ilin sonunadək Dağlıq Qarabağın “müstəqilliyinin” ən azı bir dövlət tərəfindən tanınacağı barədə vəd verməsi yaxın zamanların reallıqlarındandır. Danışıq aparan diplomatın özünü səhra komandiri kimi aparmasına rəğmən, ATƏT rəhbərliyinin onun dəvətini yerə salmayıb Ermənistana müəmmalı səfər etməsi şübhələr yaradır. Bu səfərdən sonra isə işğalçının hətta dinc sakinləri atəşə tutması Ermənistanın öz havadarlarından sifariş aldığını deməyə əsas verir. Ancaq bəzi müşahidəçilər gərginliyi Ermənistanın “patron”unun tətikləyə biləcəyini də istisna etmir. Hesab olunur ki, prosesləri tam nəzarət altında saxlamağa üstünlük verən Kreml ATƏT-in baş katibinin səfərinin onun maraqlarına ziyan verəcəyindən narahatlıq keçirdiyi üçün hərəkətə keçə bilər. Son zamanlar Rusiyadan Azərbaycana yönəlik soyuq mesajlar da şübhələrə əsas yaradır.


Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar. Ermənistan xarici işlər naziri E.Nalbəndyanın ATƏT-in baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirlərin qarşılığında Azərbaycan tərəfi növbəti dəfə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır.


Artıq Müdafiə Nazirliyinin xəbər verdiyi kimi, mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Bunun qarşılığında Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq. Azəraycan tərəfi ilk dəfədir ki, işğalçıya “yaşayış məntəqələri” ilə bağlı xəbərdarlıq edir.


Əslində bu xəbərdarlıq tamamilə məntiqli və əsaslıdır. Ermənistan ordusu bütün təmas xətti boyunca və dövlət sərhədinin müəyyən istiqamətlərindən vaxtaşırı Azərbaycanın dinc sakinlərini atəşə məruz qoyur. Azərbaycanın analoji addım atması həm erməni əhalinin işğalçı orduya təzyiqlərini artırar, həm də beynəlxalq təşkilatları işğalçıya təsir etməyə vadar edər. Çox hallarda işğalçı ordu mülki ermənilərdən “meşin” kimi istifadə edir, yaşayış məntəqələrinin arxasında mövqe qurub Azərbaycanın mövqelərinə güllə yağdırırlar ki, bunun da, nəhayət, tutarlı cavabı olmalı idi. Ümumiyyətlə, əksər ekspertlər Azərbaycan ordusunun düşmənə təzyiqləri artırmasını təqdir edir və hesab olunur ki, Ermənistanı durdurmağın, onu danışıqlara vadar etməyin yeganə yolu davamlı şəkildə işğalçını itkilər verdirməkdir. Məhz belə təzyiqlər nəticəsində işğalçıya ölkənin Qarabağdakı hərbçiləri posta çıxmaqdan belə imtina edirlər, daxildə ölümlə nəticələnən hesablaşmaların şahidi oluruq.


Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Müdafiə Nazirliyinin xəbərdarlığı doğru və yerində verilib: “Psixoloji təzyiqi də artırmalıyıq. Hollivudun məşhur qorxu filmlərinin rejisoru Alfred Hickokun yanaşmasından istifadə etmək lazımdır. Onun filmlərini tamaşaçıya psixoloji təzyiq vasitəsidir. Biz də erməniləri bizim çəkdiyimiz ”film"i izlətməyə məcbur etməliyik".


Qeyd edək ki, Azərbaycan ordusu son günlərdə düşmənə nöqtəli zərbələr vurmaqla onu xeyli sarsıda bilib. İki gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsinin bölmələrimiz tərəfindən məhv edildiyi barədə məlumat və videokadrlar yaymışdı. Düşmən ölkə Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində Alik Avanesyanın ölümcül yaralandığını açıqlayıb. İyunun 1-də isə Müdafiə Nazirliyi xəbər yaydı ki, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb. Göründüyü kimi, davamlı təzyiqlər öz işini görür. Əgər işğalçı təcavüzə son qoymaq istəmirsə, ATƏT də missiyasına uğrun fəaliyyət göstərmirsə, başqa çıxış yolu qalmır.


