Sabiq polis rəisinin dələduzluqda təqsirləndirilən yoldaşı Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Leyla Əkbərovanın vəkilinin iştirak etmədiyi məlum olub. Buna görə, vəkilin iştirakı olmadan prosesin davam etdirilməsi mümkün olmayıb. Hakim bildirib ki, növbəti iclasda da vəkil iştirak etməsə, onu prosesdən uzaqlaşdıracaq.
Zərərçəkmiş Anarə Məmmədova biıdirib ki, təqsirləndirilən şəxsin əri Mahir Əkbərov və qızının məhkəmədə dindirilməsi vacibdir: "Onun qızı bu işlə bağlı çox şey bilir. O məhkəmədə dindirilsə çox məsələlərə aydınlıq gətiriləcək. Həmçinin Mahir Əkbərovun da məhkəməyə gətirilməsini istəyirik".
Hakim bildirib ki, Mahir Əkbərovun prosesə gətirilməsi ilə bağlı tədbir görüləcək. Hakim prosesin qeyri-müəyyən vaxtadək təxirə salındığını açıqlayıb.
Qeyd edək ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur. İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
