Tarixə nəzər salsaq görərik ki, Cənubi Qafqaz hər zaman müxtəlif dövlətlərin maraqlarının toqquşduğu yer olub. Azərbaycanın Cənubi Qafqazda özünəməxsus yer tutması isə heç kimə sirr deyil. Bir çox ölkələrin rəsmiləri də dəfələrlə Azərbaycanın bölgədə açar rolu oynamasını vurğulayıblar.
Elə buna görə də ölkəmizlə, bizə qonşu olan və ya olmayan dövlətlər müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır. Son illər yaranmış yeni ittifaqlar da bunu deməyə əsas verir.
Şübhəsiz ki, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün də zəruri haldır. Çünki belə əlaqələr həm də daxili ehtiyacların ödənilməsinə hesablanır. Müstəqillik illərində imza atdığımız beynəlxalq miqyaslı enerji və nəqliyyat layihələrimiz isə Avropanın, Qərbin də marağındadır. Bəs Azərbaycanda hansı ölkənin güclənməsi bizim üçün daha faydalıdır?
Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin apardığı siyasətdən hər şey aydındır: “Azərbaycan bu regionda yeganə dövlətdir ki, müstəqil, balanslı siyasət apara bilir. Qısası, bizim öz siyasətimiz var. Gəlin Cənubi Qafqaz ölkələrinə diqqət edək və öncə mövcud vəziyyətə nəzər salaq. Bu ölkələr içərisində Gürcüstan birmənalı şəkildə Rusiyanı qəbul etməyib, NATOyönümlü siyasət aparır. Gürcülər NATO üzvü olmaqla hesab edirlər ki, nə zamansa Rusiyanı cəzalandıracaqlar. Ermənistanın isə nəinki müstəqil siyasəti yoxdur, ümumiyyətlə, müstəqil siyasət aparmaq potensialı da mövcud deyil. Ermənistanda dövlətçiliklə bağlı ictimai şüur ya ziddiyyətlidir, ya da birmənalı şəkildə Rusiyanın tərkib hissəsi olmağa yönəlib. Sadaladığımdan başqa Ermənistanda hər hansı bir siyasət yoxdur.
Azərbaycana gəlincə isə regionda iqtisadiyyatın təxminən 75 faizi Azərbaycanın payına düşür. Eləcə də əhalinin də fərdi-fiziki parametrlərinə görə Azərbaycan öndədir. O cümlədən əhalimizin intellektual səviyyəsi müstəqil siyasətimiz üçün əsas yaradır. Həmçinin bu gün Azərbaycan Cənubi Qafqaz regionu üzərində olan siyasəti idarə etmək gücünə malikdir. Bu baxımdan, demək olar ki, Azərbaycanın siyasəti Cənubi Qafqazda ən prioritet siyasətdir və bizim özümüz burada liderik. Ona görə də biz Rusiya, İran və ya Türkiyəni burada lider rolunda görmək fikrində deyilik. Rusiya və eləcə də Türkiyə ilə regional miqyasda çox üstün səviyyədə münasibət qurmuşuq. Ruhaninin birinci prezidentliyi dönəmində isə Azərbaycanla İran arasında da münasibətlər birdən-birə çox yüksək səviyyədə inkişaf etdi. Ruhani ikinci dəfə prezident seçiləndən sonra birinci mətbuat konfransı zamanı bildirdi ki, regional layihələrimizi Azərbaycan vasitəsilə həyata keçirəcəyik. Yəni qeyd etdi ki, həm Rusiyaya, həm də Gürcüstana olan yolları Azərbaycandan keçəcək. Bu isə bizim xarici siyasətimizin səviyyəsinin göstəricisidir. Biz Rusiya, Türkiyə və eləcə də İranla uzlaşdırılmış siyasət qura bilmişik. Əminəm ki, Azərbaycan İranın da maraqlarını Cənubi Qafqaz regionuna gətirəcək. Bəllidir ki, bu zamana qədər İranın Cənubi Qafqaz siyasəti Ermənistan üzrə olub. Necə Azərbaycan indiyədək öz üzərində müxtəlif iri dövlətlərin maraqlarını barışdıra bilibsə, milli maraqlarımıza uyğun siyasət aparıbsa, bundan sonra da eyni münasibətlər daha inkişaf etmiş formada davam edəcək. Ona görə də burada hansısa dövlətin güclənməsindən söhbət belə gedə bilməz".
Politoloq Azərbaycanın Qərblə olan münasibətlərinə də toxundu: “Cənubi Qafqazda biz yalnız öz siyasətimizi görürük və qalanları bizimlə hesablaşmalıdır. Qərbə də bu kontekstdə yanaşırıq. Azərbaycan çox ciddi surətdə maraqlıdır ki, Qərb bəzi işlərindən ayılan zaman onun Cənubi Qafqaz regionunda çox konseptli siyasəti olsun. Bu gün Avropa İttifaqının, ABŞ-ın Cənubi Qafqaz üzrə siyasəti yoxdur. Azərbaycan hər zaman çalışıb ki, bu siyasət cücərsin. Fikir verin ki, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars layihələri əslində Qərbə gedən yollardır. Eləcə də TAP, TANAP layihələrimiz də Qərbə yönəlib. Sadəcə olaraq, Qərbin başı qarışıqdır və Cənubi Qafqaz regionu ilə hələ ki işi yoxdur. Ona görə də bir qrup insan ermənipərəst siyasət aparır, digər bir qrup gürcüləri üstün tutur və sairə. Qərb Cənubi Qafqaz regionu ilə ciddi maraqlanmağa başlayan kimi ilk olaraq Azərbaycanı görəcək. Belə olan təqdirdə Azərbaycan bu istiqamətdə də balanslaşdırılmış siyasətini qurub, uğurlarına davam edəcək”.
Cia.az
