|
Qarabağ hər an alova bürünə bilər

Mayın əvvəlində Qarabağda müharibə riskinin mövcudluğu ilə bağlı ABŞ Milli Kəşfiyyat Agentliyinin xəbərdarlığının əsaslı faktlara söykəndiyi getdikcə daha çox məlum olur. İşğalçı Ermənistan bütün davranışları ilə prosesləri danışıqlar müstəvisindən savaş müstəvisinə çəkməyə hesablanıb.


Heç şübhəsiz, ABŞ-ın sözügedən agentliyinin direktoru Daniel Kouts Konqresə təqdim etdiyi hesabatda “Tərəflərin kompromislərə getmək niyyətinin olmaması və ölkələr daxilində artan təzyiqlər bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər” xəbərdarlığı durumun hərtərəfli anlizindən sonra ortaya çıxıb. Düzdür, agentlik rəhbəri tərəflər arasında bərabərlik işarəsi qoymaqla ədalətsizlyə yol verib. Əslində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin müqabilində Qarabağ ermənilərinə ən yüksək status-muxtar respublika status və təhlükəsizlik vəd etməklə böyük güzəştlərə hazırdır. Lakin işğalçı birmənalı şəkildə bu təklifləri qəbul etməkdən boyun qaçırır. Belə olduğu halda, Azərbaycanın öz ərazilərini azad etmək üçün hərb variantından istifadədən başqa çıxış yolu qalmır.


Üstəlik, ATƏT Minsk Qrupunun həmsədrlərinin son günlər təmas xəttində atəşkəs rejiminin pozulması hallarını pisləyən bəyanatında dolayısı ilə Azərbaycanı günahlandırmağa çalışması, işğal altındakı “OSA” zenit-raket qurğusunun, Azərbaycan əhalisi və hərbi qüvvələrinin təhlükəsizliyini təhdid edən hərbi qurğunun məhv edilməsinə görə (!) Azərbaycan tərəfini ittiham etməsi vasitəçilərin missiyasının nəticə verəcəyinə ümidləri heçə endirib. Rusiyanın da Ermənistanla hərbi birləşmə yaratması, onun başına gətirilən erməni general Andranik Makaryanın açıq mətnlə Azərbaycanı təhdid etməsi düşmənin kifayət qədər azğınlaşdığını göstrədi.


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məhz bununla əlaqədar “Yeni Müsavat”a deyib ki, Azərbaycan XİN Makaryanın bəyanatı ilə bağlı Rusiyaya nota verməli, səfir nazirliyə çağırılmalı, ondan izahat istənilməlidir. Yəni ən azı Moskvanın erməni generalın bəyanatını müdafiə edib-etmədiyinə aydınlıq gətirilməlidir. Məhz bundan sonra Azərbaycanın növbəti addımlarını müəyyənləşdirməsi daha asan olacaq, nəinki indiki qeyri-müəyyən vəziyyətdə. Düzdür, Ermənistandakı erməni-rus hərbi birləşmələrinin Qarabağdakı hərbi əməliyyatlara qarışmaq hüququ yoxdur. Amma Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” yanaşmasını xatırlayanda beynəlxalq hüququn kənarda saxlanması risklərini də unutmamalıyıq.


Bu mənada Azərbaycanın ən təhlükəli situasiyalar üçün muttəfiqləri ilə birlikdə hazırlıqlı olması zərurətə çevrilir. Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirməsi təqdir olunmaqla yanaşı, bu istiqamətdə irəliyə doğru digər addımların yaradılması da Rusiya-Ermənistan hərbi müttəfiqliyinə cavab olardı. Mayın 22-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Gürcüstana səfər etməsi, gürcü həmkarı Levan İzoria ilə müzakirələr aparması da təqdirolunan addımdır. Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının işğalçını narahat etdiyini yaxşı bilirik. Eyni zamanda Gürcüstanın Ermənistana hərbi məqsədli yükləri qadağan etməsi də işimizə yarıyır. Bundan əvvəl Azərbaycan müdafiə nazirinin İrana etdiyi səfər, iranlı həmkarı ilə keçirdiyi görüş də İrəvanda narahatlıq yaratmışdı və Ermənistanın müdafiə naziri bir neçə gün sonra İranın müdafiə naziri ilə Moskvada bir araya gəlmişdi. Bütün bu proseslərin fonunda Qarabağ cəbhəsində gərginliyin artması faktdır və hər an müharibə alovu bölgəni bürüyə bilər.


