|
Rüfət Aslanlı bank rəhbərləri ilə görüşdü

Bir qədər əvvəl Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvlərinin görüşü keçirilib.

“Report”un məlumatına görə, görüş otellərdən birində baş tutub.

Təqribən 3 saat davam edən toplantıda MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, ABA-nın sədri Zakir Nuriyev, ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri iştirak ediblər.

Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov 2016-cı ilin yekununda bank sektorunda əldə olunmuş nəticələrlə bağlı təqdimatla çıxış edib.

Bundan başqa, görüşdə Azərbaycanın bank sektorundakı problemlər, sektorun sabitləşdirilməsi istiqamətində atılan və gələcəkdə atılacaq addımlar müzakirə edilib, o cümlədən ölkədəki depozit portfelinin əsasən böyük banklarda cəmləşməsindən narahatlıq ifadə olunub, kiçik bankların da bu imkandan yararlanması yolları barədə fikir mübadiləsi aparılıb.

Görüş barədə MBNP-nin rəsmi açıqlama yayacağı gözlənilir.