Politoloq Elxan Şahinoğlunun bu xüsusda xatırlaması diqqət çəkir: “Keçmiş xarici işlər naziri Tofiq Qasımov mənə nəql edirdi ki, 1992-ci ildə Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlara başladıqda İrəvandan mesajlar alırdı. Mesajın mənası bu idi ki, Azərbaycan ordusu hücumu dayandırsın, Ermənistan Dağlıq Qarabağın istənilən muxtariyyət statusuna razıdır. Tofiq Qasımovun sözlərindən anladım ki, o, hücuma fasilə verilməsinin və ermənilərlə bölgənin aşağı statusu barədə danışıqların tərəfdarı idi. Çünki durum Azərbaycanın xeyrinə idi. Ancaq ordu ard-arda uğurlar qazanırdı və Tofiq Qasımovdan fərqli olaraq hakimiyyətdə təmsil olunanların əksəriyyəti sona qədər getməyin tərəfdarı idilər. Sonrası bəllidir”.


E.Şahinoğlunun fikrincə, Azərbaycan ordusu cəbhə bölgəsində təzyiqi daha çox artırmaqla Ermənistanı 1992-ci ildəki mövqelərinə qaytara bilər: “Əlbəttə, bu, qısa zamanda baş verməyəcək. Ancaq son illər Dağlıq Qarabağ ətrafında düşmənin vurulan hərbi texnikası və artan itkiləri işğalçıya onu anlatmalıdır ki, bunun miqyası getdikcə artacaq. Dağlıq Qarabağda hərbi toqquşmalar iki ölkənin siyasi, iqtisadi, maliyyə və hərbi potensiallarının müharibəsinə çevrilir. Potensialı çox olanın müsbət nəticəyə ümidi ola bilər. Müharibə maliyyə tələb edir. Hər gün atılan güllələrin və raketlərin, o cümlədən vurulan hərbi texnikanın yenisi alınmalıdır. İşğalçı dövləti hərbiyə daha çox maliyyə xərcləməyə məcbur etmək lazımdır. Əlbəttə, paralel olaraq ordudakı satqın şəbəkəsinin də axırına çıxılmalıdır ki, uğura yaxınlaşa bilək”.


Bu arada Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib. Ter-Qriqoryants hesab edir ki, Madrid prinsipləri ləğv olunmalıdır (azvision.az). Erməni general müsahibəsində açıq-aşkar Azərbaycan torpaqlarının qaytarılmasına qarşı olduğunu bəyan edib. “Onlar Madrid prinsipləri ətrafında danışıqlar aparır. Əraziləri qaytarmaq nə deməkdir? Nə qaytarmaq, kim qaytarır? Bu, Rusiya Federasiyasının Azərbaycana ötürdüyü erməni ərazisidir. Həmin müqavilənin ləğv edilməsi üçün Rusiya ilə danışıqlar aparılmalıdır” - erməni general təxribatçı çıxışında deyib.


Diqqətlə araşdırsaq, görərik ki, erməni general əslində bu fikriləri təsadüfən səsləndirməyib. Belə ki, ötən ay Ermənistan parlamentindəki çıxışında ilk dəfə bu barədə prezident Serj Sərkisyan iddialar səsləndirdi. O bildirdi ki. Indiyə qədər masa üzərinə çıxarılmış həll variantlarının heç biri Ermənistanın maraqlarına cavab vermirmiş. Qeyd edək ki, 20 il ərzində Azərbaycan və Ermənistana Paket (iyun 1997), mərhələli (sentyabr 1997), “Ümumi dövlət” (noyabr 1998), Madrid (noyabr-dekabr 2007-2008) və Yenilənmiş Madrid Prinsipləri (iyul 2009) variantları təqdim edilib. Madrid prinsiplərini ATƏT MQ həmsədr ölkələrinin xarici işlər nazirləri, Yenilənmiş Madrid Prinsiplərini isə ATƏT MQ həmsədr ölkə prezidentləri təsdiqləyiblər. Prezident S.Sərkisyan Kazan sənədinin (iyun 2011) son işçi sənəd olduğunu bildirib. Dolayısı ilə Ermənistan Madrid prinsiplərindən imtina edir. Əslində indi daha çox hakimiyyətinin ömrünü uzatmağı qarşısına məqsəd qoyan S.Sərkisyanın sülh danışıqlarında maraqlı olmadığı bəllidir. Üstəlik, Rusiya öz planlarını reallaşdırmaqda israrlıdır.