Təkcə son günlərin statistikası gərginlik fazasının təhlükəli həddə olduğunu nümayiş etdirir. Əslində Rusiyanın ev sahibliyi ilə XİN başçılarının Moskva görüşünün nəticəsiz başa çatmasından sonra işğalçı ölkə başçısının Şuşanın işğalının 25 illik tədbirlərinə qatılması həyasızlığın pik nöqtəsi idi. Bölgədə gərginlik günbəgün məhz həmin tədbirlərdən sonra artmaqdadır. Digər tərəfdən, Serj Sərkisyan 2 aprel seçkilərində Levon Ter-Petrosyan kimi güzəştli sülh tərəfdarlarını qapı arxasında saxlamaqla, əvəzində Daşnaksütyun partiyasının parlamentdə və hökumətdə təmsilçiliyinə yaşıl işıq yandırmaqla, daşnaklarla koalisyaya getməklə Qarabağ məsələsinin diplomatik yolla həlli yolundan imtina etdiyini nümayiş etdirdi. Konstitusiya dəyişikliklərindən sonra hakimiyyətinin ömrünü uzatmaqla bağlı çeşidli planlar quran Sərkisyan 2018-ci ilin aprelində prezidentlikdən baş nazirliyə keçid şansı əldə etmək üçün manevrlər edir. Düzdür, erməni xalqının cani prezidentə qəzəbi sonsuzdur, amma cəmiyyətin müqavimətinin sıfırlanması şəraitində hərbi xunta rejimi qurmuş S.Sərkisyanın növbəti posta sahiblənməsi çətin görünmür. Bu, isə o deməkdir ki, S.Sərkisyan ən azı 2018-ci ilin ortalarınadək Qarabağda status-kvonun dəyişməsində maraqlı olmayacaq, deməli, hərb yolu qaçılmaz olacaq.


Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”ın arqumentlərini bölüşdü: “Təbii ki, bütün bu qeyd olunanlar heç də müsbətə doğru bir dəyişiklik deyil. Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması, status-kvonun saxlanması Sərkisyan rejiminin ömrünün uzanması deməkdir. Bu hallar gözlənilən idi. Çünki havadarlarının xeyir-duası ilə parlament seçkilərində yenə də Sərkisyan rejimi, daha doğrusu, "müharibə partiyası" hakimiyyəti zəbt etdi. Artıq Ermənistan Müdafiə Nazirliyində də siyasiləşmə gedir. Bütün bunlar da cəbhədə gərginliyin artmasına gətirib çıxarır".


Ekspert qeyd etdi ki, Rusiyanın mövqeyi aydındır: “Moskva tam şəkildə separatçı rejimi dəstəkləyir və bununla da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini kölgədə qoyur. Təbii ki, müharibə istəməsə də, hərbi vəziyyətin belə qalması Rusiyaya xeyirdir. Çünki silah satır və hətta bununla bölgədə öz nəzarətini bərpa edir. Rusiya bazalarına gələn silahların Dağlıq Qarabağ ərazisində peyda olması heç də təəccüblü deyil”.


A.Nağiyevə görə, döyüş bölgəsindəki son hadisə də Ermənistana sensasiya üçün lazım olan addım idi: “OSA tipli silahla Azərbaycanın hava məkanına nəzarət etməklə, məqsəd heç də mülki aviasiyaya qarşı deyildi. Bu, təbii ki, təmas xəttində uçan Azərbaycana məxsus təyyarə və helikopterlərə aid idi, hətta terror aktları da istisna edilmirdi. Ermənilər bilirdilər ki, əvvəl-axır bu raketi sıradan çıxaracaqlar. Lakin sensasiya, gərginlik yaratmaq əsas məqsəd idi. Bir sözlə, belə vəziyyət çox davam edə bilməz. ATƏT-in Minsk Qrupu demək olar ki, fəaliyyətsizdir, Rusiya təzyiq əvəzinə, ermənilərlə həmrəylik nümayiş etdirir. Bunun sonu isə lokal hərbi əməliyyatlarla nəticələnə bilər”.


