|
Rusiyada “Sovetski” vaqiəsi - köhnə binalar sökülür, camaat narazıdır

Rusiya hökumətinin “xruşşovka”ları sökmək planı hakimiyyətin özü üçün dağıdıcı effekt verə bilər

Moskva hökuməti xalq arasında “xruşşovka” kimi bilinən beşmərtəbəli köhnə sovet binalarının uçurulub, yerində daha müasir tikililər ucaltmağı planlayır.

Layihə olduqca nəhəngdir. Buna görə 5 mindən çox binanın sökülməsi, orada yaşayan 1,6 milyon əhalinin başqa yerlərə köçürülməsi nəzərdə tutulur. Layihəyə 57 milyard dollardan çox maliyyə vəsaitinin ayrılacağı gözlənilir.

Moskva əhalisinin böyük bir qismi əslində şəhərin yenidən qurulması ilə bağlı planı dəstəkləsə də, Putin hakimyyətinin niyyətinin səmimiliyinə şübhə edir. Onlar bu planın əslində bir neçə oliqarxın istəyi ilə gerçəkləşdirildiyinə və Putin rejiminin zorl əhalinin taleyi ilə oynadığına inanırlar.

Moskva əhalisi sözügedən plana etiraz etmək məqsədilə bazar günü Moskvada böyük bir aksiya keçirib. Mitinqə siyasi müxaliətdən də dəstək gəlib.

Qərb mətbuatının rəyinə görə, Rusiya hökuməti bu cür sosial qığılcımların əvvəl-axır ölkədə böyük siyasi təlatümlərə gətirib çıxaracağından çəkinir.

“Bazar günü moskvalılar meriyanın, habelə federal hökumətin onların fundamental hüquqlarına qəsd etməsinə etiraz üçün küçələri doldurdular”, - New York Times-dan Nil Makfarkuar yazır.

Müəllif mitinqdə səslənən “Sobyanin, istefa” şüarlarının getdikcə “Putin, istefa”ya döndüyünə diqqət çəkir.

“Planı tənqid edənlər bu layihənin Putinin nüfuzlu tikinti sənayesinə hədiyyəsi olaraq qiymətləndirirlər”, - Makfarkuar yazır.

Moskvalıları narahat edən layihə ilə bağlı bir çox qeyri-müəyyənləyin olmasıdır. Onlar Moskva merinin vaxtilə küçələri genişləndirmək adı altında şəhərdə apardığı dağıdıcılıq fəaliyyətini də xatırladaraq, həmin “yenidənqurmaların” ən çox merin dostlarını zənginləşdirməyə xidmət etdiyini düşünürlər.

Moskvalıları ən çox qıcıqlandıran bu tip taleyüklü qərarların onların xəbəri olmadan və razılığı soruşulmadan qəbul edilməsidir.

“Hakimiyyət cəmiyyətin dəyişdiyini görmür, Onlar insanlara yeni mənzillər verməklə xidmət etdyini düşünürlər. Lakin hökumət anlamalıdır ki, insanlar bu mənzillərin artıq mülkiyyətçisinə çevriliblər və bunlarla bağlı qərarları özləri vermək istəyirlər”, - vətəndaş fəalı Yuliya Qalyamina qəzetə bildirib.

“Minlərlə moskvalı etibar etmədikləri hakimiyyətin kobud iradəsi ilə evlərinin əllərindən getməsinə qəzəblənərək küçələrə axışdılar. Onları hətta daha rahat və geniş mənzilə köçmək perspektivi belə cəlb etmədi”, - Financial Times qəzetinin yazarı Maks Seddon yazır.

“Layihə gələn il keçriləcək prezident və meriya seçkilərinin ərəfəsinə təsadüf edir. Kremlin yüksək rütbəli məmurları bu cür küçə etirazlarının daha böyük nümayişlərə və hətta iğtişaşlara çevrilməsindən narahatlıqlarını dilə gətirirlər”, - Seddon vurğulayır.

Almaniyanın Der Spiegel qəzeti də hakimiyyətin milyonlarla əhalini yeni mənzillərə köçürmək haqqında qərarına qarşı əhali tərəfindən ifadə edilən narazılığa diqqət çəkib. “Xalqın qəzəbinə səbəb hakimiyyətin şübhəli şəkildə tələsik hərəkət etməsi və bir çox hüquqi və maliyyə məsələlərin qaranlıqda qalmasıdır”, - qəzet bildirir.

“Beş mərətbəli binaların olduqca pis keyfiyyətinə rəğmən moskvalılar öz mənzillətini əziz tuturlar. Çünki onlar özəlləşdirmədən sonra bu mənzillərin əsl sahibləri olmaqdan həmişə qürur duyublar. Bir çox insan qərar nəticəsində kənara atılmaqdan, şəhərin ucqar nöqtələrinə sürgün edilməkdən qorxur”, - məqalədə qeyd edilir.

Der Spigel sosial sabitsizliyin Kreml üçün indiki məqamda heç yerində olmadığını vurğulayır: “Mitinqdə Putinə yönəlik bucür transparantları da görmək mümkün idi: “Bizim cavabımızı seçkidə görəcəksən”...

“Mitinqdə iştirak edən minlərlə insan getto adlandırdıqları, daha doğrusu, sökülən evlərin əhalisinin köçürülməsi üçün Moskva ətrafında tikilməsi planlanan peyk-şəhərlərə getmək istəmirlər”, - İsveçərinin Tageszeitung qəzeti yazır. Qəzet şəhər əhalisinin hakimiyyətin onları aldadacağı düşüncəsində olduğunu qeyd edib.

Cia.az