Cənubi Qafqaz respublikaları müstəqillik əldə etdiyi gündən bir neçə dəfə yeni prezident seçiblər. Gürcüstanda Zviad Qamsaxudiya, Eduard Şevardnadze, Mixail Saakaşvili, Azərbaycanda Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev, Ermənistanda Levon Ter-Petrosyan və Robert Koçaryan eks-prezidentlər kimi öz respublikalarının tarixinə düşüblər.
Onların bir çoxu səlahiyyət müddəti başa çatdıqdan sonra da siyasi fəaliyyətlərini davam etdiriblər. Modern.az eks-prezidentlərin sonrakı fəaliyyəti ilə bağlı məlumatları təqdim edir.
Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya hərbi çevriliş nəticəsində hakimiyyətdən devrildiyi üçün ölkədə faktiki vətəndaş müharibəsi başlamışdı. Bu qarşıdurma 1992-ci il dekabrın 31-də Zviad Qamsaxurdiyanın ölkənin Qərbində öldürülməsi ilə yekunlaşmışdı.
Onun opponenti və Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze (1995-2003) isə “Qızılgül inqliabı” zamanı dinc yolla hakimiyyətdən devrildikdən sonra 2014-cü il iyulun 7-də Tbilisdə öz evində vəfat edib.
Şevardnadzenin gedişindən sonra hakimiyyəti ələ alan Mixail Saakaşvili isə 2013-cü ilin okyabrında 2-ci səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi kareyrasını Ukraynada davam etdirir. 2015-ci il mayın 30-da Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunan keçmiş prezident 2016-cı il noyabrın 7-də qalmaqallı formada postundan istefa verdi.
Saakaşvili 2017-ci il fevralın 28-də Yeni Qüvvələr Hərəkatı adlı siyasi təşkilat yaradıldığını elan edib. Qarşıdakı illəri Ukraynadakı siyasi mübarizədə keçirməyə iddialı olan gürcü siyasətçi qarşıdan gələn parlament seçkilərinə hazırlaşır.
Ermənistana gəlincə, bu ölkənin müstəqillik tarixində ilk prezident Levon Ter-Petrosyan olub. 1991-ci il oktyabrın 17-də prezident postuna seçilən Petrosyan 1998-ci il fevralın 3-də vəzifədən getmişdi.
İstefasından sonra 10 il ərzində elmi fəaliyyətlə məşğul olan Petrosyan 2007-ci ilin oktyabrında yenidən aktiv siyasətə qayıdaraq, prezident seçkilərində iştirak etdi. Lakin 2008-ci ilin fevralında seçkilərin ardından yaranmış vətəndaş qarşıdurmasında 10 nəfərin ölümündən sonra yeni prezident Serj Sarkisyanın göstərişi ilə ev dustağı olmuşdu.
Erməni Milli Konqresinin rəhbəri kimi Levon Ter-Petrosyan 2012-ci il parlament seçkilərində iştirak etsə də, partiyasının zəif nəticələri fonunda mandatından imtina etmişdi. Buna baxmayaraq, 73 yaşlı Petrosyan son illərə qədər aktiv siyasətlə məşğul olur, müxalif partiyaların diskussiyalarına qatılır.
Ter-Petrosyanı prezident kürsüsündə əvəz etmiş Robert Koçaryan isə daha çox Moskvada biznes fəaliyyəti ilə məşğul olur. Öz xələfi Serj Sarkisyana qarşı tənqidi çıxışlar edən Koçaryan aktiv siyasətə yenidən dönmək yerinə, keçmiş xarici işlər naziri Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın vasitəsilə Yerevandakı siyasi proseslərə təsir göstərmək istəyir.
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 1992-ci ilin martında istefa verdikdən sonra uzun illər Moskvada yaşayıb. 2010-cu ildə Bakıya dönən eks-prezident siyasi proseslərdən kənar təqaüdçü həyatı sürür. Keçmiş prezident Modern.az-a açıqlamasında xatirə kitabı yazdığını etiraf etmişdi.
Ölkənin digər eks-prezidentləri Əbülfəz Elçibəy və Heydər Əliyev isə müvafiq olaraq 2000-ci il avqustun 22-də Ankarada və 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend şəhərində vəfat ediblər.
Cia.az