Əgər Ermənistan Madrid sənədindən imtina yolu seçibsə, Azərbaycan niyə referendum şərti əksini tapan bu prinsipləri rədd etməsin? Hələlik rəsmi Bakının məsələyə reaksiyası yoxdur. Amma XİN son bəyanatında da danışıqlara hazır olduğunu açıqlayıb.


Politoloq Elxan Şahinoğlu isə məsələ barədə fərqli düşünür: “Erməni generalın nə deməsindən asılı olmayaraq rəsmi İrəvan Madrid planından imtina edən deyil. Çünki bu halda Ermənistan hakimiyyəti antisülh mahiyyətini və status-kvonu uzatmaq siyasətini üzə çıxaracaq. Ermənistan hakimiyyəti üzdə də olsa sülhpərvər kimi görünmək istəyir. Minsk Qrupu formatının hazırladığı plandan imtina müharibəyə dəvətdir, bu isə Azərbaycanın xeyrinə olacaq. Onsuz da biz beynəlxalq aləmə İrəvanın oyun oynadığını, vaxtı uzatmağa çalışdığını sübut etməyə çalışırıq. İrəvan plandan imtina edərsə, bu, işimizi asanlaşdıracaq. Ona görə hiyləgər Ermənistan hakimiyyətinin Madrid planından imtina edəcəyini düşünmürəm. Belə olan halda rəsmi Bakının bu bu plandan imtina etməsinə ehtiyac yoxdur".


Siyasi analitik bildirdi ki, Madrid planının əksər hissəsi Azərbaycana uyğundur: “Çünki plana görə ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər geri dönməlidirlər. Bu planda bizim üçün yeganə təhlükə sonrakı mərhələdə referendumun keçirilməsidir. Status məsələsini biz ən axırda müzakirə etməyə hazırıq. İrəvan isə referendumla bağlı təminat aldıqdan sonra planın digər maddələrini yerinə yetirməyə hazır olduğunu bəyan edir ki, bu da bizim maraqlara ziddir. Elə buna görə də plan həyata vəsiqə qazanmır”.


İyunun ortalarında Minsk Qrupunun həmsədrlərinin də bölgəyə səfəri nəzərdə tutulub. Ancaq bu səfərdən də ciddi nəticələr gözləməyə dəyməz. Həmsədrlər daha çox status-kvonu saxlamaqda maraqlıdırlar. Necə ki, Fransanın Ermənistandakı səfiri Jen-François Çarpentier bu barədə danışıb. Diplomat deyib ki, Minsk Qrupunun missiyası Qarabağ münaqişəsini həll edə biləcək şərtlər yaratmaqdır, həmsədrlər qərar vermir: “Qərar vermək hüququ münaqişə tərəflərinə məxsusdur”. Düzdür, səfir “status-kvo davam edə bilməz”, - deyə fikirlərini yekunlaşdırıb.


Ancaq işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsinin qoyulmasının, həlli tərəflərin üzərinə qoymağın məntiqi nəticəsi odur ki, vasitəçilər məsələnin uzanmasında maraqlıdır, nəinki həllində. Odur ki, indi söz Azərbaycan ordusunundur. Təcrübə göstərir ki, Ermənistanı danışıqlar masasına və güzəştli mövqeyə ordumuz vadar edə bilər. Bunu 1992-ci ilin Ağdərə, 1992-93-cü illərin Horadiz, 2016-cı ilin aprel döyüşləri sübut edib...

Musavat