Sahibkar Hüseyn Həsənov: «Kredit şöbəsinin müdiri Sərvan Əkbərov mənə dedi ki, 8000 manata qarşı 2000 manat verməsəm, kredit verməyəcəm»
Son günlər Ucar rayonunda əhalinin yerli banklarla ciddi problemlər yaşadığı üzə çıxıb. Bir müddət əvvəl şəhid ailəsinin pulunun Beynəlxalq Bankın yerli filialının rəhbəri tərəfindən mənimsənilməsi, «Azəreredit»in rəhbərinin isə vətəndaşın adına özünün xəbəri olmadan külli miqdarda pul yazması bunlardan bir neçəsi sayılır. Amma bu sıraya «Access» Bankın yerli filialı da qatılıb.
JAM.AZ-a müraciət edən Ucar rayonu, Firdovsi küçəsi, ev 21-də yaşayan sahibkar Hüseyn Həsənov yazır ki, Access Bankın yerli filialının kredit şöbəsinin müdiri Sərvan Əkbərov ona verəcəyi kreditin 25 faizini «şapka» şəklində istəyib. «Buna razı olmadığım üçün heç bir əsas olmadan mənə kredit verməkdən imtina etdi. Bunu da belə əsaslandırdı ki, guya, mənim 2012-ci ildə başqa bankdan götürdüyün kreditin 8 gün ödəniş gecikməsi olub. Bildirim ki, rayon sakinləri tanıyıram ki, 2 və ya 3 ay ödəniş gecikmələri olsa da, onlara yenidən heç bir problem yaratmadan AccessBank kredit verib».
Sahibkar bildirir ki, o, Ucar rayonunda mobil telefonların kredit satışı ilə məşğul olan sahibkardır. «8000 manat kredit götürmək üçün AccessBanka müraciət etdim. Buna görə bankın kredit şöbəsinin müdiri Sərvan Əkbərov mənim aylıq gəlirimi arşdırdı, kredit telefon satışına dair müqavilələrimi yoxladı, satdığım kredit telefonların alıcılarına zəng edib doğruluğunu bütünlüklə öyrəndi. Rayonda olan kirayə verdiyim iki evimin kirayəçilərini ətraflı yoxladılar, yaşadığım evə və sahibkarlıqla məşğul olduğum maqazinə gedib baxış keçirdilər. Bütün göstəricilər kredit götürməyə tam cavab verdiyi müəyyən edildi və məndən 8000 manat kreditə imza etdirib, 6000 manat pul verəcəyini bildirdikdə buna etiraz etdim».
Ucarlı sahibkar vurğulayır ki, məsələ ilə bağlı bankın rəhbərliyinə yazılı müraciət etsə də, heç bir tədbir görülməyib. Amma o, ümid edir ki, məsələ araşdırılacaq və Sərvan Əkbərov cəzalandırılacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
