Ötən ilin ikinci yarısında Rusiyanın Ermənistana hədiyyə etdiyi “İsgəndər M” raket kompleksləri yenidən gündəmə gəlib. Əslində işğalçı ölkə təmsilçiləri vaxtaşırı bu silahlarla Azərbaycanı hədələməklə həm də bölgəni təhdid altında saxlayırlar.
Elə mayın 28-də Tiflisdə keçirilən NATO-Parlament Assambleyasının Elm və Texnologiyalar komitəsinin iclasında Yaxın və Orta Şərqdə ekologiyanın vəziyyəti, Qara Dəniz hövzəsində təhlükəsizlik, ballistik raketlərdən müdafiə və digər məsələlərin müzakirəsi zamanı da bu təhlükədən bəhs olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin direktoru İrakli Meneqaraşvili Qara Dəniz hövzəsində təhlükəsizlik və ballistik raketlərdən gələn təhlükələrlə bağlı məruzə ilə çıxış edib. O, tutarlı faktlar gətirərək Qara Dəniz regionunda real təhlükələrin olduğunu bildirib. Sessiyasda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənistan bu bölgələrdə mədəniyyət abidələri və təbii sərvətləri talayıb, ekoloji sistemə ciddi ziyan vurub. Ermənistandakı Metsamor AES-in radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Bu AES Cənubi Qafqaz ölkələri üçün təhlükədir”.
Deputat Rusiyanın Suriyada terrorçulara qarşı mübarizədə Ermənistan ərazisində yerləşən hərbi bazalarından, daha konkret desək, ballistik raketlərdən istifadə edəcəyini bəyan etdiyini vurğulayıb: “Bu isə Cənubi Qafqazda sabitliyin pozulmasında əsas rol oynayan Ermənistanın ballistik, operativ-taktiki raketlərə malik olduğunu bir daha sübut edir. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələri, eləcə də Avropanın özü üçün ciddi təhlükə mənbəyidir”. M.İbrahimqızı bu cür faktların məruzədə əksini tapmamasından təəssüf hissi keçirdiyini bildirib.
Diqqətçəkən budur ki, sonda məruzəçi İrakli Meneqaraşvili Azərbaycan nümayəndə heyətinin sözlərini təsdiqləyərək Ermənistanın Rusiyadan “İsgəndər-M” operativ-raket kompleksi aldığını və bunun da Cənubi Qafqaz regionu üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edib.
Xatırladaq ki, hələ ötən ilin payızında da Gürcüstanın ayrı-ayrı təmsilçiləri qonşu Ermənistana daşınan “İsgəndər”lərin təkcə Azərbaycana deyil, elə Gürcüstanın özünə də təhlükə yaratdığını bəyan etmişdilər. Sözsüz ki, burada Rusiyanın NATO-ya qarşı planları da yer alır və Türkiyənin Alyans üzvü olması təhlükə ilə üz-üzə qalması anlamını verir.
Hələ 2015-ci ildə Rusiyanın Ermənistana taktiki “İsgəndər M” kompleksləri verəcəyi ilə bağlı yayılan informasiya amerikalı ekspertlərin də diqqətini çəkmişdi. Onların yekdil fikri belə idi ki, Moskva bununla ilk növbədə Güney Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyəti güdür. Hərbi ekspert, Xarici Siyasət Şurasının baş analitiki Stiven Blank bildirmişdi: “Bu, real, lakin qorxulu imkandır, çünki söhbət olduqca təhlükəli silahdan gedir”. Blank hələ o vaxt deyirdi ki, Rusiyanın belə bir addımı bütün Qafqazı təhlükə altına sala bilər. Ekspertlər xatırladırdılar ki, “İsgəndər M” özündə adi və ya nüvə başlıqları olan qanadlı və ya ballistik raketlər daşıya bilər. Ancaq çox qəribədir ki, Rusiya Kalininqradda eyniadlı silahları yerləşdirəndə Qərbin reaksiyası daha sərt oldu, nəinki Ermənistan nümunəsində. Hansı ki, Ermənistan bu silahı əldə edən ilk xarici ölkə oldu. Ancaq ilk reaksiyanı verən “Stratfor” Araşdırmalar Mərkəzi aprel döyüşlərindən sonraya təsadüf edən bu hadisənin bölgədə “balans yaradacağı” barədə əcaib mövqe sərgilədi. Ancaq reallıq budur ki, artıq “İsgəndər” ermənilərin təhdid alətinə çevrilib və o, nəinki Azərbaycanı, həm də NATO dövləti Türkiyəni, NATO yolunda irəliləyən Gürcüstanı da təhdid edir. Azərbaycanın bu təhlükəni davamlı şəkildə gündəmə gətirməsi hansı perspektivlər vəd edir?

