Bu günlərdə “İtlərin toyu” ilə bağlı qalmaqaldan sonra daha bir aşığın sosial şəbəkələrdə maraqlı görüntüsü yayıldı. Belə ki, yayılan görüntülərdən belə aydın olur ki, aşıq hansısa kiçik məclisdə açıq-saçıq geyinmiş iki qadının şəninə şeir qoşub-oxuyur.
Videoda aşığın ifasından çox xanımların buna reaksiyası diqqət çəkib. Görüntü tez bir zamanda sosial şəbəkələrdə və daha sonra mətbuatda yayılıb, sərt tənqidlərə tuş gəlib. Ölkə.az saytının məlumatına görə, görüntülər Tovuzun Əsrik dərəsi adlanan istirahət guşəsində lentə alınıb. İfa edən isə İbrahim adlı aşıq olub.
Xatırladaq ki, “itlərin toyu”nda ifa edən aşıq Aşıqlar Birliyinin üzvü olmadığından, qurumdan barəsində heç bir qərar verilməmişdi. Yalnız balaban ifaçısı Haqverdi Əliyev cəzalandırılaraq Aşıqlar Birliyindən qovuldu. Bəs görəsən qurum aşıq İbrahimin barəsində hansı mövqedədir?
“Həmin adamın Aşıqlar Birliyi ilə heç bir əlaqəsi yoxdur”.
Bu sözləri qurumun sədri Məhərrəm Qasımlı “Yeni Müsavat”a açıqlamasında bildirdi. O qeyd etdi ki, aşığın özü qurumun Tovuz filialının rəhbərinə bildirib ki, sərbəst aşıqdır: “Mən elə bir aşıq tanımıram, ilk dəfə idi ki, adını eşidirdim. Bizim Tovuz şöbəmizin rəhbəri Hakim Azadlıdır. Ondan həmin aşıq haqqında araşdırmağını istədim. Bildirdi ki, həmin adamın Aşıqlar Birliyi ilə heç bir əlaqəsi yoxdur. Özü də deyib ki, ”mənim sizin təşkilatla nə əlaqəm var?" O da deyib ki, “düz deyirsən”. Belə olan halda gərək Tovuzun polis bölməsinə müraciət edilsin ki, polis bu məsələni həll etsin".
Məhərrəm Qasımlı həmin aşığı şiddətlə qınadığını da bildirdi: “Mən qınayıram, çox mənfi münasibətim var. Hakim Azadlıdan da xahiş etdim ki, ona bildirsin ki, mənim ona qarşı belə bir mövqeyim var. Bir daha qeyd edirəm ki, həmin adam özü bildirib ki, bizim təşkilatla heç bir əlaqəsi yoxdur, sərbəst adamdır. Nə deyəsən...”
Cia.az
