|
“Evlə bağlı müəyyən olunmuş şərtlər tam şəkildə tətbiq olunacaq”

Kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarına yeni binada mənzillərin verilməsinin qaydaları və şərtləri açıqlanıb. Şərtlərə görə, ən azı 3 il fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüquq var.


Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.


Qeyd edək ki, jurnalistlərə yeni binada mənzil verilməsi üçün qayda və şərtləri müəyyənləşdirmək üçün komissiya yaradılıb. Vüqar Səfərlinin sədrlik etdiyi komissiyaya KİVDF-dən Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, MTRŞ-dən Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev daxil edilib.


Artıq bir neçə gündür ki, bu şərtlər mətbuatda və sosial mediada müzakirə olunur. Mətbuat sahəsində çalışan və stajı 10 ilə çatmayan jurnalistlərin mənzil probleminin həlli ilə bağlı vəziyyət media sektorunda ən çox verilən suallardan biridir. Görəsən, şərtlərdə müəyyən elastiklik varmı, məsələn, 9 illik stajı olanlara bu haqq tanına bilərmi? Bundan başqa, uzun illər mətbuatda çalışan texniki işçilərin də jurnalistlər üçün tikilən binadan mənzil almaq hüququ varmı? Mətbuat orqanları tərəfindən irəli sürülən namizədlərdən necə nəfəri mənzillə təmin oluna bilər?


Bu suallara cavab tapmaq üçün komissiyanın üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə əlaqə saxladıq. O bildirdi ki, komissiya tərəfindən müəyyən olunmuş şərtlər tam şəkildə tətbiq olunacaq. Yəni KİV sahəsində 10 il davamlı olaraq çalışmayan və işlədiyi mətbuat orqanında 3 ildən az işləyən jurnalistlərin müraciətləri qəbul olunmayacaq: “Bu qaydalar dəyişməzdir. Orada 10 il staj qoyulubsa, deməli, 10 il olmalıdır. Burada hər hansı sürüşkənlik yoxdur. Şərtlər birmənalı şəkildə yazıldığı kimidir. O şərtləri komissiya bir dəfə müəyyənləşdirib və sona qədər də birmənalı şəkildə qüvvədə qalmalıdır”.


Mətbuat orqanlarında 10 ildən artıq işləyən texniki işçilərə də jurnalistlər üçün tikilən mənzillərdən verilməsinə gəlincə, Aydın Quliyev bu məsələnin hazırda müzakirə olunduğunu dedi: “Onu komissiyanın sədri Vüqar Səfərli də jurnalistlərlə söhbətində dilə gətirdi. O dedi ki, bu məsələ ilə bağlı müzakirə aparılacaq. Hələ ki bununla bağlı bir qərar yoxdur”.


Suallardan biri də odur ki, mətbuat orqanlarının müvafiq olaraq irəli sürdüyü 10, 6 və 3 nəfər namizəddən necə nəfəri mənzillə təmin olunacaq? 10 nəfərin hər birinə mənzil verilməsi mümkündürmü?


Aydın Quliyev bildirdi ki, şərtlərə görə televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər 6, digər jurnal və qəzetlər, eləcə də saytlar 3 nəfərin namizədliyini irəli sürə bilərlər: “Ancaq mütləq deyil ki, gündəlik qəzetlər 6 nəfərin namizədliyini irəli sürsünlər. Çünki həmin qəzetlərdə bu kriteriyalara cavab verən 6 namizəd olmaya bilər, 4 nəfər ola bilər. O zaman 4 nəfərin namizədliyini verə bilərlər. Həmin şəxslərdən kimlərin ev alacağı Prezident Administrasiyasındakı müvafiq müzakirələrdən sonra bəlli olacaq. Bu, komissiyanın işi deyil. Verilən limit daxilində bir qəzetin əməkdaşlarından istənilən sayda mənzillə təmin olunması mümkündür”.


Müzakirə olunan məqamlardan biri də evsiz olan gənc jurnalistlərin mənzillə təmin olunması məsələsidir. Bu kateqoriyaya daxil olan media nümayəndələrinin 10 illik stajı olmadığından həmin imkanlardan kənarda qalırlar.


Bu məsələyə toxunan Aydın Quliyev bildirdi ki, bu gün şərtlər belədir ki, 10 il stajın olması mütləqdir: “Mən başa düşürəm ki, gənc jurnalistlər də mənzil sahibi olmaq istəyirlər. Lakin onlar ümidlərini itirməyib bu sahədə stajlarını artırmaqda davam etsinlər”.

Cia.az