|
Uşağı sağlam qidalandırmaq istədilər... acından öldü

Belçikanın Beveren şəhərində 7 aylıq körpələrinin “sağlam qidalanması” üçün uşaq yeməyi əvəzinə alternativ qidalar verən cütlük onun acından ölməsinə səbəb olub. Prokurorluq Lukas adlı körpənin ana və atası üçün “ölümə səbəb olduqları” üçün həbs cəzası tələb edib.

Təbii qidalar satılan bir iş yerini sahibi olan cütlük körpələrinə 3 ayını tamamlayandan sonra uşaq qidası yerinə “super yemək” adı ilə satılan alternativ qidalar verib. Lukas adlı körpə 4 ay boyunca ancaq qarğıdakı südü, yulaf südü, quinoa südü və qara buğda ilə qidalanıb. Uşaq 7-ci ayında ancaq 4 kilo 300 qrama çatıb. Get-gedə daha da arıqlayan Lukas gecə qusmağa başlayanda isə ata-anası tərəfindən bir alternativ tibb mütəxəssisinə aparılıb. "Homeopat" adı verilən alternativ tibb mütəxəssisi Lukası birbaşa xəstəxanaya aparmalarını tələb edib. Ancaq körpə yolda dünyasını dəyişib. Körpələrinin qidalanma problemləri ilə bağlı olaraq həkimə müraciət etmədikləri üçün cütlük haqqında daha bir şikayət veriləcək. Prokuror Pascal Persoons isə deyib ki, cütlüyün "sağlam qidalanma xəstəliyi” uşağın həyatı bahasına başa gəlib.

O, uşağın valideynlərinə ayrı-ayrılıqda 18 ay həbs cəzası verilməsini tələb edib. Uşağın ana-atası isə “Səhv bir şey etdiyimizə inanmırıq. Uşağımıza ən yaxşı formada baxa bilmək üçün cəhd göstərdik. Heç kəs uşağını bilə-bilə ölümə aparmaz” – deyiblər.

Cütlük haqqındakı qərar 14 iyunda baş tutacaq məhkəmə prosesində dəqiqləşdiriləcək.

Cia.az