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, rəsmi Bakının məsələni beynəlxalq təşkilatlarda qaldırmasında hər hansı problem yoxdur və bu iş davamlı şəkildə aparılmalıdır: “Ancaq ”İsgəndər"ləri Ermənistandan yığışdırmaq mümkün deyil. Çünki orada hər şey Moskvanın nəzarəti altındadır. Amma vaxtaşırı bu barədə məsələ qaldırmaq olar". H.Hacızadə beynəlxalq qurumların və ABŞ başda olmaqla, Qərb dövlətlərinin Kalininqraddakı “İsgəndər-M”lərə verdikləri sərt reaksiyadan fərqli olaraq Ermənistanın analoji silaha malik olmasına sakit yanaşmasını təəccüblü saymır. Hesab edir ki, Azərbaycana yönələn təhlükələrin qarşısını almaq üçün hansısa dövlətin hərəkətə keçəcəyini gözləməyə dəyməz: “Bizə görə heç kəs Rusiya ilə vuruşmaq istəmir”.
Ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı Tərlan Eyvazov “Yeni Müsavat”a bildirdi ki, “İsgəndər” silahının açarı Ermənistanda yox, Rusiyanın əlindədir: “Rusiyanın əlində isə tək ”İsgəndər" deyil, daha güclü silahlar və atom bombası var. Biz ayırd etməliyik, müdafiəmizi Rusiyaya qarşı qurmuşuq, yoxsa Ermənistana qarşı? Təbii ki, hərbi doktrinamız müdafiə xarakterli sənəd olub, əsasən torpağımızı işğal edən erməniyə qarsi yönəlmiş bir sənəddir.

Amma həm də digər hərbi təhdidləri nəzərə alır. Başqa bir tərəfdən, əgər Rusiya bu silahı Ermənistanın əli ilə bizə qarşı işlədərsə, bizim də onu qarşılaya biləcək digər müdafiə silahlarımız mövcuddur. Bunlar həm “Dəmir günbəz”, həm də digər adı açıqlanmayan müdafiə silahlarıdır. Təbii ki, Ermənistan rəhbərliyi də bunun fərqindədir, bilir ki, bunun cavabı çox ağır ola bilər. Ona görə də “İsgəndər” silahını reklam etməklə öz ictimaiyyətini sakitləşdirmək məqsədi güdür".
T.Eyvazov onu da qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında 2012-ci ilin dekabrında strateji saziş imzalanıb: “Bu sənədi diqqətlə öyrənsək, buna xarici hərbi təhdidlərə qarşı birgə müdafiə sənədi də deyə bilərik. Türkiyə qüdrətli, NATO üzvü olan bir dövlətdir. Həmçinin Gürcüstanın da NATO, ABŞ və digər Avropa dövlətləri ilə müəyyən sazişləri var. Rusiya açıq təcavüzə gedə bilməz. Rusiyanın Azərbaycana açıq təcavüzü həm İran, həm də digər İslam ölkələrinin ciddi narazılığına səbəb ola bilər. Bu isə indiki halda Qərblə dərin problemlər yaşayan Rusiyaya gərək deyil”.
Cia.az