***


Qarabağ bölgəsindəki durumun gərginliyi beynəlxalq ekspertlərin də diqqətini cəlb edib. Döyüşlərin şiddətlənməsi barədə məlumatlar artdıqca “Qarşıdurma nəzarət altından çıxa bilərmi” sualı ortaya çıxır. Oxford Universitetinin St. Antony’s kollecindən professor Robert Chenciner bu suala mənfi cavab verib. “Bütün alınan silahlara rəğmən, onun yalnız cüzi bir qismi istifadə olunub və indiyədək gördüyümüz qarşıdurmanın coğrafiyası yalnız təmas xəttilə məhdudlaşır” - Robert Chenciner BBC Azərbaycancaya bildirib. Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru Dennis Sammut təmas xəttində eskalasiya riskinin “çox yüksək” olduğunu deyib. O, 4 günlük müharibədən sonra bir müddət hökm sürən nisbi sabitliyin ardınca vəziyyətin getdikcə pisləşdiyini deyib. “Bu il vəziyyət ötən ilə nisbətdə pisləşib. Bu ay isə ötən aya nisbətdə daha pisdir”. Britaniyalı ekspertlə azərbaycanlı politoloq Rasim Musabəyov da razılaşaraq deyib ki, həll edilməmiş qalan münaqişə hər an yenidən alovlana bilər. “Dondurulmuş müharibə sülhə gətirmirsə, danışıqlar aparılmırsa, işğal davam edirsə, atəşkəsin pozulması qaçılmazdır və müharibə hər zaman alovlana bilər” - o deyib.


***


Bu arada Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin son ermənipərəst açıqlaması və Rusiyanın Azərbaycana qarşı yanlış addımları ilə bağlı bəyanat qəbul edib. “Azərbaycan Silahlı Qüvvələri mayın 15-də qarşıdurma xəttində Ermənistan silahlı birliklərinin təxribat məqsədilə yerləşdirmək istədikləri "OSA" zenit-raket kompleksini tam haqlı olaraq məhv edib. Azərbaycan bu yöndə fəaliyyətini davam etdirməli, o cümlədən işğalçı ordunun zəbt etdiyi ərazilərimizdə keçirdiyi hərbi təlimləri raket zərbəsi ilə dağıtmalı, işğalçı dövlətin terrorçu prezidentinin və digər rəsmilərinin işğal olunmuş ərazilərimizə istənilən səfərlərinin qarşısını raket zərbəsi ilə almalıdır. Azərbaycanın beynəlxalq hüquq normalarına, Azərbaycan qanunlarına görə buna tam haqqı var" - bəyanatda deyilir.


QAT daha sonra bəyan edib: “Minsk Qrupu həmsədrlərinə, Xankəndinə səfərlər etməkdən və bununla da oradakı qondarma qurumu təbliğ etməkdən yorulmayan Kaspşik adlı üzdəniraq ”şəxsi nümayəndəyə" deyirik ki, hər dəfə sizlərdən işğalçı və işğala məruz qalanı göstərməyi xahiş edəndə susursunuz! İndi necə oldu ki, hamınız birlikdə atəşkəsin pozulmasında Azərbaycanı ittiham edirsiniz? Bəs nə üçün bu günə qədər Azərbaycanın 20 faiz ərazisini zəbt etmiş Ermənistanı işğalçı kimi tanımırsınız? Nə üçün terrorçu Sərkisyanın işğal olunmuş Dağlıq Qarabağa səfərlərinə heç bir reaksiya vermirsiniz? Cavab verin: Serj Sərkisyan hansı haqla həmin ərazilərə səfər edir? Nə üçün Ermənistanın işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsinə susursunuz? Nə üçün Ermənistanın işğal olunmuş ərazilərdə demoqrafik situasiyanı dəyişməsinə, kənardan erməniləri gətirib orada yerləşdirməsinə heç nə demirsiniz?" QAT-ın sənədində deyilir ki, həmsədr ölkələr işğalçı, terrorçu Ermənistanı himayə edir: “ABŞ, Fransa, Rusiya tam ermənipərəst mövqedən çıxış edirlər. Rusiya son hərəkətləri ilə bu istiqamətdə daha çox fəallıq göstərir. Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin dayandırılması, Rusiya XİN rəsmilərinin açıq ermənipərəst açıqlamaları, Rusiyanın Ermənistanı silahlandırması heç bir ölçüyə sığmır. Belə təsəvvür yaranır ki, Rusiya hökuməti bir dəstə erməni işbazının əlində oyuncağa çevrilib. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina etməlidir. Həmçinin Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır”.


Təbii ki, 23 ildir Qarabağla bağlı bir addım da irəli gedə bilməyən Minsk Qrupunun fəaliyyətindən imtina vaxtaşırı gündəmə gəlib və bu günlərdə rəsmi Bakı növbəti dəfə “üçlüy”ə etirazını bildirib. Ancaq hər dəfə anti-Azərbaycan mövqelərin ardınca bölgəyə fərqli qiyafədə səfər edən diplomatlar vəziyyəti yumşaldıblar. Yəqin ki, bu dəfə də belə olacaq. Rusiyaya gəldikdə, Azərbaycan hələ ki şimal qonşusu ilə ehtiyatlı davranmağı daha doğru sayır. Çünki Gürcüstan və Ukrayna nümunələri var...

YM