DİN Baş Dövlət Yol Polisi İdarəsi Xırdalan şəhəri ərazisində yol polisi tərəfindən təqib olunduğu deyilən, sürücünün ölümü, sərnişinin isə xəsarət alması ilə nəticələnən qəza ilə bağlı açıqlama verib.
Baş İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev avtosfer.az-a bildirib ki, mayın 28-də, saat 15:00 radələrində Xırdalan şəhəri ərazisində aşmış “VAZ-2106" markalı, 90-EH-176 dövlət qeydiyyat nişanlı minik avtomobili onu idarə etmiş və qəza nəticəsində həlak olmuş Məmmədov Sahil Əfsər oğlu tərəfindən qaçırılıbmış. Bununla bağlı həmin avtomobili təmirə vermiş sahibi Məmmədov Emil Rəsul oğlu həmin gün Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verib: ”Lakin avtomobilin aşmasına səbəb heç də patrul avtomobili tərəfindən təqib edilməsi olmayıb. Müşahidə kameralarının görüntülərinə əsasən həqiqətən də Bakı-Quba yolunda paytaxt istiqamətinə xeyli aralı məsafədə patrul avtomobili hərəkət edib. Ancaq qarşıda gedən “VAZ-2106" markalı avtomobil Bakı-Quba yolundan Xırdalan istiqamətinə döndüyü üçün arxadan düzünə - Bakı şəhərinə doğru hərəkət edən YPX əməkdaşları onun aşmasını görməyiblər. Bu haqda patrul avtomobilinin arxasınca gələn digər nəqliyyat vasitəsinin sürücüsü onlara işarə verərək saxlatdırıb və məlumat verib. Geri dönərək qəza yerinə ilk çatan, xəsarət alanlara kömək edən, təcili yardım çağıran da məhz həmin əməkdaşlar olub. Araşdırma zamanı müəyyən edilib ki, qəzada həlak olmuş Məmmədov Sahil Əfsər oğlu Nizami rayonu B.Çobanzadə küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyib. Həmin avtomobili də sahibindən xəbərsiz götürüb sürücülük hüququ olmadan idarə edərək Saray qəsəbəsinə gedib və geri qayıdarkən qəza törədib”.

Ehtimal olunur ki, avtomobili sürücülük hüququ olmadan və icazəsiz idarə etdiyinə görə yaxalanmaq qorxusu olan S.Məmmədov arxada hərəkət edən edən patrul avtomobilinin görünüş dairəsindən mümkün qədər tez uzaqlaşmaq niyyəti ilə istiqamətini dəyişib və sürət həddini yol şəraitinə uyğun seçmədiyi üçün bir qədər sonra Xırdalan yolunda avtomobili aşırıb.
Qeyd edək ki, qəza nəticəsində ölən Sahil Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.
Bu hadisə nəticəsində ölüm halı olduğu üçünsə istər-istəməz ortaya məlum sual çıxıb. Bu situasiyada polis haqlı idi, ya sürücü? Hətta qanunsuz avtomobil idarə etsə belə, polisin onu təqib etməsi nə dərəcədə qanunidir?
![]()
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, şəxsin sürücülük vəsiqəsini olmaması və nəqliyyat vasitəsinin özünə məxsus olmaması onu təqib etmək üçün əsas deyil. Müsahibimizin sözlərinə görə, əgər polisdə sürücünün və ya maşında olan sərnişin(lər)in cinayət əməli haqda məlumat varsa, bu halda təqib üçün əsas yarana bilər. Onun başqasına məxsus olan nəqliyyat vasitəsini qaçırması da cinayət əməli sayıldığı üçün polis onu təqib edə bilər: “Amma bununla paralel, polisin təqibi də təhlükəsizlik tələblərinə uyğun olmalı, başqalarına ziyan vurmamalıdır. Bundan başqa, təqib olunan avtomobilin sürücüsü ölürsə, bunda polisin heç bir günahı yoxdur. Təsəvvür edin ki, polis sürücünü təqib edir. Sürücü bilir ki, saxlananda cəriməsi var. Amma bununla belə, riskə girir, sərt hərəkətlərə yol verir və nəticədə qəza şəraiti yaradıb, özünü məhv edir. Bu halda polisin heç bir məsuliyyəti yoxdur. Təqib qanunsuz olsa da, təqibə heç bir əsas olmasa da, bunun nəticəsində sürücü qəzaya yol verib, özünü öldürürsə, polisi buna görə intizam məsuliyyətinə cəlb etmək olar. Amma ölümə görə məsuliyyət daşımayacaq”.
Ə.Hüseynov dedi ki, əgər təqib zamanı polis öz maşını ilə kimisə vursaydı və ya maşını qəzaya sürükləyib, ölümə səbəb olsaydı, bu halda onun məsuliyyətindən danışmaq mümkündür.
Cia.az
