|
Ziya Məmmədovdan sonra hansı məmurlar vəzifəsini itirə bilər?

Nəqliyyat naziri Ziya Məmmədovdan sonra daha bir neçə iri çaplı məmur vəzifəsini itirə bilər. Ekspertlər Cia.az-a bildiriblər ki, Nəqliyyat Nazirliyinin ləğvi və nəticədə hakimiyyət komandasında ən iri fiqurlardan hesab edilən Ziya Məmmədovun vəzifəsini itirməsi hakimiyyət komandasında dəyişikliklərin anonsu sayıla bilər. “Təsadüfi deyil ki, bu günlərdə “Azal”ın rəhbəri Cahangir Əsgərovun işdən çıxarıldığı barədə məlumat yayıldı. Bu məlumat təsdiqini tapmasa da, yayılması təsadüfi deyildir. “Azal” Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumdur. Sadəcə Cahangir Əsgərov Ziya Məmmədovla hesablaşmadığına görə, kollegiya iclaslarına qatılmır, “Azalı” müstəqil qurum kimi idarə edirdi. Artıq Nəqliyyat Nazirliyi yoxdur. Bu qurumun səlahiyyətləri Yüksək Texnologiyalar Nazirliyinə verilib. Tamamilə mümkündür ki, “Azal” hüquqi cəhətdən də müstəqillik əldə etsin və yaxud özəlləşdirilməyə çıxarılsın. Hər iki halda Cahangir Əsgərov oyundan kənar vəziyyətdə qala bilər. Yeri gəlmişkən, son vaxtlar Cahangir Əsgərovun fəaliyyəti barədə mediada tənqidlərin sayının artması da hakimiyyətin zirvəsini narahat etməyə başlayıb”,- deyə ekspertlər bildirib.

Bəzi iddialara görə, “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun da karyerasına son qoyula bilər.
Onsuz da “Azərenerji” ASC-nin səlahiyyətlərinin əhəmiyyətli hissəsi “Azərişıq”ASC-yə verilib. Maliyyə böhranının dərinləşdiyi bir vaxtda demək olar ki, bir-birinin təkrarlayan qurumların saxlanılacağı inandırıcı görünmür.
“Azərsu” ASC-yə gəlincə, belə iddialar səsləndirilir ki, sözügedən qurumun rəhbəri Qorxmaz Hüseynovun fəaliyyətindən ciddi narazılıqlar var, bu baxımdan onun əvəzlənməsi düşünülür.
Cia.az