“Reuters” agentliyi Misirin Liviya ilə sərhədinin bilavasitə yaxınlığında bir qrup Rusiya xüsusi təyinatlısını və dronlarını qeydə alıb.
Virtualaz.org xəbər verir ki, agentlik xüsusi təyinatlı qüvvələrin Misirin qərb hissəsindəki Sidi-Barrani aviabazasında yerləşdirildiyini bildirir. Bu aviabaza Liviya sərhədlərinə yaxındır. Məlumata görə ABŞ diplomatik dairələri Rusiyanın bu addımından çox narahat olub və hesab edir ki, məqsəd Liviyada general Halif Haftarın başçılıq etdiyi üsyançı qüvvələri dəstəkləmək, BMT-nin dəstəklədiyi milli birlik hökumətini devirmək və Qəzzafinin keçmiş silahdaşı olan Haftarı hakimiyyətə gətirmək səyləri ilə bağlıdır.
Misirin xüsusi xidmət orqanları bildirib ki, söhbət 22 Rusiya xüsusi təyinatlısından gedir, lakin onların həmin aviabazada yerləşdirilməsinin məqsədi açıqlanmır. Bununla belə qeyd olunur ki, fevralın əvvəllərindən etibarən Rusiya Misirin Mersa-Matrux rayonunda yerləşən digər hərbi bazadan istifadə edir.
