Bethun-Kukmen Universitetinin məzuniyyət tədbirində ABŞ-nin təhsil nazirinə etiraz edən məzunlar onu fitə basıb üzlərini çeviriblər.
Təhsil naziri Betsi Devos Betun-Kukmen universitetinin məzunuyyət tədbirinin qonağı kimi çıxış etməyə çalışıb. Lakin çıxışının elə ilk anında auditoriyanın etirazı ilə qarşı-qarşıya qalıb.
CNN-nin verdiyi məlumata görə, Betsi Devos bu etirazı çox güman ki, gözləyirmiş, ona görə də çıxışını da o istiqamətdə qurub: “Biz zaman-zaman bir şeylərə etiraz etsək də, ümid edirəm ki, bunu qarşılıqlı hörməti saxlayaraq edə bilərik” sözləri ilə başlayıb. Bundan əlavə, o deyib ki, demokratiyanın və ali təhsilin xüsusiyyətlərindən birini fikirləri ilə razılaşmadığımız şəxslərlə söhbət aparmaq və onlardan öyrənmək təşkil edir. Onun bu sözlərindən sonra salonda elə bir səs-küy qopub ki, universitetin direktoru müdaxilə etməli olub. O, “əgər belə davranış davam etsə, sizin dərəcələriniz geri göndəriləcək, indi özünüz seçin”- deyib.
Nazir 20 dəqiqə danışa bilib. Universitet rəhbərliyi Devosa fəxri doktor mükafatını verəndə tələbələr yenidən fitə basıblar və etiraz ediblər. Tələbələr hətta Devosun ümumiyyətlə məzuniyyət tədbirində çıxış etməməsi üçün petisiya da imzalamışdılar.
Etirazlara səbəb Devosun “kollecləri və universitetləri təsis edən qaradərililər gerçək pionerlərdir” deməsi olmuşdu.
Bethun-Kukmen Univesiteti ABŞ-da irqi ayrı-seçkiliyin olduğu dönəmdə qaradərili Meri MakLeod Bethun tərəfindən qızlar üçün təsis edilib. Əsası 1904-cü ildə qaradərili qızlar üçün qoyulan təhsil müəssisəsi 1.5 dollar büdcə ilə və 5 tələbə ilə fəaliyyətə başlayıb. O dövrdə qaradərili tələbələrə cənubda və digər yerlərdə ağdərililərin kolleclərində təhsil almaq qadağan idi.
Cia.az
